Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi. Buna müvafiq olaraq, Bakı şəhərsalma ilə bağlı qlobal bir foruma ev sahibliyi etdi. Ümumiyyətlə, Azərbaycan son dövrlərdə iri miqyaslı tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu qəbildən beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanın tanınmasında və etibarlılığının təminində strateji fürsətdir. Ancaq bu prosesdə diqqətə alınması gərəkən bəzi çağırışlar da ola bilər. Belə ki, əgər ölkə olaraq dəyər və qurumlarınızı yeniliklər qarşısında hazırlıqlı tutmağı bacarmasaq, gələn yeniliklər ölkəmizi sahib olduğumuz dəyərlərin əleyhində çevrilməyə məcbur edə bilər. Məkan üzərindəki hakimiyyətin, kimliyin ana ünsürlərindən biri olan şəhərsalma, memarlıq da bu qəbildəndir. Bu yazının mövzusu olan Bakı modern sənaye inqilabının, yaxud neft bumunun məhsuludur.
Modern Bakı son iki əsrin uzun bir hissəsini çar Rusiyası və sovet müstəmləkə və rejimləri altında keçirtmişdir. Beləliklə, kimlik inşası üçün strateji rolun şəhərin memarlığı da dəfələrlə dəyişdirilmişdir. Misal üçün, on doqquzuncu əsrdə salınan Bayır Şəhərin geniş məkanları sovetlər dövründə yenidən dizayn edilmişdir. Bu gün isə həmiş şəhərin söküntü məsələsi müzakirə edilir. Nəticədə, uzunmüddətli dövlət davamlılığı olmayan məkanlarda memarlıq da sabitlikdən, davamlılıqdan uzaq olur. Digər tərəfdən siyasi quruluşdakı dəyişikliklər (çarlıq, SSRİ, Müstəqillik) məkan üzərindəki memarlıq nümunələrinin (məbəd, yaşayış məskəni vs.) sosial-siyasi təyinatında dəyişikliyə səbəb ola bilir.
Şəhərsalma saf coğrafi bir hadisə olan məkanın sosial, iqtisadi və siyasi kimlik qazanması deməkdir. Bu yolla o məkanda məskən tutan xalq öz kültürünü, kimliyini təşkil edən ünsürləri memarlıq[1] vasitəsilə məkana nəqş edir. Beləliklə məkanda öz izlərini nəqş etmiş olur. Romada kolizey, Parisdə zəfər tağı, İstanbulda Süleymaniyə, Bakıda Zəfər Parkı müvafiq dövlətlərin, millətlərin məkan üzərindəki hakimiyyətini (zəfərini) təmsil edir. Misal üçün Süleymaniyyə olmadan İstanbulun türk şəhəri adlandırılması mümkün olmayacaqdır. Bu baxımdan şəhərlərdəki memarlıq estetikadan daha əvvəl siyasi bir mesajı ehtiva edir.
Lakin modern dövrün uzun on illiklərini məskən tutduğu məkanda siyasi hakimiyyətdən məhrum, kolonializm altında keçirən xalqlar üçün belə imkan olmamışdır. Daha doğrusu yarımçıq olmuşdur.[2] Memarlıq vasitəsilə müstəmləkəçi ölkələrin izləri müstəmləkə ölkərində qalmağa, onların kimliklərinə təsir etməyə davam edir.
Azərbaycan da belə bir təcrübədən bu günlərə gəlib çıxmışdır. Saf memarlıq fəaliyyətindən daha çox siyasətlə bağlı olan şəhərsalma iqtidarda olan siyasi ideologiyanın məkan vasitəsilə insan kimliyini və ideoloji davamlılığını mühafizə vasitəsidir. Misal üçün, ABŞ səfərim çərçivəsində (fevral–mart, 2026) amerikalı bir diplomat iştirakçılardan birinin (avropalı) sualına əsasən, Amerikanı gəzdikdə burada avropa izini (kimliyini) görəcəyimizi ifadə etmişdi. Ancaq daha uzağa getmədən elə paytaxt Vaşinqtonun memarlığına nəzər saldıqda qurucu babaların paytaxt şəhərsalmasını elə Avropadan gətirdikləri izlər əsasında inşa etdikləri məlum oldu.
