Mədinə Məcidli • Xəbərlər

Azərbaycan televiziya tarixinin yadda qalan verilişləri

Azərbaycan televiziyasının tarixi insanların yaddaşında iz qoyan verilişlər, tanınmış aparıcılar, musiqi proqramları və maarifləndirici layihələrlə də bağlıdır. 1956-cı il fevralın 14-də Azərbaycan Televiziyasının ilk yayımının həyata keçirilməsi ölkənin mədəniyyət və media tarixində mühüm hadisə oldu. Sonrakı illərdə televiziya ailələrin gündəlik həyatının bir hissəsinə çevrildi, insanların dünyagörüşünün formalaşmasına, milli musiqinin, ədəbiyyatın və incəsənətin təbliğinə böyük töhfə verdi. Azərbaycan televiziyasının yadda qalan verilişləri arasında xüsusilə musiqi, ədəbiyyat, uşaq yaradıcılığı, intellektual yarışlar və ictimai mövzulara həsr olunan proqramlar seçilir. Bu verilişlərin bir qismi öz dövründə böyük tamaşaçı auditoriyası qazanıb, digərləri isə sonrakı nəsillər üçün televiziya mədəniyyətinin nümunəsinə çevrilib.

TELETİME

2000-ci illərin ən yadda qalan əyləncə verilişlərindən biri idi. Azər Axşamın aparıcılığı ilə yayımlanan “Teletime” müxtəlif oyunlar, yarışmalar və əyləncəli rubrikaları ilə xüsusilə gənclərin sevimlisinə çevrilmişdi.

ZƏİF BƏND

Dünyaca məşhur “The Weakest Link” formatının Azərbaycan versiyası idi. İştirakçılar sualları cavablandırır, hər raundun sonunda isə komandanın “ən zəif bənd” hesab etdiyi iştirakçı oyundan kənarlaşdırılırdı.

MAŞIN ŞOU

Qaydası sadə idi: Əlini maşından çəkmə!

Məşhurlar avtomobilin ətrafında günlərlə mübarizə aparır, səsvermə və qarşıdurmalar nəticəsində iştirakçılar bir-bir oyundan çıxırdı. Sonda qalan iştirakçı avtomobili qazanırdı.

GÜNƏBAXAN

Səhər efirinin ən yadda qalan proqramlarından biri idi. Musiqi, qonaqlar, müsahibələr və gündəlik mövzularla “Günəbaxan” uzun müddət tamaşaçıların səhər proqramlarından biri olmuşdu.

DE GƏLSİN

Azərbaycan televiziyasının yadda qalan meyxana yarışmalarından biri idi. Meyxanaçılar müxtəlif mövzular üzrə bədahətən meyxana söyləyir, söz ustalığı və improvizasiya bacarıqlarını nümayiş etdirirdilər.

YENİ ULDUZ

Yeni səslərin axtarıldığı və gənc müğənnilərin böyük auditoriyanın qarşısına çıxdığı musiqi yarışması. İştirakçılar həftədən həftəyə yarışır, tamaşaçılar isə bəyəndiklərini dəstəkləyirdi.

Müəllif: Mədinə Məcidli