İnsanın yaradılışında başlıca qayə Sevgidir. O, sevgi üçün doğulmuşdur, buna görə də sizdən ilk istəyim budur ki, heç zaman sevməkdən əl çəkməyin, usanmayın. Dünyanı bu nəzərlərlə dərk etdikdə görəcəksiniz ki, bütün Yer üzü sizinlə birdir, qardaşdır. Çalışın ki, qardaş qanı axıtmayasınız. Zira dünyamızda bir qaşıq su çox zalımları boğmuşdur.
Heç kimə kin bəsləməyin. İgid və mərd olun ki, vicdanınız həmişə qiymətli almaz kimi parıldasın. İnsanlar arasında fərq qoymayın: qonum-qonşu, yaxın-uzaq, hər kəslə həmdərd olun. Çalışın, sınıq könüllərə məlhəm olasınız. Qəlbi qırıq bir kimsə görsəniz, heç zaman yalqız buraxmayın onu…
Həyatda heç nə sizi doğru yolunuzdan döndərməsin. Haqq olan Yaradan özü də haqqı və ədaləti sevir. Çalışın, siz də zülmü özünüzə, həyatınıza yaxın buraxmayın. Yaşamınız boyunca yaltaqlıqdan uzaq qaçın, kibirli də olmayın. Çalışın ki, özünü tanıyanlardan, bilənlərdən olasınız. Zira öz haqqını bilməyən insan nəhayətində daşlanar.
Siz Türk qövmünün igid övladlarısınız. Əsliniz də, şanınız da uludur. Çalışın, bu ada layiq olasınız. Haqlı olduğunuz bütün zamanlarda aslan kimi cəsur olun. Haqsızlığa qarşı mücadilə aparın, qoymayın, rişələnib böyüsün. Zalımların, cəlladların qarşısında vüqarınızı itirməyin. Tarix boyu Türk millətinin kiməsə, nəyəsə boyun büküb əyildiyi, yalvardığı görünməyib. Çalışın, siz də bu müqəddəs əmanətə, şanlı ada sahib çıxasınız.
Bizim tariximiz sərhədlərə sığmazdır: əngin səma, göy qübbəsi hər an varlığımıza, keçmişimizə işarədir. Başınızın üstündə gülümsəyən hilala baxın. Şəfəqlərin bağrından sizin adınızı yaşatmaqdan ötrü qopan bir qızdır sanki. Türk adının elanı üçün ucalardan süzülən səmavi bir əks-səda, bərraq aynadır. Çalışın, siz də bu sərhədsizliyi, bağımsızlığı yaşadanlardan olasınız.
Sevgili arkadaşlarım! Vaxt gələcək, mən də sizin sıralarınızdan ayrılacam. Birlik təsbehimizin itik muncuq danəsi olmazdan öncə isə nəsihətlərimi, daha doğrusu, son vəsiyyətimi sizə bildirmək istəyirəm…
Hüseyn Cavid
Nəzmdən nəsrə uyğunlaşdıran:
Fidan Vahid