Kültür-sənət Orxan Vəliyev Xəbərlər

Amerika səyahəti – 2

Klivlend: “Rokun vətəni”

ABŞ səfərinin ikinci məkanı Ohayo ştatı, Klivlend şəhəri oldu. Proqram çərçivəsində 21–25 fevral tarixlərində Klivlend şəhərində olduq. Böyük Göllər bölgəsində yerləşən Klivlend rok musiqisinin vətəni olaraq da bilinir. Ohayo ştatı Kanada sərhədinə yaxın Böyük Göllər ətrafında yerləşən orta səviyyəli bir ştatdır. Yəni Klivlendi Boston, Çikaqo, San-Fransisko kimi şəhərlərlə müqayisə etdikdə əldə olunan nəticə bunu deməyə əsas verir. Bununla belə, şəhərin gözəl təbiəti, universitetləri və tibb sahəsində dünyada bilinən göstəriciləri var. Növbə ilə Klivlend təəssüratlarımı yazmağa çalışacam.

Vaşinqtondan fərqli olaraq Klivlend nisbətən daha ucuz (vergi) idi. Digər tərəfdən yenə Vaşinqtondan fərqli olaraq Klivlenddə ziyarət etdiyimiz qurumlarda daha çox qonaqpərvərlik gördüyümüzü deməliyəm. Proqram çərçivəsində aşağıdakı qurumlarda görüşlər təşkil olunmuşdu:

  • Klivlend Şurası;
  • Keys Qərbi Rezerv Universiteti (Case Western Reserve University) “Think [Box] & Launchnet”;
  • Beynəlxalq Strateji Analiz (ISA) mərkəzi;
  • Klivlend Portu;
  • Klivlendin Federal Rezerv Bankı;
  • Klivlend İncəsənət Muzeyi;
  • Şəbəkələşmə toplantısı.

Qurumlar arasında mənim üçün ikisi xüsusi olaraq yadda qaldı. Birincisi, xüsusilə tədqiqat sahəsində dünyada özünəməxsus yeri olduğunu öyrəndiyimiz Keys Qərbi Rezerv Universitetinə olan səfərimiz çox faydalı oldu. İkincisi isə Klivlend Kent Universitetində doktorantura təhsili alan həmyerlimiz Cavad bəylə görüşməyimiz oldu.

26 fevral günü gəldiyimiz Klivlenddə ilk dəfə ciddi soyuqla qarşılaşdıq. Buna baxmayaraq rahat şəkildə otelə gəlib yerləşdik. İlk andan etibarən paytaxtda deyil, bir əyalət şəhərində olduğumuzu anlamaq mümkün idi. Bununla belə, özünəməxsus tarixi olan Klivlend şəhərindəki səfərimizin maraqlı keçəcəyi bəlli idi.

Şəhərlə ilkin tanışlığa rok muzeyi ilə başladıq. Məlumdur ki, Klivlend dünyada rokun doğuş məkanı olub və məşhur Elvis Presli ilk konsertini də məhz Klivlenddə verib.

Keys Qərbi Rezerv Universiteti

Yuxarıda qeyd etdiyim kimi, əsas və maraqlı səfərlərimizdən biri məhz Keys Qərbi Rezerv Universitetinə (Case Western Reserve University) olan ziyarətimiz idi. Universitetin ilki 1907-ci ildə olmaqla fizika, psixologiya, kimya, iqtisadiyyat elm sahələrində 16 Nobel laureatı var. Beləliklə, universitet orta səviyyəli əyalətin yenə orta səviyyəli bir şəhər universiteti olmasına baxmayaraq, ciddi nəticələrə sahibdir. Özəl tədqiqat universiteti olan (private research university) Keys Qərbi Rezerv 1967-ci ildə 1826-cı ildə qurulan Protestanlığa mənsub Presbyterian Kilsəsi (Presbyterian Church) tərəfindən qurulan Qərbi Rezerv (Western Reserve) Universiteti ilə 1880-ci ildə qurulan Keys Texnologiya İnstitutu (the Case Institute of Technology) arasında birləşmə nəticəsində federasiya olunmuşdur.

Universitetə səfərimiz innovasiya mərkəzində baş tutdu. Professor Mixael Qoldberqin (Michael Goldberg) rəhbərliyində innovasiya mərkəzi haqqında mühazirə dinləməklə yanaşı, laboratoriyalarını da görmək fürsətimiz oldu. Hər şeydən əvvəl mərkəz San Fransiskonun Silikon vadisi ilə yanaşı, Klivlendi cazibə mərkəzinə çevirməyi planlayır. Bu məqsədlə daha çox mütəşəbbislik (entrepreneurship) fikrinə inanırlar. Tədqiqata da əhəmiyyət verən mərkəz ildə bu məqsədlə 600 milyon ABŞ dolları məbləğində büdcə ayırırlar. Altı mərtəbədən ibarət olan mərkəzin hər mərtəbəsi və orada görülən işlər, hər mərtəbənin funksiyası aşağıdakı kimi müəyyən edilib:

  • İcma (community);
  • Əməkdaşlıq (collaboration);
  • Prototipləmə (Prototyping);
  • İstehsal/Hazırlama (Fabrication);
  • Layihə məkanı (Project Space);
  • Mütəşəbbislik (Entrepreneurship).

