Avstraliya hökuməti dövlət qulluqçularına Çinin DeepSeek çatbotundan istifadə etməyi qadağan edib və məmurlara proqramı hökumət tərəfindən verilən bütün cihazlardan silməyi əmr edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə SBS telekanalı məlumat yayıb.
Qadağa çərşənbə axşamı yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 15:30) qüvvəyə minib. Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş göndərilib. Qərar Avstraliya kəşfiyyat agentliklərinin iddiaları ilə əsaslandırılıb. Kəşfiyyat agentlikləri iddia edib ki, “DeepSeek” hökumət texnologiyaları üçün qəbuledilməz risklər ehtiva edir.
“Süni intellekt böyük potensiala və imkana malik texnologiyadır. Lakin bizim xidmətlərimiz milli təhlükəsizlik üçün risk müəyyən etdikdə hökumət gecikmədən hərəkətə keçəcək”, – deyə kanal daxili işlər naziri Toni Burkdan sitat gətirib.
Burk vurğulayıb ki, ölkə rəhbərliyi bu kimi məsələlərdə məhsulun hansı ölkədən olması ilə maraqlanmır, yalnız ölkəyə və onun əmlakına qarşı riskləri rəhbər tutur.
Oxşar qərarlar digər Qərb ölkələrinin hakimiyyət orqanları tərəfindən də qəbul edilir. Xüsusilə İtaliyada sözügedən çatbot tamamilə bloklanıb, ABŞ-da konqresmenlərə ondan istifadə qadağan edilib, Yaponiyada hakimiyyət orqanları məmurlara tətbiqdən istifadə etməməyi tövsiyə ediblər.