Sufi üçün zaman və məkan anlayışı tam olaraq nisbidir. O, ruh məhsulu (sufi dediyin maddidən uzaq olar) olaraq birbaşa zaman və məkanın o tayında olan metafizik dünya ilə məşğul olar. “Divarın o tayında”kı həyat əsl sufi yaşam tərzidir. Yazı üçün, demək olar ki, orta əsrlərin əksər sufilərini obyekt seçmək olardı. İstər Azərbaycanda, istərsə də Anadoluda, Bəlx, Xorasan, Bağdadda… Fərq etməz, harada olursa olsun, az qala hər bir övliyanın möcüzəsi və həmin möcüzənin onun ölümündən sonra da yaşanmasına aid dəlillər gətirmək olar. Amma bilərəkdən zamanın ayrı-ayrı nöqtələrində, yəni XI və XIX əsrlərdə yaşamış iki Azərbaycan sufisindən, daha doğrusu, onların məzarlarından bəhs etməyimizin bir səbəbi var: zaman və məkan anlayışlarını alt-üst edən, estafet kimi bir sufidən o biri sufiyə keçən energetik əlaqə – Ali Ruh nişanəsi…
XI əsrdə yaşayan Baba Kuhi Bakuvidən XIX əsrin sufi şairi Seyid Nigariyə estafet olaraq ötürülən ruh… Yazının da əsas məqsədi bu RUHun dövriliyini göstərməkdir… Məzarlar isə, bəlkə də, bir bəhanədir. Keçək mətləbə:
İlk olaraq haqqında danışacağımız şəxsin bioqrafiyası hər zaman mübahisə doğurub. Bu şəxs X–XI əsrlərdə yaşamış görkəmli sufi şairi, dövrünün elm xadimi Baba Kuhi Bakuvidir. O, bu günümüzdə də sirli bir övliya sayılır. Guşənişin halda məskunlaşdığı dağda qəbri uzun müddət ziyarət obyekti olub.
Elmi tədqiqatlarda da gizli qutu kimi qalan Kuhi tam dərindən araşdırılmayıb. Azərbaycan alimlərindən Solmaz Rzaquluzadə, Zakir Məmmədov, Məsiağa Məhəmmədi, Sənan İbrahimov onun barəsində araşdırmalar aparıblar.
Sənə çatanda bildim,
Sənə gedən Yolam mən…
X əsrin sonlarında Baba Kuhi özünü təkmilləşdirmək və təsəvvüfün sirlərinə vaqif olmaq üçün Nişapura yol alır. Çünki X əsrin sufizm mərkəzi məhz ora idi. Orta əsr alimi Ənsarinin dediyinə əsasən, Baba Kuhi Nişapura varınca fasilələrlə bəzi şəhərlərdə məskunlaşır, oranın elmi, mənəvi aurası və bir sıra dəyərli alimlərlə görüş onun həyatına da təsir edir. Bu ərəfələrdə o hətta otuz minə yaxın hədis toplayır. Əvvəlcə Şiraza gəlir və orada Şərqin böyük alimi, yəni “Şeyx Kəbir”i adlanan Hafifi ilə tanış olur. Bu tanışlıq ona əşərilik cərəyanını sevdirir. Sonra Bağdada, daha sonra isə Nişapura gedir. Amma o heç yerdə qərar tuta bilmir. Bir dərviş kimi öz missiyasında çox maraqlı olan Baba Kuhi sufizmin sirlərinə vaqif olmaqdan ötrü dövrün böyük alimlərinin – Quşeyrinin, Xereqaninin, Sərracinin, Əbu Yəzdinin cəm olduğu Nişapurda o biri şəhərlərə nisbətən xeyli müddət qalır. Amma yenə də bu uzun və mürəkkəb eşq yolunda könlünü tam olaraq işıqlandıra bilmir. Könlünün hürr, ruhunun quş misalı olmasına çalışan Baba Kuhi dövrünün beyin mərkəzini də tərk edir.
Böyük şərqşünas Bertels də öz əsərində belə qeyd edir: “Kuhi ora sufizmin möcüzələrini öyrənməyə getmişdi. Amma buna nail olmadığı üçün bədbinlik içində oranı tərk edir”.
