Kültür-sənət • Xəbərlər

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalında “Meyvələr” kolleksiyası nümayiş olunub

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində “Azərxalça” Xalça Qalereyasında rəssamlar Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasından seçilmiş xalçalar nümayiş olunub.

“Füyuzat” xəbər verir ki, kolleksiya ənənəvi Azərbaycan xalçaçılığını müasir bədii yanaşma ilə birləşdirib.

Kolleksiyanın ilkin ideyası Samirə Allahverdiyevaya məxsusdur. Rəssamın uşaqlıq xatirələri, xalçaçı nənəsinin sənəti, eləcə də Azərbaycanın bölgələrində meyvələrin qədim xalçaların üzərində qurudulması ənənəsi layihənin bədii əsasını təşkil edir. Əsərlərdəki xurma və nar motivləri yaddaş, milli ənənələr, bolluq və bərəkət anlayışlarını ifadə edir.

İlkin ideyanı özünəməxsus bədii üslubda inkişaf etdirən Səma Məmmədli kolleksiyaya yeni vizual istiqamət verib. Onun kompozisiyalarında nar, alma və limon motivləri müasir rəng palitrası və dinamik dizayn həlləri ilə təqdim olunur. Rəssamların fərqli baxışları kolleksiyada ənənə ilə müasirlik arasında yaradıcı dialoq yaradır.

Yun və ipək qarışığından hazırlanan xalçalar 3D toxuculuq texnologiyası ilə əl üsulu ilə toxunub. Bu texnika meyvə motivlərinə həcm və relyef effekti verir. Xalçalar “Azərxalça” ASC-nin Azərbaycanın bölgələrində fəaliyyət göstərən qadın toxucuları tərəfindən hazırlanıb.

Layihə müasir incəsənətlə ənənəvi xalçaçılıq sənətini bir araya gətirməklə yanaşı, milli irsin qorunmasına və qadın toxucuların sənətkarlıq ənənələrinin yaşadılmasına töhfə verir.