Bu mənə türkiyəli fəlsəfə tarixçisi prof. İhsan Fazlıoğlunun “Yeri yurt yapmak: Hafıza ilə mekan ilişkisi üzerine” məqaləsini xatırlatdı. Prof. Fazlıoğluna görə yaddaşın məkanda təcəssümü memarlıq əsərləri ilə mümkün olur. Şəhər millətin yaxud həmin məkanda məskən tutmuş xalqın özünü (kimliyini) maddəyə işləməsi, məkana oyması kimi qələmə verilə bilər.[3] Azərbaycan kimi həm müstəmləkə təcrübəsi yaşamış həm də ikiyə bölünmüş bir xalq üçün memarlıq vasitəsilə yaddaşın davamlılığı, demək olar ki, on doqquz və on səkkizinci əsrlərdən geriyə getmir. Çünki xüsusilə Səfəvi dövrünə aid əsərlər, əsasən, Təbriz, Ərdəbil kimi şəhərlərdə qalmışdır. Digərləri isə çar və sovet dövründə məhv edilmişdir. Beləliklə, Azərbaycan üçün memarlıq vasitəsilə əldə ediləcək metafizik güvən, hüzur dərin keçmişlə o qədər də mümkün deyildir. Belə olan halda on doqquz və iyirminci əsrlərdə Bakıda inşa edilmiş əsərlərin mühafizəsi, zəfəri əks etdirən əsərlərin varlığı Bakıda metafizik dayanağın əsasını təşkil edəcəkdir. Bunun yanına Türk və İslam izlərin də əlavə edilməsi Bakıya yeni bir kimlik qazandıra bilər.
Azərbaycanın ilk modern şəhəri olan Bakı əvvəlcə çar dövründə fışqıran neft bumu vasitəsilə ilkin modern memarlıq nümunələri ilə tanış oldu. Bu memarlıq nümunələrinin əksəriyyəti neft maqnatlarının Avropada görüb inşa etdirdikləri əsərlərdən ibarətdir. Belə ki, bu əsərlərin inşası üçün Bakıya, əsasən, polyaklar olmaqla əcnəbi memarlar da dəvət edilmişdir. İlk modern dövlət olan Cümhuriyyət siyasi olaraq Bakıya xüsusi dəyər verdi. Özünü Bakı olmadan təsəvvür etməyə yanaşmadı.[4] Nəticədə Bakı azad olundu. Lakin özünü de-yure var edə bilməyən Cümhuriyyət öz Bakısını inşa edib planladığı yaddaşı məkana nəqş edə bilmədən işğala boyun əyib tarix oldu. Bakılı kimliyi bu mənada məhz Sovet dövrünün “xruşovka” yaşayış binalarından ibarət 70 illik dövründə formalaşan “Bakılı” kimliyinə büründü. Misal üçün sovet Bakısının ən yüksək və strateji məkanlarında “Kirov” (dağüstü park) və “Leninin” (hökumət evi) heykəlləri mövcud idi. Həmin abidələr sovet ideiologiyasının zəfərini də təmsil edirdi. Məlum modern şəhərdə kimlik sakinlərin hər gün görüş və eşitdikləri vasitəsilə konsolidasiya olunur.
