Qatar getdi biryolluq,
Hörümçək toru bağlamış gözlərin filmi bitdi.
Yazın ölüsünün suyu qurudu yaş budağın sınığında,
o budaqdan geriyə qayıda bilməyən qarışqaya
tanrısı qanad verdi dan üzü: “Hər şeyin çarəsi Ondadı…”
İllər tərpənincə
yandırılmış təzək qoxusu vurdu
atları öldürülmüş keçmişin nəfəsindən.
Səsiylə qaranlığı doğraya-doğraya getdi qatar,
Öz-özünə pozuldu
alnını vaqonun şüşəsinə söykəmiş uşağın
üzündən oxunan güləbətin yazı.
Qatar getdi,
Ağlamsınan qızın gözündən düşüb
çilik-çilik olan şəhərin
tozunu vağzalda burum–burum ciyərlərinə çəkdi
hər şeydən xəbərsiz miskin adamlar.
Qatar getdi, getdi, getdi…
Gözünün gördüyü, ağlının kəsdiyi heç nə
içinin tutumuna hesablanmayıb adamın –
bu məntiq cücərdi hər şeydə.
İndi sən sübut elə ki,
Doğrudan da qədərin yükünə hesablanıb
çiyninin körpücük sümükləri.
Sübut elə ki,
Sən Onu özünə hesablaya bilmədiyin kimi
səni Özünə hesablayıb O.
Bitdi hörümçək toru bağlamış gözlərin filmi,
Qatarlar gedəndə yaxşı ki geriyə baxmır.
İndi neyləyirsən kim olduğumu?
Tutaq ki, bu şəhərdə bir şam ağacıyam,
Sibir ormanlarından gətirilmiş bir qocaman şam.
Qumrular yuva bağlamış qəribliyimdə deyək,
Nə dəyişəcək bununla?
Düzdü, şam budaqlarının yaşıl iynələrinə
toxunan fəsillər
sabun köpüyündən başqa bir şey deyil əsla.
Amma gərək unudulmasın,
Yarpaqları həmişə yaşıl olsa da.
Şam ağacları kökləriylə yaşayırlar zamanı,
Gövdələriylə qocalırlar duyulmadan.
Bitdi hörümçək toru bağlamış gözlərin filmi,
Qatarlar gedəndə geriyə baxmır.
Yaxşı ki qanrılıb baxa bilmirlər.
Amma bir gün qayıda bilirlər hökmən,
Filmin sonu əvəzinə
ekrana bir stalker ölüsü qayıdırmış kimi.