Professor Qoldberqin qısa mühazirəsindən sonra bütün mərtəbələr və orada görülən işlərlə tanış olmaq fürsətimiz oldu. Əvvəla onu qeyd edim ki, laboratoriyalarda yeni təhsil texnoloji istehsal prosesinə dair təşəbbüslərin reallaşdırılmasına şahidlik etdik. Müxtəlif millətlərdən olan tələbələrdən mütəşəkkil mərkəzdə tələbələrin innovativ fikirlərini reallaşdırmaq üçün bütün imkanlar təmin olunmuşdu. Bundan əlavə tələbələrin dünyada da tanınan professora adı ilə müraciət etməkləri və professorun son dərəcə sərbəst olması diqqətdən qaçmadı.

Professor Qoldberq ABŞ-da ikinci olan Klivlend Fondundan da bəhs etdi.

Kent Dövlət Universiteti

Səfərimiz çərçivəsində həm Vaşinqtonda, həm də Klivlend şəhərində azərbaycanlı dostların olması səfəri mənim üçün digərləri ilə müqayisədə daha maraqlı etdi. Klivlend şəhərində həmsöhbətim uzun müddətdir ki, internet vasitəsilə bir-birimizin tədqiqatlarını izlədiyimiz, bəzən onlayn görüş təşkil etdiyimiz Cavad bəy Xəlilzadə oldu. Cavad bəy Ohayo ştatının Kent şəhərində eyniadlı Kent Dövlət Universiteti Siyasi elmlər kafedrasında doktorantura təhsili alır. Cavad bəy sayəsində Klivlenddən xeyli uzaqlıqda yerləşən Kent şəhərinin eyniadlı dövlət universitetinin kampusunu gəzmək fürsətim oldu. İlk olaraq Siyasi elmlər kafedrasını gəzdim. Universitet fiziki imkanlarının da əlverişliliyi ilə yerli və əcnəbi doktorantlara belə çalışmaq üçün otaq təmin edib. Digər tərəfdən nə universitet kampusuna girişdə, nə kafedra, nə də kitabxanaya daxil olanda mühafizə müdaxiləsi ilə qarşılaşmadıq. Universitetin kitabxanasını da gəzmək fürsətim oldu. Kitabxana Türkiyədə görməyə öyrəşdiyim kimi, sadəcə kitablardan ibarət deyildi. Orada həm kafelər var idi, həm də universitet markalı məhsulların satıldığı mağaza. Azərbaycanda oxşar kitabxananı ADA universitetində görmək mümkündür.

Kent Dövlət Universiteti, Siyasi elmlər departamenti.

Səfər çərçivəsində olduğu kimi Klivlend görüşlərində də “Rusiya” və “İran” müzakirə mövzuları arasında ön sırada idi. Klivlenddə ikən İranda baş verəcək hadisədən isə xəbərsiz şəkildə müzakirələrimizə davam edirdik.

Səfərin son günü yenə “IVLP” proqramı ilə başqa bir mövzuda Klivlenddə olan Moldova heyətinin də daxil olduğu geniş bir qrupla şəbəkələşmə toplantısında iştirak etdik. Qaqauziyadan olan xanım iştirakçı məni və Türkiyədən olan iştirakçını görəndə hər kəsə “qardaşlarım” deyə tanıtmağa başladı. Bizi görən Qaqauz xanım ingilis dili bilməməyinə baxmayaraq, bir anda proqramın ən qürurlu iştirakçısına çevrildi.

Beləliklə, Klivlend səfərimiz də başa çatmış oldu.

Keys Qərbi Rezerv Universitetinin laboratoriyasında.

Şəkil proqram əlaqələndiricisi [liaison] Vendi tərəfindən çəkilib.

Klivend şəhər mərkəzi.

Klivlend Sahil Güvənliyinə dair seminardan.

Şəkil proqram əlaqələndiricisi [liaison] Vendi tərəfindən çəkilib.

Keys Qərbi Rezerv Universiteti.

Klivlend şəhər mərkəzi


Şəbəkələşmə görüşü.

Şəkil proqram əlaqələndiricisi [liaison] Vendi tərəfindən çəkilib.


Klivlend Portu.

Şəkil proqram əlaqələndiricisi [liaison] Vendi tərəfindən çəkilib.

Kent Dövlət Universiteti, həmin universitetdə doktorantura təhsili alan Cavad bəy və Şimali Karolina Universitetində doktorantura təhsili alan Toğrul bəy.

Kent Dövlət Universiteti.

Klivlend, Xokkey oyunundan.
Şəkil alman iştirakçı Nikol tərəfindən çəkilib.

Klivlend Federal Rezerv Bankı.

Şəkil proqram əlaqələndiricisi [liaison] Vendi tərəfindən çəkilib.