Sovet dövrü Bakısındakı “milli memarlıq” və bu günün Bakısındakı milli memarlıq anlayışı arasında kəskin fərqlərin olması anlaşılandır. Müqayisə üçün bu günün Bakısının ən yüksək məkanında Şəhidlər Xiyabanı var və Kirovun heykəlini də şəhidlər üçün ucadılmış məşəl əvəz edir. Hökumət evində Leninin heykəlini isə Azərbaycan bayrağı əvəz etməkədir. Digər tərəfdən Zəfər parkı simvol və ornamamentləri ilə Azərbaycan türklərinin zəfərini, daha doğrusu, məkan üzərindəki hakimiyyətini, kültürünü, izini, yaddaşını ehtiva etməkdədir. Qısası, memarlıq saf estetik faəliyyətdən daha çox siyasi bir məsələdir.[5] Bu mənada sovet dövrü Bakı memarlığının, şəhərsalmasının da məhz Sovet ideologiyasının “dərinliyi” qədər olduğunu demək olar. Qaldı ki, Bakı Sovet üçün ucqar (frontier) olmuşdur. İmperiyalar, adətən, kimliklərini mərkəzlərdə formalaşdırarlar. Yəni ucqarlarda böyük memarlıq nümunələri çox da görmək mümkün olmur. Bu mənada neft bumu dövründə Azərabaycanlı maqnatlar tərəfindən inşa edilmiş memarlıq nümunələri bu gün Bakı şəhər kimliyi üçün daha çox dəyərlidir. Çünki müstəmləkəyə baxmayaraq neft bumu ilə formalaşan milli burjuaziya imitasiya olsa da, modern memarlıq nümunələrini Bakıda inşa etdirmişlərdir.
Sovet Bakısındakı memarlıq siyasətin bütün dəyərlərə düşmən sərt üzünü açıq formada göstərmişdir. Müqayisə üçün, Sovet dövrünün Bakıdan bütün göstəricilər üzrə geridə olan və dağlıq ərazidə yerləşən Tiflis və İrəvəna baxmaq olar. Hər iki şəhərə olan sovet diqqəti daha fərqlidir. Çünki gürcü və ermənilər azərbaycanlılarla müqayisədə Moskvada daha çox təmsil olunmuş və beləliklə, regionda daha çox söz sahibi olmuşlardır. Hətta bir müddət Bakıda belə gürcü və erməni bürokratların ciddi qərar-vermə gücü olmuşdur.
Lakin ölkənin çöhrəsi dəyişdiyi kimi Bakının da çöhrəsi dəyişməkdədir. Hər şeydən əvvəl artıq şəhərin ən yüksək nöqtəsində müstəqilliyin bərpasını mümkün edən şəhidlərin xiyabanı, ən strateji nöqtəsində isə ölkəni suveren edən zəfərin parkı yerləşməkdədir. Yəni ümidlənmək üçün səbəb var, qalır bu imkanı fürsətə çevirmək. Bu yazıda keçmişdən bu günə Bakıda kimlik dəyişən memarlıq vasitəsilə ələ alınır.
Sovet Bakısı: “kirayə yaddaş”
Bakıda Sovet memarlığı şəhərdə istifadə edilən terminologiyanı da dəyişdirmişdir. 9-10-cu əsrlərdən bu coğrafiyada məskən tutan türkmən-oğuz tayfaları qurucu güc olaraq fars dilindən istifadə etmişdir. Lakin bu rus dili kimi izləri bu gün də davam etməkdə olan kəskin müstəmləkə quruluşu, asılılığı yaratmamışdır. Çünki türkmən-oğuz varlığı dövləti yaratmış, fars dilinin bürokratiyada istifadəsinə razı olmuşdur. Rus dili isə birbaşa müstəmləkə dili olaraq gəlmiş və azərbaycanlıların öz məkanlarındakı yaddaşını silmiş, çarlıq dövründən başlanılan “kirayə yaddaş” Sovet konteksində formalaşdırmağa davam etmişdir. Qısaca, Bakının, əsasən, müstəmləkə və sovet dövründə keçən son iki əsrinə diqqət yetirdikdə aşağıdakı qənaətə gəlmək mümkündür:
Bakı yaddaşsız şəhərdir. Bakının yaddaşı kirayə yaddaşdır. Azərbaycan şəhərləri sırasında Bakının yaddaşı da Bakıya gətirilənlər yaddaşıdır. Erməni, yəhudi və rus kirayəçiliyindən yaranan bir yaddaş var ki, bu yaddaş Azərbaycan yaddaşı ilə tərs düşür.[6]
Hər şeydən əvvəl Bakı 1.0 və 2.0 sənaye inqilabının dünyanın bir çox yerində yaratdığı modern şəhərlərdən biridir. Bakının modern kapitalizmin diqqətini çəkməsində əsas səbəblərin başında coğrafi mövqeyi və sahib olduğu təbii sərvətlər olmuşdur. Hərçənd məkan, coğrafiya, torpaq olaraq qədimlikdən bəhs etmək mümkündür. Lakin Bakı, Bakılı anlayışı neft bumu ilə bərabər bizim bildiyimiz Bakı olaraq ortaya çıxmışdır. Yəni bu günün tənqidçi memarları qədim Bakını deyil, kapitalizmin Bakısının memarlıq abidələrinin, kapitalist dövrün keçmişinin mühafizə edilməsini tələb edirlər. Köhnəlmiş hesab etdiyimiz anlayışlar, prinsiplər, narrativlər, əslində, 18-ci əsrin sonlarında meydana çıxmışdır. Uzun sözün qısası, istifadə etdiyimiz şəhər anlayışı millətlər, milli-dövlətlər kimi modern dövrün məhsuludur.
