Xəbərlər

Ankarada “Kültür Yolu” Festivalının açılışı Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub

Türkiyənin paytaxtı Ankarada keçirilən “Kültür Yolu” Festivalının açılışı dahi Azərbaycan bəstəkarı, ölkəmizin professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub. Bu münasibətlə CSO Ada Ankara Ana Salonunda “İki dövlət – bir səhnə: Qardaş nəğmələr” adlı möhtəşəm konsert proqramı təqdim edilib.

“Füyuzat” xəbər verir ki, konsert Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Bale Baş Müdirliyinin birgə layihəsi çərçivəsində iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunub.

18 Sentyabr – Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum günü münasibətilə keçirilən konsert proqramı Azərbaycanın və Türkiyənin tanınmış opera sənətçilərini eyni səhnədə bir araya gətirib.

Tədbiri Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, ölkəmizin Türkiyədəki səfiri Rəşad Aslanov, hər iki ölkənin dövlət və hökumət qurumlarının nümayəndələri, Türkiyədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan azərbaycanlılar, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, çoxsaylı musiqisevərlər izləyiblər.

Konsertdən əvvəl Üzeyir Hacıbəylinin həyat və yaradıcılıq yolu haqqında məlumat verilib. Bildirilib ki, dahi bəstəkar müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisidir. Onun zəngin yaradıcılığının yalnız Azərbaycan musiqisinin deyil, bütövlükdə Türk dünyasının musiqi mədəniyyətinin inkişafına mühüm təsir göstərdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, Üzeyir Hacıbəyli milli musiqi ənənələrini Avropa klassik musiqisinin forma və janrları ilə yüksək peşəkarlıqla birləşdirərək yeni yaradıcılıq məktəbi formalaşdırıb.

Konsert Azərbaycanın Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Ankara Dövlət Opera və Balet Orkestri və Xorunun, eləcə də Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri Mara Hüseynova, Mahir Tağızade, Mehmet Yılmaz, Şenol Tanınlı, Ezgi Karakaya və Tar ifaçısı Mirnöfəl Hüseynovun iştirakı ilə təqdim olunub.

Proqramda Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən seçilmiş əsərlərlə yanaşı, Azərbaycan və Türkiyə bəstəkarlarının müxtəlif musiqi nümunələri, opera əsərlərindən parçalar və hər iki xalqın ortaq mənəvi-mədəni dünyasını əks etdirən kompozisiyalar səsləndirilib.

Azərbaycan və Türkiyə sənətçilərinin birgə çıxışları iki qardaş ölkənin musiqi mədəniyyətləri arasındakı yaxınlığı, ortaq duyğu və estetik dəyərləri parlaq şəkildə nümayiş etdirib. Peşəkar səhnə tərtibatı, zəngin repertuar və ifaçıların yüksək sənətkarlığı konsertə xüsusi rəng qatıb.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.