Xəbərlər

ARKA 2027-ci il üçün dövlət sifarişi ilə film layihələri müsabiqəsi elan edib

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2027-ci il üzrə dövlət sifarişi ilə istehsal ediləcək film layihələri üçün müsabiqə elan edib.

“Füyuzat” xəbər verir ki, müraciətlərin qəbuluna noyabrın 2-dən başlanılacaq.

Müsabiqə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və təbliğinə, vətənpərvərlik ruhunun formalaşmasına təsir göstərən, milli kimliyi bədii təsirli forma və nümunəvi obrazlarla nümayiş etdirən filmlərin istehsalının maliyyələşdirilməsi, habelə kino sənayesinin nümayəndələrinin dəstəklənməsi məqsədilə həyata keçirilir.

Seçimdə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər kommersiya hüquqi şəxslər tərəfindən təqdim edilən tammetrajlı bədii film layihələri iştirak edə bilər. Təqdim olunacaq layihələr məşhur xadimlərin həyatı, tariximiz, nağıl və dastanlarımızın motivləri, mədəni irsimiz, Azərbaycan tarixində iz qoyan qadınlar, Vətən müharibəsi, ailə dəyərləri və demoqrafik problemlərlə bağlı mövzuları əhatə etməlidir.

Həmçinin uşaq filmləri və musiqili janrda ekran əsərləri də müsabiqəyə təqdim oluna bilər.

Müsabiqənin reqlamenti ilə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.