Sovet Azərbaycanı modern dövlətçilik tarixində ən uzun mərhələni təşkil edir. Bakının modern kimliyi də, əsasən, sovet dövründə formalaşdırılmışdır. SSRİ bu mənada öz bakılı kimliyini Kirov, Lenin, Marks və Nərimanov heykəlləri arasında formalaşdırmağa çalışmışdır. Bakının institusional şəhər salması, kimliyi , əsasən, Sovet dövründə baş vermişdir. Bakı sakini həmin heykəllərin kölgəsində öz dilini, inancını və dəyərlərini gündəlik həyatda istifadə etmək imkan və qabiliyyətindən, azadlığından məhrum qalmışdır. Bu siyasəti küçə və prospektlərin adlarında da müşahidə etmək olar. Belə ki, bu gün şəhərin Heydər Əliyevin adını daşıyan əsas prospekti “Moskva”, Mərkəzi Bankını qarşısında yerləşən Füzuli küçəsi isə “Basin” adlandırılmışdır. Heydər Əliyev və Füzulinin Bakı sakinlərinin zehnindəki yeri bəllidir. Birisi müstəqil Azərbaycanın qurucu dövlət başçısı, digəri isə hələ orta əsrlərdə ana dildə yazan şairdir.
Sovet bakısının şəhərsalma izlərinə baxdıqda modernist memarlığın bütün mühafizəkar izlərini sovet ideologiyası çərçivəsində görmək mümkündür. SSRİ şəhərsalma ilə həm yeni fəhlə sinfinin məskunlaşma ehtiyacını həll etməyi həm də ideoloji kimliyini formalaşdırmağa çalışdığı Bakılıların zehninə həkk etməyə çalışmışdır. Sovet Bakısında şəhərsalması aşağıdakı kimi təsnif edilə bilər:
Konstruktivizm (1920–30-cu illər)
Stalinist imperiya üslübu (1933–1954)
Sovet modernizmi (1955–1991)[7]
Sovet dövründə formalaşdırılan Bakı, buna müvafiq olaraq, dəyişdirilən demoqrafiq quruluş müstəmləkə ilə sarsılan Azərbaycanlı yaddaşına 70 illik kimliksizlik zərbəsi endirmişdir. Yuxarıda qeyd edildiyi kimi memarlıq kimlik inşası üçün vacib bir elementdir. Şəhərsalmanın hansı siyasi motivasiya ilə gerçəkləşdirildiyi son dərəcə əhəmiyyətli və həlledicidir.

Müstəqillik və işğal dövrü: qaçqın memarlığı
Bir çox yazılarımda və akademik əsərlərimdə üzərində durduğum nöqtə budur ki, modernizm Osmanlı və Səfəvi konteksində qərb türkləri üçün nizamın dağılması içəriyə, ana vətənə (Anadolu və Azərbaycan) köçlərin yaşanması ilə nəticələnmişdir. Belə ki, Karlovça, Kiçik Qaynarca, Kürəkçay, Gülüstan və Türkmənçay anlaşmaları geniş mənada Türklərin Balkanlardan, Yaxın Şərqdən Anadoluya, azərbaycanlıların isə ermənistandan, Gürcüstandan və Təbriz mərkəzli olmaqla Cənubi Azərbaycandan ana vətənə köçü ilə nəticələnmişdir. Bu köçün son nöqtəsi isə ötən əsrin sonlarında ermənistan və qarabağdan baş vermişdir.
