Füyuzat 143

Qafqaz almanının həyat hekayəsi

Həyat gözlənilməz və çətin sınaqlarla doludur. İnsan bəzən taleyinin onu hara aparacağını nə xəyal edə, nə də planlaya bilir. Azərbaycanın alman kəndi Helenendorfda – hazırkı Göygöl şəhərində doğulub böyüyən Frits Frik heç vaxt ağlına da gətirə bilməzdi ki, bir gün Vermaxtın tərcüməçisi kimi Fransada – Azərbaycan legionçularının hərbi məhkəməsində iştirak edəcək. Amma gəlin hekayəyə əvvəldən nəzər salaq…

AZƏRBAYCANDA

Frits Frik 1902-ci ildə, o dövrdə Azərbaycanda almanların məskunlaşdığı 4 kənddən ən böyüyü olan Helenendorfda dünyaya gəlib. Onun əcdadları 1818-ci ildə Almaniyadan köçürülərək Azərbaycanda iki alman kəndinin – Helenendorf və Annenfeldin – əsasını qoymuşdular. Sonralar bu kəndlərin sayı səkkizə çatdı. Rus çar hökuməti ucqarlara köçürülən alman icmasına müxtəlif imtiyazlar verirdi: onlar vergidən və hərbi xidmətdən azad edilmiş, maliyyə yardımı ilə təmin olunmuşdular.

Almanlar milli kimliklərini qorumaq üçün təhsilə xüsusi önəm verirdilər. Kənd məktəblərində Avropa təhsilli müəllimlər dərs deyirdi, hər bir məktəb o dövr üçün güclü maddi-texniki bazaya malik idi. Tədris alman dilində aparılırdı və bu, məzunların Almaniyada asanlıqla təhsil almalarına imkan verirdi. Frits Frik də 1924-cü ildə Almaniyaya köçərək ali təhsilini orada davam etdirdi. Təhsilini başa vurduqdan sonra keramika sahəsində mühəndis-texnoloq kimi işləməyə başladı.

Bu dövr Helenendorfdakı almanlar üçün çətinliklərlə dolu idi. 1920-ci ildə Sovet Rusiyası Azərbaycanın müstəqilliyinə son qoymuşdu. Yeni rejimin tətbiq etdiyi qaydalar – özəl mülkiyyətin müsadirəsi, repressiyalar, kollektivləşdirmə, senzura və s. – əhali arasında nifrət və qorxu doğururdu. Fritsin qardaşı Arnold da bu repressiyaların qurbanı oldu. O, 1935-ci ildə həbs edildi və Bakı həbs­xanasında öldürüldü. Ardınca isə bəşər tarixinin ən qanlı savaşı – II Dünya müharibəsi başlandı…

Ruslan Quliyev
“Die Brücke” Azərbaycan–Almaniya Mədəniyyət Mərkəzinin rəhbəri

Davamı…