“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu dəfə “Həftənin əsəri” nominasiyası üzrə seçilən Cabir Novruzun “Bu, həyatdır…” şeiridir. Xoş mütaliələr!
Bu, həyatdır, enişi var, yoxuşu var,
Bu, həyatdır, buludu var, yağışı var.
Bu, həyatdır, aerodrom yollarıtək hamar deyil,
Bu, həyatdır, məclis deyil, bayram deyil, şüar deyil.
Bu, həyatdır, orda bir cür baş girləmək mümkün deyil,
Baş girləyə-girləyə də ömür eyləmək bir gün deyil.
Bu, həyatdır, imtahanı çoxdur onun,
Bu, həyatdır, orta yolu yoxdur onun.
Adam gərək oynamaya,
neçə insan yaşamaya bir insanda,
Ən dəhşətli faciədir insan durub
insan rolu oynayanda.



