Ədəbiyyat Fidan Vahid Xəbərlər

Bu sendviçdə mayonez yoxdur  – Cerom Selincer

Tərcümə: Fidan Vahid

“Bu sendviçdə mayonez yoxdur” hekayəsi Vinsent Koldfildin, yəni “Çovdarlıqda uçurumdan qoruyan”dakı Holdenin böyük qardaşı D.B.-nin dilindən danışılır. Hadisələr II Dünya müharibəsi dövründə baş verir. Serjant Koldfildin xoşagəlməz vəzifəsi var: dörd gənc əsgərə deməlidir ki, onlar rəqs gecəsinə gedə bilməyəcəklər, çünki rəqs etməyə kifayət qədər qız olmayacaq. Amma Vinsentin fikri rəqs gecəsində deyil. O? yağış plaşını itirib və bu hadisə cibində gəzdirdiyi ailə məktublarını xatırlamasına səbəb olur. Sonra isə düşüncələri itkin düşmüş Holdenə yönəlir.

Mən də yük maşınının içindəyəm; maşının arxa tərəfindəki kəmərin üzərində oturub özümü Corciya leysanından qorumağa çalışıram. Mədəni-məişət xidmətindən gələcək leytenantı gözləyirəm, ciddi olacağım vaxtı gözləyirəm. Birazdan sərt davranmalı olacam. Maşında otuz dörd kişi var və yalnız otuz nəfərə rəqs gecəsində yer çatacaq. Qalan dörd nəfər düşməlidir. Planım budur ki, sağımdakı ilk dörd nəfəri bıçaqlayım, eyni zamanda ucadan “Off We Go Into the Wild Blue Yonder”1 mahnısını oxuyum ki, qara-qışqırıq eşidilməsin. Sonra iki nəfərlik bir dəstə qurub (üstünlüyü Zabit Hazırlığı Məktəbinin məzunlarına verərək) onları maşından sürüyüb çıxarar və Corciyanın qırmızı palçığına tolazlayaram. Yaxşı olar ki, mənim bu oturacaqda əyləşmiş ən güclü on adamdan biri olduğumu yadınızdan çıxarmayasınız. Öz çəkim qədər Bobbsi əkizini təkbaşına yerə sərərəm. Dörd nəfər düşməlidir. Bu maşından…

Buyurun, Virginia rili rəqsi üçün tərəf müqabilinizi seçin!

Və kətan örtüklü damın üstünə yağan yağış getdikcə daha da şiddətlənir. Bu yağış mənim dostum deyil. Nə mənim, nə də maşındakı otuz üç nəfərin (onlardan dördü mütləq getməlidir). Ola bilər, Ketrin Hepbörnün, Sara Palfrinin, Tom Hininin dostudur, ya da Qrir Qarson üçün Radio–Siti müzik–hollunun qarşısında toplaşan axmaq pərəstişkarların dostudur. Amma mənim yox. Maşındakı otuz üç kişinin də (onlardan dördü düşməlidir). Yük maşınının önündə duran adam yenə mənə qışqırır. “Nədi?”, – cavab verirəm. Nə dediyini eşitmirəm. Damın üstünə çırpılan lənətəgəlmiş yağış məni öldürür. Əslində, onun səsini eşitmək istəmirəm. O isə üçüncü dəfə eyni şeyi deyir: “Şou başlasın! Qızları gətirin!”

“Leytenantı gözləmək məcburiyyətindəyəm”, – cavab verirəm. Hiss edirəm ki, sağanaq yağışda dirsəyim islanır. Yağış plaşımı kim oğurlamışdı? Sol cibimdə məktublar var idi. Reddən, Fibidən, Holdendən gələn məktublar. Holdendən… Of, lənətə gəlsin, axı niyə insanların yağış plaşlarını oğurlayırlar? Onun cəmi on doqquz yaşı var idi, mənim qardaşım Holdenin və o hələ ciddi şeyləri lağlağıya salmağı bacarmırdı… Hər şeyi ürəyinə salırdı. Ürəyi isə… onun ürəyi kifayət qədər zəif idi… Mənim müharibədə itkin düşən qardaşım. Axı niyə insanların yağış plaşlarını oğurlayırlar?