Nişapuru tərk edən zaman Baba Bakuvinin nə az, nə çox, düz 97 yaşı olur. Amma o, yenə də uzun həqiqət yolçuluğundan usanmır. Sükunətə qapılmaq, yalnız Allahla ünsiyyətdə olmaq istəyir. Odur ki, səssiz-səmirsiz insanları tərk edir və Şiraz yaxınlığında bir dağa çəkilir. 20 il guşənişin ömür sürür. Məskunlaşdığı dağı da könlündəki İlahi nura bürüyür. 117 yaşında vəfat edir və həmin dağda dəfn olunur. Məzarı ilə öz mənəvi təcəssümünü məskunlaşdığı dağa aşılaya bilir.
Beləcə, insanda cəm alan işıq dağı müqəddəsləşdirir. İnsanlar onun məzarına müqəddəs yer kimi baxır. Özü ölür və işığını dağda qoyub gedir. İnsan bax beləcə dağa dönərək əbədi olaraq bəşəriyətin xidmətində dayanır. Ona görə də o, Kuhi (yəni, “dağ”) təxəllüsü ilə xatırlanırb və əfsanələşir. Rəvayətə görə, Şərqin böyük şairi Hafiz Şirazi gecə ikən o sufinin dağdakı qəbrini ziyarət edir və ondan sonra şairlik istedadı qazanır.
Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlir, öləndə isə onun yanında dəfn olunur.
Baba Kuhi əsərlərində gizli şifrlər
Kuhinin həm “Divan”da, həm də digər fəlsəfi mətnlərində dərin mənaya malik, orijinal fəlsəfi fikirlər, ilahi hikmətlər var. Bəzilərinə diqqət edək:
“Yoxdur ruhların mürəkkəbliyi, hamı bilir ki, onlar torpaqdan yaranıb. Kuhi ürəyini bədəninin təbindən siləndən sonra nəhəng bir dəryaya düşdü”.
Bu fikir vəhdəti-vücud fəlsəfi konsepsiyasının əsas müddəalarını özündə əks etdirir. Belə ki, vəhdəti-vücudda insan dəryadan ayrılan damlalar kimi ilahi vücuddan ayrılmış zərrələrdir düsturu bu nəzəriyyənin ana qayəsini əks etdirir. Kuhi də bunu çox gözəl vurğulayıb. Damcılar sonradan yenə dəryaya qayıdan kimi, insanlar da zərrə kimi yenidən öz əslinə qayıdır. Şair də onu vurğulayır: “Mən ruhumdan bədənimi yudum və böyük dəryaya düşdüm, həyat haqqındakı həqiqətləri dərk etdim”.
Başqa bir nümunə:
“Bir anda bütün əbədiyyətin sirri mənə açıldı, sirlər dünyasının qapısı üzümə açıldı. O, canımın qulağından yapışıb mənə başqa qədəh verdi, dedi: “Məni özündən və başqa adamlardan fərqləndir”. Dedi: “Kuhi, mən bütün adları, sifətləri, qurunu, yaşı, xeyri şəri nəyi görürəmsə, fərqləndirirəm”.
Burada isə o, həyatda bütün var olanların vəhdətdə olma məqamını açıqlayır. Həqiqətən də, bütün var olanlar vahid bir harmoniya altında hərəkətdədirlər.
Qarabağdan Amasyaya: Seyid Həmzə Nigari
XIX əsrdə yaşayan sufi-şair Türkiyənin Harput ərazisində vəfat etsə də, vəsiyyətinə əsasən, Amasyaya gətirilib və oğlunun yanında dəfn edilib. Daha sonralar isə onun məzarının yerləşdiyi yerdə türbə inşa olunub. Hazırda ora pir kimi ziyarət edilməkdədir. Amma simvolik olaraq sufi şeyxlərinin sonuncusu hesab olunan Seyid Həmzə Nigarini Qarabağ, Qazax, Ağsuda da xatırladacaq obyektlər, tikililər mövcuddur.
