Baş redaktordan Füyuzat 143 Mübariz Yunus

Baş redaktordan

İohan Qutenberq hələ Avropada mətbəəni ixtira etməzdən əsrlər əvvəl çinlilər artıq çap texnologiyasından istifadə edirdilər. Hətta Tan sülaləsi dövründə (618–917) “Dibao” (“Ti-pao”) adlı rəsmi qəzet də nəşr olunmuşdu. Çinlilərin əvvəlcə əyləncə vasitəsi kimi istifadə etdiyi barıtın sonradan odlu silaha çevrilməsi kimi, mətbəə də zamanla onu idarə edənlərin əlində barıtdan daha təsirli bir vasitəyə çevrilərək informasiyanın geniş kütlələrə çatdırılması funksiyasını yerinə yetirməyə başladı. Bəşəriyyətin inkişaf tarixinin təməl daşlarından biri olan mətbəə informasiyanın yayılması və ictimai şüurun formalaşması baxımından yazının ixtirası qədər mühüm rol oynadı. Avropada sənaye dövrünün başlanğıcı ilə eyni vaxtda mətbəənin inkişafı mətbuat və nəşriyyat sənayesinin formalaşmasına, elmin, maariflənmənin yüksəlişinə güclü təkan verdi.

Son bir neçə əsr ərzində bəşəriyyət kütləvi kommunikasiya vasitələrinin sürətli və heyrətamiz inkişafına şahidlik etdi. Yazılı mətbuatın cəmiyyət həyatında oynadığı rol zamanla dəyişərək texnoloji ixtiralarla – radio, televiziya, internet, video və sair ilə zənginləşdi və nəticədə, “yeni media” anlayışı formalaşdı. Bu dəyişikliklərlə media və nəşriyyat sənayesi güc və nüfuz mərkəzinə çevrildi.

Artıq müasir dövrdə media təkcə informasiya vasitəsi deyil, həm də hakimiyyət və güc münasibətlərinin əsas alətlərindən biridir.

Media hər bir fərdin informasiya əldə etmək, istehsal etmək, ötürmək və yaymaq hüququnu təmin edən bir sistem kimi fəaliyyət göstərir. Dövlətlər isə bu hüquqların qorunmasına təminat verir. Media dünyada baş verən hadisələri insanlara çatdırır və insanlar dünyada nələr baş verdiyini onun vasitəsilə öyrənirlər.

Eyni zamanda media fərdin təhtəlşüuruna təsir etmək, onu müəyyən düşüncə tərzinə istiqamətləndirmək gücünə də malikdir – bu yönləndirmə istər müsbət, istərsə də mənfi istiqamətdə ola bilər…

Davamı…