Bu haqda fikirləşməyi dayandırmalıyam. “Bəsdi, Vinsent. Yaxşı şeylər haqqında düşün, qoca!” Yük maşını haqqında düşünürəm. Özümü inandırıram ki, bu dünyanın ən qaramat, ən yaş, ən bədbəxt hərbi maşını deyil. Əksinə, qızılgüllərlə, sarışınlarla və vitaminlərlə doludur. Həqiqətən, gözəl maşındır. Doğrudan da, qəşəng maşındır. Mən də çox şanslıyam ki, bu axşam belə bir işlə məşğulam. Rəqsə gedənlərə: “Buyurun, ay camaat, tərəf müqabilinizi seçin!” – deməklə… Hətta bu yük maşınını mədh edən bir şeir də yazmaq olar. Axı bu maşın elə poeziyanın özüdür. Adını da belə qoyarıq: “Mindiyim yük maşınları”, “Müharibə və sülh”, və ya “Bu sendviçdə mayonez yoxdur”. Qısası, ürəyini sıxma, qoca!

Qulaq asın. Yağışa qulaq asın. Düz doqquz sutkadır ki, yağır. Axı bunu mənə və 33 nəfərə (dördü gedəcək) necə rəva görürsən? Dayan, yoxsa lap əldən düşəcəyik.

Kimsə mənə səslənir. Adam məndən bir bıçaqlıq məsafədədi. (Dörd nəfər qalmalıdır). “Nə olub?”, – soruşuram.

– Serjant, haralısınız? – oğlan soruşdu. – Qolunuz islanıb.

– Nyu Yorkdan, – fikrimi cəmləyib cavab verdim.

– Mən də. Harasındansınız?

– Manhettan. İncəsənət muzeyindən iki–üç küçə aşağıda.

– Mən Valentin Avenyuda yaşayıram. Oranı tanıyırsız?

– Bronksdakı?

– Yox. Bronksda yox, tam sərhəddə. Manhettanın bir addımlığında.

Bronksda yox, sərhhədə. Gəlin bunu yadımızda saxlayaq. Nəbada bir də insanlara Bronksda yaşadıqlarını deməyək, çünki onlar, əslində, orada yaşamırlar. Manhettanda yaşayırlar.

Ayıq ol görüm, dostum. Özünə gəl.

– Nə qədər vaxtdır xidmət edirsiz? – oğlandan soruşurm. O, siravi əsgərdir. Orduda təzə vaxtlarıdır.

– Dörd aydır. Diksdən gəlirəm, məni Mayamiyə göndərirlər. Mayamini tanıyırsınız?

– Yox. – Yalan deyirəm. – Yaxşı yerdir?

– Yaxşı? O, sağındakı oğlana dirsəyiylə toxundu. Ferqi, ona danış.

– Nəyi? – suyun içində, üşüyən Ferqi xəbər aldı. O çox çirkli görünürdü.

– Serjanta Mayami haqqında danış. O, oranın necə yer olduğunu bilmək istəyir. Danış ona.

Ferqi mənə baxdı.

– Doğrudan, siz orda olmamısınız? Yazıq serjant…

– Yox. Yaxşı yerdi ki? – xəbər aldım.

– Yaxşı da sözdür? Qiyamət yerdi, – yavaş səslə dilləndi. Orada ürəyin istəyən hər şeyi tapa bilərsən. Əsl kef çəkməli şəhərdi. Özü də həqiqi əyləncə, bu xaraba kimi yox. Bu cəhənnəmdə nə qədər əlləşsən də, əylənə bilmirsən.

– Biz oteldə yaşayırdıq, – Valentin meydanından gələn oğlan dilləndi. Müharibədən əvvəl oteldə bir gecə üçün 5–6 dollar pul ödənərdi. Bir otaq üçün.

– Ahh, oranın duşları… – Ferqi həsrətlə köks ötürdü. O bunu elə bir tonda dedi ki, Pyer Abelyar qocalıq vaxtlarında Eloizanın saçlarını xatırlayanda həmin səslə danışardı.

– Orda körpə uşaqlar təki tərtəmiz olurduq. Hər otaqda dörd nəfər qalırdıq, otaqların arasında isə duş kabinləri var idi. Sabunu da pulsuz verirdilər. Özü də hər növdə sabun. Yoxsa ordudakı G.İ sabunu kimi yox…

– Sən sağsan? – yük maşınının qarşısında bir nəfər Ferqiyə səsləndi. Üzünü seçə bilmədim.

Ferqi tövrünü pozmadı. “Duşlar”, – bir də təkrarladı. Gündə iki–üç dəfə duş alırdım.

