Xəbərlər

Avstraliya İrana qarşı sanksiyalar elan edib

Avstraliya pilotsuz təyyarələrin və ballistik raketlərin istehsalı ilə məşğul olan iranlı şəxslərə və şirkətlərə qarşı məqsədyönlü sanksiyalar tətbiq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.

“Avstraliya hökuməti yüksək rütbəli İran rəsmiləri və iş adamlarına, eləcə də raketlərin və pilotsuz uçuş aparatlarının hazırlanmasına töhfə verən şirkətlərə qarşı sanksiyalar tətbiq edir”, – Vonq bildirib.

Xarici İşlər Nazirliyinin rəhbəri aydınlaşdırıb ki, sanksiya siyahısına İslam Respublikasının müdafiə naziri Məhəmməd Rza Aştiani, İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlılarının komandiri general-mayor İsmayıl Qaani, İran Silahlı Qüvvələrinin Baş Qərargahının “Xatəmül-Ənbiya” mərkəzi qərargahının komandanı, general-leytenant Qulam Əli Rəşid, İran ordusu komandanının müşaviri və keçmiş müdafiə naziri Əmir Hatəmi və İranın Dövlət Təyyarə İstehsalı Korporasiyasının İran Təyyarə İstehsal Sənayesi Bölməsinin (HESA) rəhbəri Mehdi Qoqherdçyan daxildir.

Avstraliya bu günə qədər 90 İran vətəndaşını və 100-ə yaxın təşkilat və müəssisəni sanksiya siyahısına əlavə edib.