Əkbər N. Nəcəf Füyuzat 143

Babailik – Tarixdə ilk qızılbaş hərəkatı

Ələvi-bektaşi və qızılbaş təriqətlərinin islam haqqındakı təsəvvürləri məlamilər və qələndərilər tərəfindən formalaşdırılıb. “Qələndər” (qədim türk dilində “iri, yöndəmsiz insan” mənasında kalantor) məlamilər arasında ortaya çıxan, 3-5 nəfərlik dərviş qrupları halında yarıçılpaq dolaşan, gündəlik yemək ehtiyaclarını dilənərək qarşılayan, bədənlərindəki bütün tükləri kəsən, güclü cəzbəyə (irfan əhlinin keçirdiyi mənəvi hal) sahib, möcüzələr göstərən mistiklər idilər. Onların davranış və həyat tərzləri buddist və manixeistlərə oxşayırdı. Əsası X əsrdə qoyulsa da, Cənubi Azərbaycanın Savə bölgəsində anadan olmuş və 1232/33-cü ildə vəfat etmiş Cəmaləddin Yusif Savi tərəfindən təriqət şəklində formalaşdırılmışdır. Cəmaləddin Savi müridi olduğu Şeyx Osman Rumidən ayrılaraq Şamdakı Bilal Həbəşi qəbiristanlıqlarında yaşamağa başlamış və insanlardan uzaq, təcrid olunmuş bir həyat sürmüşdür. Əyninə “cavlak” deyilən yundan əba geyən, heç bir şəriət qanununa əməl etməyən “ibaha” hesab edilirdi. Geyindikləri əbaya görə onlara cavlakilər də deyilirdi.

Fərqanədən Tunisə qədər bütün İslam coğrafiyasında yayılan qələndərilər hər yerdə və hər dövrdə insanlardan hörmət və ehtiram görmüş müqəddəs insanlar hesab edilirdilər. Onlar xəstələri sağaldır, duaları ilə insanların dərdlərinə çarə axtarırdılar. Səfəvi, Osmanlı, Teymurilər imperiyalarında onlara aid dərgahlar (qələndərxanələr) mövcud idi. İslamın türklər arasında yayılmasında qələndərilərin xidmətləri danılmazdır. Təsəvvüf mənbələrində bəhs edilən “abdallar” məhz bu sufilər idi. Osmanlı fəthlərində orduların ön sıralarında yer alan abdallar, dəlilər dəstəsi onlardan təşkil olunmuşdu. Osmanlı mənbələrində onların igidlikləri və möcüzələri haqqında saysız-hesabsız məlumat verilir.

Xorasan məlami məktəbindən çıxan bir başqa cərəyan isə yəsəvilik idi. Əhməd Yəsəvi (1167-ci ildə vəfat edib) tərəfindən yaradılan yəsəvilik bu türklərin müsəlmanlaşma prosesində böyük rol oynamışdır. Əhməd Yəsəvinin şeyxi isə həmədanlı məlami dərvişi Xacə Yusif Həmədani (1140-cı ildə vəfat edib) olmuşdur…

Davamı…