– Mən əvvəllər oralarda satışla məşğul olmuşam, – yük maşınınındakı kişilərdən biri dilləndi. Qaranlıqda üzünü güclə seçə bilirdim. – Məncə, Güneydə ən yaxşı şəhərlər Memfis və Dallasdır. Qışda Mayami həddən artıq dolu olurdu. Adam başını itirirdi. Getməyə dəyən yerlərində də oturmağa yer tapmırdın.

– Biz orda olanda elə də izdiham yox idi amma. Elə deyil, Ferqi? – Valentin prospektindən gələn oğlan soruşdu.

Ferqi cavab vermədi. Fikri hardasa uzaqlarda idi. Memfis və Dallas şəhərlərini sevən adam da bunu hiss edirdi. Üzünü Ferqiyə tutdu: – Burda, bu düşərgədə gündə bir dəfə duş ala bilsəm, özümü xoşbəxt sayıram. Mən düşərgənin qərb tərəfindəki yeni hissədəyəm. Hələ duşların hamısını tikib qurtarmayıblar.

Mənasız müqayisə idi. Ferqinin də marağını çəkmədi.

Yük maşınının qabağından möhkəm səs qopdu: – Bu gecə də uçuş yoxdur! O kursantlar bu gecə də uçmayacaq.

Artıq səkkizinci gecədir ki, gecə uçuşu yoxdur.

Ferqi istəksiz başını qaldırdı: “Mən burda olandan təyyarə üzü görməmişəm. Arvadım da elə bilir ki, göylərdə özümü həlak edirəm. Hava Qüvvələrindən çıxım deyə məktub yazır. Yazıq elə düşünür ki, B-17-dəyəm. Klark Qeybllə bağlı yazılanları oxuyur, düşünür ki, mən də bombardmançıyam, pulemyotçuyam, ya nəyəm. Ürəyim gəlmir ona deyəm ki, mənim bütün işim gedib zibil boşaltmaqdı”.

– Zibil? Nə zibil? – Memfis və Dallas şəhərlərini tərifləyən maraqlandı.

– Hər nə desən… Zibildən çox zibil var burda, – Ferqi bir neçə dəqiqəliyinə Mayami söhbətini unudub Memfis-Dallasa öldürücü bir baxış atdı.

– Həəə… – Memfis-Dallas sözünü bitirməmiş Ferqi mənə tərəf döndü:

– Kaş Mayamidəki duşları görəydin, serjant. Vallah deyirəm. Ondan sonra adam öz vannasında çimmək istəməz.

Sonra Ferqi üzünü çevirir, mənə marağını itirir – bu da tamamilə başadüşüləndir.

Memfislə Dallas şəhərini bəyənən oğlan həyəcanla qabağa əyilib Ferqiyə müraciət edir:

– İstəsən, sənə bir reys düzəldə bilərəm. Mən dispetçrdə işləyirəm. Bu leytenantlar ayda bir dəfə uzun uçuşlara çıxırlar, bəzən arxa tərəfdə sərnişin olmur. Mən belə çox getmişəm. Maksvell Fieldə də, başqa yerlərə də.

Sonra elə bil onu nədəsə günahlandırırmış kimi barmağını Ferqiyə tuşlayır:

– Bəri bax. Nə vaxtsa getmək istəsən, mənə xəbər elə. Dispetçrdən Potteri soruş. Adım Potterdi.

Ferqi laqeyd bir maraqla baxır.

– Doğrudan? Potteri çağırım hə? Nəsə rütbən zadın var?

– “Sıravi,” – Potter bir az incik halda dilləndi.

Valentin Avenyudan olan oğlan yanımdan bayıra boylanıb zifiri qaranlığa baxdı:

– Gör necə yağır!

Qardaşım hardadır? Mənim qardaşım Holden hardadır? Bu “itkin düşüb” söhbəti nədi belə? Mən buna inanmıram. Mən başa düşə bilmirəm. Mən buna inanmıram. Amerika höküməti yalançıdır. Hökümət mənə və ailəmə yalan danışıb. Ömrümdə belə sərsəm xəbər eşitməmişəm. Niyə axı? O, Avropadakı bəlanın içindən belə burnu qanamadan çıxmışdı. Üstəlik, keçən yay Sakit okean cəbhəsinə göndərilməzdən əvvəl hamımız onu görmüşdük – əla görünürdü. İtkin düşüb…

İtkin düşüb. İtkin düşüb. İtkin düşüb. Yalançılar!