Ümumən qeyd etmək lazımdır ki, kütləvi köçə məruz qalan məkanlarda (ölkə, şəhər) mövcud düzənin davam etdirilməsi adətən mümkün olmur. Ötən əsrin sonlarından başlayan münaqişə ermənistandan azərbaycanlıların deportasiyası ilə nəticələnmiş və on minlərlə insan ana vətənə o cümlədən bakıya üz tutmuşdur. Digər tərəfdən birinci qarabağ müharibəsi nəticəsində torpaqların işğal edilməsi nəticəsində qarabağın işğal olunmuş hissələrindən bakıya kütləvi köç qaçılmaz idi. Bu isə öz növbəsində şəhərdə məskunlaşma probleminin yaranması demək idi. Beləliklə hökumət belə bir vəziyyətdə ictimai məqsədlər üçün nəzərdə tutulan (tələbə yataqxanalar, bağçalar vs. ictimai binalar) binaları məcburi-köçkünlər üçün ayırmış, məskunlaşma probleminin həlli üçün bəzən şəhərsalma qaydalarına zidd məskunlaşmaya, ticarət obyektlərinin fəaliyyətinə göz yummuşdur.
Məcburi köçə məruz qalan insanlar üçün məskunlaşma adətən varlığın əsas şərtinə çevrilir. Belə bir şəraitdə isə kimlikdən daha çox kimliksizlikdən bəhs etmək daha doğru olar. Çünki kimlik insanın və dövlətin məkan problemini həll etdikdən sonra formalaşan sosial-siyasi, iqtisadi, mədəni reallıqdır. Beləliklə universitet yataqxanaları başda olmaqla ictimai məqsəd üçün nəzərdə tutulmuş binalar məcburi şəkildə köçkünlərin məskunlaşması üçün istifadə edildi. Misal üçün Bakı Dövlət Universitetinin tələbə yataqxanası məcburi köçkünlərin məskunlaşması üçün istifayə verildi. Artıq məcburi köçkünlər həmin yataqxanalardan köçürülsə də, universitet əvvəlki kimi yataqxana şəhərciyini hələ sala bilməyib. Məskunlaşma ilə yanaşı işlə təmin olunma məsələsi də gənc Azərbaycanın öhdəsindən gəlməkdə çətinliklə üzləşdiyi məsələ idi. Bu səbəblə məskunlaşma ilə yanaşı həm şəhər memarlığının həm standartların əleyhinə olmasına baxmayaraq, ticarət obyetklərinin açılması mümkün oldu.
Qısası, birinci müharibə və işğal faktorunun Bakıda daha çox “qaçqın memarlığı” formalaşdırdığını demək olar.

https://eurasianet.org/azerbaijan-emphasizing-idps-right-to-return-over-right-to-stay-put
Bayır Şəhər: modern köhnə
Bayır şəhər ətrafında gedən müzakirələr mənə “Gün keçdi” filmini xatırladır. Həmin filmdə içəri şəhərdə aparılan söküntülər, yeniliklər, mühafizəkar yanaşmanın çarpışmasını özündə əks etdirən maraqlı kadrlar var. Halbuki həmin film sovet Bakısının konstruktivzm və stalinist memarlıq üslubunu tərk edərək yenə bir mərhələyə daxil olduğu illərdə çəkilib. Bu isə özlüyündə Bakının memarlığında daha bir yeni mərhələ demək idi..
Bir müddətdir ki, Bakıda söküntünün mərkəzi obyekti bayır şəhərdir!
