Xəbərlər

Azərbaycan, İran və Rusiya yükdaşıma sahəsində əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan, İran və Rusiya nümayəndələrinin avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə üçtərəfli görüşü keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.

Məlumata görə, görüşdə hər üç tərəfdən avtomobil nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətləri Azərbaycanın Astara, Xanoba, İranın Astara və Rusiyanın Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər ediblər.

Tərəflər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydası ilə tanış olublar.

Azərbaycan tərəfində yaradılan infrastruktur mövcud şəraitdə istənilən avtomobil axını üçün buraxılış imkanı təmin edə bilir. Daha sonra Dərbənd şəhərində keçirilən görüşdə nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması istiqamətində tədbirlər, beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya daşıyıcılarının payının artırılması və digər məsələlər müzakirə edilib.

Görüş zamanı Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan, İran və Rusiyanın tranzit potensialından tam həcmdə istifadəsi və Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.