Mənə yalan danışırlar. O, əvvəllər heç vaxt itkin düşməyib. O, dünyanın ən az itkin düşən oğlanlarından biridir. O burda, bu yük maşınındadır. O Nyu–Yorkda evindədir. O Pensi hazırlıq məktəbindədir (“Oğlunuzu bizə göndərin – adam edək. Tamamilə müasir, yanğına davamlı binalar…” ) Hə, o Pensidədir. Heç vaxt məktəbdən getməyib. O Keyp–Kodda eyvanda oturub dırnaqlarını mayasına kimi yeyir. Mənimlə tennis oynayır, özü tora yaxın dayanıb mənə qışqırır ki, arxa xətdən geri çəkilmə. İtkin? Buna itkin deyirlər? Belə vacib bir şey barədə niyə yalan danışsınlar? Hökumət buna necə cürət edə bilər? Bundan nə qazanırlar axı – belə yalan danışmaqdan?

– Ay serjant! – yük maşınının qabağındakı yenə qışqırır. – Tərpənin də! Qızları gətirin!

– Qızlar necədilər, serjant? Yaxşıdılar?..

– Bugünküləri bilmirəm – dedim. – Amma adətən, onlar yaxşı olur.

Yəni demək istəyirəm ki, adətən elə olur, adətən yəni. Yəqin, bu gün də elə ola bilər. Yəni yaxşı olması üçün hamı əlindən gələni edir. Hamı bacardığını edir. Qızlar səndən haralı olduğunu soruşurlar, sən şəhərin adını deyəndə isə elə təkrarlayırlar ki, sanki cümlənin sonunda nida işarəsi var. Sonra başlayırlar Duqlas Smitdən danışmağa – kapral Duqlas Smit (ABŞ ordusu). “Duq da Nyu–Yorkdandır, bəlkə, tanıyarsan?” – deyirlər. Sən isə, yəqin ki, tanımadığını deyirsən və izah edirsən ki, Nyu–York çox böyük şəhərdir. …və Helenin bir əsgərlə evlənib bir il, ya da altı il gözləməsini istəmədiyin üçün Duqlas Smiti tanıyan bu qəribə qızla – Lloyd C. Duqlasın yazdığı hər sətri oxumuş bu qəribə, amma yaxşı qızla rəqs etməyə davam edirsən. Sən rəqs etdikcə, orkestr çalmağa davam etdikcə, beynində musiqi və rəqsdən başqa dünyanın hər şeyi dolaşır. Fikirləşirsən, görəsən, balaca bacın Fibi iti müntəzəm gəzdirməyi yadından çıxarmır ki; Joeynin boyun qayışını dartmamağı yadında saxlayırmı – o uşaq axırda iti öldürəcək.

– Mən heç vaxt belə yağış görməmişəm, – Valentin Avenyudan gələn oğlan deyir. – Sən heç belə yağış görmüsən, Ferqi?

– Belə, yəni necə?

– Bu cür yağış da.

– İndi görürəm.

“Tərpənin! Qızları gətirin!” – oğlan yenə hay-həşir saldı. İndi üzünü görə bilirəm. O, yük maşınındakılara oxşayır. Biz hamımız bir–birimizə bənzəyirik.  

– Leytenant necə adamdır, serjant? – Bronks tərəflərindən olan oğlan soruşur.

– Bilmirəm, – deyirəm. – Bir–iki gün əvvəl buraya gəlib. Eşitmişəm ki, əvvəllər də elə bu tərəflərdə yaşayırmış.

– Adamın bəxtinə bax! – Valentin Avenyudan olan oğlan deyir. – Xidmətdə olduğun yerə yaxın yaşamaq… Kaş mən də Mitçel–Filddə olaydım. Yarım saata evdə olardım.

Mitçel-Fild. Lonq Aylend.

O vaxt biz orada necə də əylənmişdik! Port-Vaşinqton, şənbə günü, aydın bir yay səhəri… “Yarmarka çox gözəldir. Gedib baxsan, pis olmaz”, – Red mənə demişdi.

Mən də Fibini apardım. Yanında Minerva adlı bir qız uşağı vardı – adı adamın əsəblərinə toxunurdu. İkisini də maşına mindirdim, sonra Holden üçün göz gəzdirdim. Amma onu tapa bilmədim. Axırda mən, Fibi və Minerva Holdensiz getdik.