O, XVIII əsrin sonunda Qarabağın Cicimli kəndində dünyaya gəlib. Atası Mirpaşa Rüknəddin çar ərazisində islamın təbliğinə görə təxribat nəticəsində öldürülür. O vaxt gələcəyin sufi alimi cəmi 9 aylığında idi. Amma atasının üzləşdiyi tale gələcəkdə onu da izləyəcəkdi. Belə ki, Nigari Şeyx Şamilin başçılıq etdiyi dağ döyüşçü-müridlərinə vəsf etdiyi şeirlər və islamın təbliğinə görə doğma vətəndən uzaqlaşmalı olur. Müridləri onu Türkiyəyə yola salırlar. 1867-ci ildə müridlərinin yardımıyla Qarabağa gələn Seyid Həmzə orada hələ də təhlükə altında yaşayan ailəsini – yoldaşı Əminə xanımı və oğlu Siracəddini götürüb Amasyaya gətirərək burada yaşamağa başlayır. Amasyada nəqşibəndi təkyəsi quraraq insanları ətrafına toplayıb onları irşad edir.
Seyid Nigarinin sevimli oğlu və müridi olan Siracəddin 1875-ci ildə 22 yaşında Amasyada vərəmdən vəfat edir. Bu hadisə sufi şeyxinin bütün ruhunu sarsıdır. Şeirlərinin çoxunu da oğlu və Qarabağ barədə yazır. Çünki Amasyada böyük hörmət-izzət sahibi olanda belə onu bu iki həsrət – vətən və oğul həsrəti üzür. Odur ki, oğlundan 10 il sonra, yəni 1885-ci ilin yayında Harputda vəfat edərkən yeganə istəyi ya Qarabağda, ya da oğlunun yanında dəfn olunmaq olur. Onun Qarabağla bağlı vəsiyyəti mümkün olmur. Elə son anlarını yaşayan sufiyə bildirilir ki, Harputdan Qarabağa bir cənazəni aparmaq qeyri-mümkündür. Nigari həzrətləri ikinci dəfə xahiş edib ki, onda onu oğluyla qovuşdursunlar. Çünki onlar bəzi səbəblərdən Amasyadan Harputa sürgün olunmuşdu. Amasyada qazandığı nüfuz Osmanlını qorxuya saldığından oranı tərk edən sufi “oğlu”dan da uzaqlaşmışdı. Amma bu vəsiyyət yerinə yetirilir. Müridlər və yaxın qohumları yayın istisinə baxmayaraq, onu Amasyaya aparırlar. On günə yaxın yolda olmasına baxmayaraq, cənazəyə heç nə olmur. Hətta dəfn edən vaxtı görürlər ki, on gün yol gələn cənazə ətrafa xoş qoxular yayır. 1894-cü ildə Azərbaycandan gələn yardımların hesabına onun məzarının yerində Seyid Həmzənin əmisi oğlu Mir Həsən tərəfindən türbə və sonralar “Şirvanlı” adlanacaq məscid tikilir.
Sürgün olduğu bütün şəhərlərdə o özünü böyük övliya kimi tanıda bilir. Amma Nigari doğma Qarabağı heç vaxt unuda bilmir.
Yazının əvvəlinə qayıdaq. Baba Kuhidən Nigariyə dövr edən Ali Ruh zərrəsi, energetik dalğalar Azərbaycan ərazisində yaranıb və bir çox yerlərə yayılıb. Bu dalğalar indi də öz mənəvi aurası ilə hər tərəfi işıqlandırır. Bir neçə il bundan qabaq Nigarinin Amasyada olan türbəsini inşaat layihəsinə əsasən, sökmək istəyəndə bütün yerli sakinlər ayağa qalxdı. Bir azərbaycanlı xanım isə (səhv etmirəmsə, Nigar İsgəndərzadə) öz şəxsi vəsaiti hesabına həmin türbəni sahmana saldırdı. Xalq şairimiz Nəriman Həsənzadənin “Seyid Nigari türbəsi” adlı poemasının yaranması da bu əraziyə ziyarətindən sonra yaranmışdır.
Qeyd: Yazıda Zakir Məmmədovun “Azərbaycan fəlsəfəsi tarixi”, Sənan İbrahimovun “Klassik ədəbiyyatda vəhdəti-vücud” monoqrafiyalarından, Məsiağa Məhəmmədinin “Baba Kuhi Bakuvi. Həllacın həyatı və ölümü”, Zümrüd Quluzadənin “Azərbayacn fəlsəfəsinə dair” irihəcmli araşdırmalarından və Yaqub Əlioğlunun “Seyid Nigari” sənədli filmindən istifadə olunub.
Elmin NURİ