Azərbaycanlı gənclər mayın 12-13-də Stokolmda keçirilən Şərq Tərəfdaşlığı Gənclər Konfransı 2026-da iştirak ediblər. Bu dəfəki konfrans “Şərq Tərəfdaşlığı regionunda gənclərin vətəndaş məkanının genişləndirilməsi” mövzusuna həsr olunub.
İsveç Xarici İşlər Nazirliyində keçirilən görüşlərdə regionda sülhün və dayanıqlı inkişafın təmin olunmasında gənclərin rolu xüsusi vurğulanıb. İştirakçılar regional proseslərin və münaqişələrin gənclərin təhsil, eləcə də məşğulluq imkanlarına təsirlərini müzakirə ediblər.
Media savadlılığı və dezinformasiya ilə mübarizə də konfransın əsas mövzularından olub. Tədbir çərçivəsində xüsusilə rəqəmsal platformalarda yayılan dezinformasiya kampaniyalarına qarşı gənclərin müqavimətinin gücləndirilməsi və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanlı gənclər ölkəmizdəki könüllülük fəaliyyəti, gənclərin ictimai-mədəni həyatda iştirakçılığı, regional şəbəkələşmə imkanları barədə məlumat veriblər. “EU4Youth” layihəsinin nümayəndələri ilə keçirilən görüşlərdə isə gənclərimizin Avropa proqramlarından daha səmərəli yararlanması yolları müzakirə edilib.
Tədbirin ikinci günü gənclər İsveçin nüfuzlu gənclər mərkəzi olan “Fryshuset”i ziyarət edib, sosial sahibkarlıq və gənclərlə iş sahəsində beynəlxalq metodologiyalarla tanış olublar.
Konfrans Şərq Tərəfdaşlığı regionu gənclərinin şəbəkələşməsi və rəqəmsal çağırışlara qarşı birgə mübarizə strategiyalarının qurulması baxımından mühüm platforma olub.