Bayır şəhər on doqquzuncu əsrdə içəri şəhərin bayırında içəri şəhərin, əsasən, İslam şəhərsalma ənənəsindən fərqli üslubda salınmışdır. Bayır şəhərin izlərini isə şəhərin sənayeləşmə ilə tanışlığı və neft bumunda axtarmaq olar.[1] Neft bumu modern Bakının formalaşmasına təkan verən ilkin hərəkət kimi qəbul edilə bilər.
Bayır şəhərlə bağlı olan əsas məsələ xüsusi memarlıq dəyəri olan binaların sökülməsidir. Digər tərəfdən bayır şəhərdə yaşayıb Azərbaycan elminə, sənətinə xüsusi xidməti olmuş kəslərin mənzilləri və mümkünsə yaşadıqları məkan mühafizə oluna bilərdi. Burada əsas düşünülməli olan hadisə Bakının kimliyinin bir parçası olan içəri şəhərə qarşı layiq olduğu diqqət göstərilməkdə əksikliklər var. Belə ki, turizmin yerli mədəniyyətdə (kimliyi) deformasiyaya səbəb olduğuna dair ciddi tədqiqatlar mövcuddur. Bu turizmdən imtinanı şərtləndirməməklə yanaşı yazının girişində qeyd etdiyim kimi yerli mədəniyyətdə əldə edilən maddi gəlirlə bərpası mümkün olmayan zərərə səbəb olmamalıdır.
Bayır şəhərin bütünlüklə sökülməsi doğru bir yanaşma olmaya bilər. Lakin metodologiyada müşahidə edilə biləcək nöqsanlar müstəqil dövlətçilik ənənəsinin gəncliyindən qaynaqlanmış ola bilər. Digər tərəfdən artıq müstəqillik dövrünün neft bumu təcrübə edilmişdir. Bu isə “Ağ şəhər”i yeni “bayır şəhər” olaraq formalaşdırmışdır. Bununla bərabər bayış şəhərdəki müəyyən “təmizlik” SRRİ dövründəki əskikliklərin ortadan qaldırılması kimi də qəbul edilə bilər. Nəticə etibarilə Bayır şəhər modern Bakının yaddaşının, kimliyinin bir parçasıdır.


Ağ şəhər – çağdaş yeni
Ağ şəhər köhnə “qara şəhərin” yerində salınmışdır. Ağ şəhərin salınması bir tamamlama və yeni “bayır şəhər” kimi də qəbul edilə bilər. Belə ki, 2000-ci illərdən sonra şəhərdə tikilən binalara nəzər yetirdikdə çağdaş dünya memarlığının Bakıda da özünə yer etdiyini görmək mümkün olar. Bu tendensiya Bakının şəhərsalma tarixindəki son iki əsrlik perioddakı növbəti dəyişiklik, yenilik idi. Bu yenilik də yeni bir “neft bumu” dövrünə (Əsrin müqaviləsi) təsadüf etmişdir. Lakin ikinci neft bumu müstəqil Azərbaycan dövləti tərəfindən idarə edilməkdədir. Bu isə öz növbəsində şəhərin memarlığına da təsir etmişdir.
Ağ şəhər Bakının, ümumən Azərbaycanın post-müstəmləkə yaxud post-sovet dövründə ümumbəşəri üzünü təmsil etməkdədir. Bu eyni zamanda sovet şəhərsalmasına, memarlığına qarşı da siyasi bir reaksiya kimi oxuna bilər. Belə ki, oxşar şəhər salmanı Daşkənd şəhərində də müşahidə etmək olar. Post-müstəmləkə sadəcə ədəbiyyatda, siyasətdə, sənətdə bitmir. Qısası, Ağ şəhər Bakının (Azərbaycanın) çağdaş dünyaya inteqrasiya üçün atdığı addımlardan biri kimi qəbul edilə bilər. Bu isə on doqquzuncu əsrdə içəri şəhərin , əsasən, islam memarlığına uyğun şəhərsalmasından fərqləndiyi kimi sovetdən gələn Bakıya yeni bir kimlik qazandırmaqdadır.

