Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yunanıstanın Azərbaycandakı səfiri Mariya Papakonstantinu arasında görüş keçirilib.
“Füyuzat” xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
Tərəflər qarşılıqlı turist axınının dinamikasını sürətləndirmək üçün nəqliyyat əlçatanlığının artırılmasının vacibliyini vurğulayıblar. Hazırda Bakıdan Yunanıstanın Krit adasına çarter reyslərinin uğurla həyata keçirildiyi qeyd olunaraq, gələcəkdə iki ölkə arasında birbaşa və müntəzəm uçuşların bərpa edilməsinin turizm əlaqələrinin genişlənməsinə böyük töhfə verəcəyi bildirilib.
Görüşün yekununda Azərbaycan və Yunanıstanın turizm potensialının qarşılıqlı tanıdılması məqsədilə ikitərəfli təbliğat işlərinin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.



