Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyi Ümumdünya Tatar Mətbəxi Gününü mədəni-maarif tədbiri ilə qeyd edib.
“Füyuzat” nümayəndəliyin verdiyi məlumata əsasən, tədbirin məqsədi tatar milli mədəni və kulinariya irsinin qorunması, inkişaf etdirilməsi və təbliği, mənəvi dəyərlərin gücləndirilməsi, millətlərarası mədəni qarşılıqlı əlaqənin təşviqidir.
Tədbir “Ak Kalfak” Tatar Qadınlar Cəmiyyəti və Bakı Təhsil və Mədəniyyət Mərkəzi “Kayum Nəsiri İnstitutu” tərəfindən təşkil olunub.
Tədbirdə tatar icmasının nümayəndələri, mədəniyyət xadimləri, yaradıcı qruplar, təhsil mərkəzinin tələbələri, tatar xalqının milli mədəniyyəti və adət-ənənələri ilə maraqlanan qonaqlar iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılara tatar milli mətbəxinin tarixi və ənənələrinə, onun milli kimliyin formalaşmasında və tatar xalqının mədəni dəyərlərinin qorunmasında əhəmiyyətinə həsr olunmuş tematik video nümayiş etdirilib.
İştirakçılar tatar yeməklərinin hazırlanması üzrə özlərini sınamaq imkanı əldə ediblər. Ustad dərsləri milli birlik və mədəni davamlılıq ab-havasının yaradılmasına töhfə verən şən tatar melodiyalarının ifası ilə müşayiət olunub.