Zəfər: məkana hakimiyyət
Qarabağda əldə edilən hərbi-siyasi nəticə Türkmənçayda başlayan məğlubiyyəti tərsinə çevirmək üçün ciddi imkan yaratmışdır. Bakıda yüksələn Zəfər Tağı bu çevrilmənin əsas siyasi simvolunu təmsil etməkdədir. Daha doğrusu, Zəfər tağı müstəqilliyin bərpası ərəfəsində hökumət evinin divarında yerləşən Sovet gerbinin üzərinə Azərbaycan bayrağı sancılması ilə başlayan prosesin tamamlanmasıdır.
Bakıda inşa edilən yeni memarlıq nümunələri (Heydər Əliyev Mərkəzi, Port Baku və s.) isə qlobal olaraq iqtisadi və texnoloji dəyişiklərin nəticəsidir. Beləliklə, Bakıda şəhərsalma zəfər tağının yaratdığı kimliyin kölgəsində gerçəkləşdirilmək üçün ciddi imkan qazanmışdır.
Bakı artıq Azərbaycandır!


[1] Memarlığa dair klasik bir mənbə üçün bax., Vitruvius. Mimarlık Üzerine. 2-ci nəşr. Tər. Çiğdem Dürüşken. Alfa, İstanbul. 2017.
[2] Kolonializm və memarlıq üçün ətraflı bax., Egbers, V. vd. Architectures of Colonialism. Birkhäuser, Basel,2024; Bhamburkar, R. “An Overview of Colonialism and Architecture”, https://www.re-thinkingthefuture.com/architectural-styles/a8541-an-overview-of-colonialism-and-architecture/
[3] Fazlıoğlu, İ. Kendini Bulmak. 3-cü nəşr, İstanbul: Papersense Yayınları, 2015. 239.
[4] Bu mövzu ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyətin bir illiyi münasibətilə çıxarılmış istiqlal məcuəsindəki “Azərbaycan paytaxtı” məqaləsinə bax., Rəsulzadə, M.Ə. “Azərbaycan paytaxtı” içində İstiqlal. (2014). İstiqlal. (Haz. Şirməmməd Hüseynov). Bakı: Qanun Nəşriyyatı. s. 55-75.
[5] Cündioğlu. D. Mimarlık ve Felsefe. 2-ci nəşr. Kapı Yayınlar. İstanbul, 2013. s. 80. Digər tərəfdən Cündioğlunun “kültür tarihi” youtube kanalında “Dücane Cündioğlu ile felsefe ve mimarlık”; “Kalebodur” youtube kanalında “Kalebudur’la Mimarlar Konuşuyor” programlarına baxmaq tövsiyyə olunur.
Kültür və tarih: https://www.youtube.com/watch?v=ThNSZTuW54k
Kalebodur: https://www.youtube.com/watch?v=D0wLknBRRI0
https://www.youtube.com/watch?v=uW096KZLtLA
[6] Heydərli, İ. (2015). Yaddaş Ağrısı. Bakı: Başla Kitab. s. 67.
[7] Sovet dövrü Bakı memarlılığı ilə bağlı ətraflı bax., Gani Nasirov, “Legacy of Soviet Architecture in Baku: A Brief Historical Insight”, https://ganinasirov.com/2022/07/07/soviet-architecture-in-baku/
Gani Nasirov, “Soviet Mosaics of Baku: Art, Ideology, and Urban Memory”, https://ganinasirov.com/2025/07/14/soviet-mosaics-of-baku-art-ideology-and-urban-memory/
Gani Nasirov, “Soviet Architecture in Baku: Why Baku’s Socialist Modernist Buildings Are Must-Sees”, https://ganinasirov.com/2019/07/10/bakus-soviet-modernism-architecture/
Ilham Aliyev, “The Soviet Period of Archticture in Azerbaijan”, https://azer.com/aiweb/categories/magazine/64_folder/64_articles/64_useynov.html
[8] Ətraflı bax., Leyla Safyutdinova, “Bayırşəhərin əhəmiyyəti nədir?” https://bakuresearchinstitute.org/bayirseherin-ehemiyyeti-nedir/



