Xəbərlər

Ayşegül Dedenin uşaq kitablarının təqdimatı keçirilib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində türkiyəli yazıçı Ayşegül Dedenin “MİMTA Yayımları” tərəfindən nəşr olunan uşaq kitablarının təqdimatı keçirilib.

“Füyuzat” xəbər verir ki, təqdimatda müəllif uşaqları kitaba cəlb etməyin yollarından danışıb. O, valideynlərin özlərinin də kitab oxumasının, kitabları uşaqların görə biləcəyi yerlərdə saxlamasının və onları kitabxanaya aparmasının vacibliyini vurğulayıb. Yazıçı qeyd edib ki, uşaqlar kitabın ruhunu və gözəlliyini hiss etməli, onunla tanış olmağa həvəslə yanaşmalıdırlar.

Ayşegül Dede təqdim olunan kitablardan birinin yaranma hekayəsini də bölüşüb. O bildirib ki, əsər xəstə şagirdinin xəstəxanada olduğu dövrdə ona dediyi “Qapını qır, çölə” ifadəsi ilə bağlı yaranıb. Yazıçının sözlərinə görə, kitab xəstə uşaqlara, eləcə də anaları ilə birlikdə həbsxanada olan uşaqlara həsr edilib.

Müəllif uşaqları kitaba yaxınlaşdırmaq üçün valideynlərin düzgün yanaşmasının əhəmiyyətini qeyd edib. O, hər kitabın üz qabığını bir qapıya bənzədərək həmin qapını açmaq üçün açara ehtiyac olduğunu bildirib və uşaqlarda mütaliə sevgisinin yaradılmasında düzgün yanaşmanın rolunu vurğulayıb.

Sonda müəllifin imza saatı keçirilib və xatirə fotoları çəkilib.