Milli Məclis süni intellektdən istifadə etməklə hazırlanmış qanunsuz materialların hazırlanması və yayılması ilə bağlı cərimə və cəzaları birinci oxunuşda təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında Cinayət və Cinayət-Prosessual məcəllələrinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişikliklər layihələri müzakirə olunub.
Layihəyə əsasən, süni intellekt texnologiyalarından istifadə etməklə reallığı əks etdirməyən fotoşəkillərin, videoların və ya audio materialların hazırlanması, şəxsin razılığı olmadan onun təsvirindən və ya səsindən istifadə edilməsi, eləcə də onların kütləvi informasiya vasitələrində, kütləvi yayılma halında isə internet resurslarında və informasiya-telekommunikasiya şəbəkələrində yayılması 3000 manatdan 7000 manatadək miqdarda cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sənədə əsasən, eyni əməllər bir qrup şəxs tərəfindən və ya əvvəlcədən sui-qəsd yolu ilə iki və ya daha çox şəxsə qarşı, onların şərəf və ləyaqətini ləkələmək və ya nüfuzuna xələl gətirmək məqsədi ilə, eləcə də zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarına qarşı xidməti vəzifələrini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan əlavə, süni intellekt texnologiyalarından istifadə edərək şəxsin razılığı olmadan onun şəkli və ya səsindən istifadə edərək cinsi xarakterli foto, video və ya audio materialların hazırlanmasına, eləcə də onların mediada, kütləvi yayılma halında isə internet resurslarında və informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilməsi təklif olunur.
Qeyd olunur ki, süni intellekt texnologiyalarından istifadə etməklə yaradılan foto, video və ya audio materiallar geniş miqyasda yayıldıqda, onların süni mənşəyini göstərən aydın və asanlıqla görünən işarələrlə müşayiət olunmalıdır.
Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edildi.



