Xəbərlər

Tələbələrin XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təəsüratları

“FÜYUZAT tv” Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tələbələrin sərgi ilə bağlı təəssüratlarını öyrənib.

“Fuyuzat.az” saytı olaraq həmin fikirləri diqqətinizə çatdırırıq:

Sərgi iştirakçısı, tələbə Zəhra Həzizadə:

“Bu gün sərgidə müxtəlif stendlərə baş çəkərək hər nəşriyyatın öz kitabları haqqında çox gözəl məlumatlar aldım. Xüsusilə “MİMTA Yayımları” bizə öz nəşrləri haqqında çox ətraflı məlumat verdi. Jurnallarından da aldıq və faydalandıq. Düşünürəm ki, hər kəs gəlib bu sərgidən faydalanmalıdır”.

Sərgi iştirakçısı, tələbə Aydan Quliyeva:

“Keçən il olduğu kimi, yenə bu sərgidə iştirak etmək mənim üçün qürurvericidir. Düşünürəm ki, ölkəmizdə bu cür tədbirlər və sərgilər gənclərin inkişafı, həmçinin oxucu kütləsinin artırılması üçün daha çox təşkil olunmalıdır. Çoxlu sayda kitab almışam. Özüm də kitabsevər biriyəm və düşünürəm ki, mənim üçün ən sevdiyim yazıçı yox, ən sevdiyim kitablar önəmlidir. Yəni burada yazıçı fərqi qoymuram, bütün kitablar mənim üçün dəyərli və əzizdir”.

Sərgi iştirakçısı, tələbə Rəşad Hüseynov:

“Kitab sərgisi çox gözəl təşkil olunub. Hər nəşriyyatda endirimli kitablar var və kitabsevərlər gəlib bu fürsətdən yararlanmalıdırlar”.

Sərgi iştirakçısı, tələbə Nəzrin Teymurzadə:

“Bura gələrkən ilk öncə öz universitetimizin stendinə yaxınlaşmaq, daha sonra isə maraqlandığım digər kitablara baxmaq istəyirdim. Həm universitetimizin stendində, həm də digər stendlərdə həqiqətən çox bəyəndiyim və maraqla oxumağa can atdığım kitablar gördüm. Daha sonra Natiq Məmmədlinin yeni kitabının təqdimatında iştirak etdim və çıxışındakı fikirlərdən çox təsirlənərək həmin kitabı əldə etdim. ‘Biz, onlar və bizim dağlar’ kitabını hər kəsə oxumağı tövsiyə edirəm. Həmçinin “MİMTA Yayımları”ndan da kitablar əldə etdim. O qədər maraqlı nəşrlər var idi ki, insan baxdıqca hansını seçəcəyini bilmir”.

Qeyd edək ki, sabah XII Bakı Beynəlxalq Kitab Sərgisinin son günüdür.