Yarmarkada biz “Bell” firmasının telefon sərgisinə baxmağa getdik və mən Fibiyə dedim: “Bax, bu telefon birbaşa Elsi Ferfild haqqında kitabların müəllifinə bağlanıb”. Fibi elə Fibiyə xas olan bir tərzdə, sevincindən hoppanıb–düşməyə başladı, dəstəyi qapıb titrək səslə dedi: “Salam, mən beynəlxalq yarmarkadan Fibi Kolfildəm. Siz məni tanımırsınız, amma mən sizin kitablarınızı çox sevirəm, məncə, bəzi yerləri hətta çox möhtəşəmdir. Mənim anamla atam hazırda öz teatrları ilə Qreyt-Nekdədirlər, “Ölüm məzuniyyətdə” tamaşasını oynayırlar. Biz burada bütün günü okeanda çimirik, amma Keyp-Koddun suyu daha yaxşıdır. Hələlik!” Sonra isə biz pavilyondan çıxdıq və Holdenin orada dayandığını gördük – yanında Hart və Kirki Morris vardı. Əynində mənim yumşaq parça köynəyim idi. Paltosu yox idi. O gəlib Fibidən avtoqraf istədi, Fibi sevincindən onun qarnına yumruq ilişdirdi. Xoşbəxtlikdən, Holden onun qardaşı idi… Sonra mənə dedi:

– Gəlin aradan çıxaq, burada təbliğat adamı boğur. Gedək atraksionlara minək və ya başqa nəsə əyləncəli bir işlə məşğul olaq.

İtkin düşüb? Kim itib? O yox. O, sərgiyə gedib. Mən onu harda tapacağımı bilirəm. Onun harda olduğunu dəqiq bilirəm. Fibi də bilir. O bircə dəqiqəyə Holdeni tapa bilər. İtkin düşmək nədir? İtkin düşmək. Nə mənası var bunun?

– Hey, sizin evdən 42-ci küçəyə nə qədər yol var? – Ferqi Valentin küçəsindən 42-ci küçəyə getməyin nə qədər çəkdiyini bilmək istəyirdi.

Valentin prospektindən gələn oğlan bir az fikirləşdi.

– Evimdən, – deyə o ciddi şəkildə sözə başladı, – Paramount Teatrına metro ilə düz qırx dörd dəqiqə çəkir. Buna görə mən sevgilimlə iki dollardan mərcə girib qazanmışdım, sadəcə pulu ondan götürmədim.

Memfis və Dallası Mayamidən daha çox sevən kişi söhbətə qoşuldu:

– Ümid edirəm bu axşamkı qızların hamısı maraqsız olmaz. Yaşları azdı deyə deyirəm. Qorxanda mənə elə baxırlar ki, elə bil çox qocayam.

Ferqi:

– Mən çalışıram rəqs zamanı çox tərləməyim. Bu G.I. rəqsləri, həqiqətən, adamı əldən salır. Qızlar tər iyi gələn kişiləri sevmir. Arvadım da elədir. Amma o tərləsə də, eybi yoxdur – o başqadır!.. Qadınlar… adamı dəli edirlər.

Qəfil möhkəm ildırım çaxdı. Hamı dik atıldı… az qala yük maşınından yıxılacaqdım.

Yük maşınının ön tərəfindən laqeyd bir səs eşidilir:

– Nə zamansa Atlantaya getmisiniz?

Elə bil hamı növbəti ildırımı gözləyirdi. Susmuşdular.

– Mən yox, – deyirəm.

– Atlanta yaxşı şəhərdir.

Birdən hardansa leytenant peyda olur, tamam suyun içindədir. Başını yük maşınının içinə uzadır: Burdan dörd nəfər getməlidir.

O, islanmasın deyə papağının üzərinə örtük taxıb, gülməli görünür. Üzü də islanıb. Onun üzü az qırışlıdır. Bilinir ki, hələ təzədir, hökumətin ona verdiyi yeni əmrlərə tam öyrəşməyib. O mənim paqonuma baxır – qollarımı örtməli olan (və ciblərində məktublarım olan) oğurlanmış plaşımın yerinə.

– Serjant, burda rəhbər sənsən?

– Eehh. Bəli, ser. Heyətinizi seçə bilərsiniz.

– Burda neçə nəfər var?

– Yaxşısı budur, yenidən sayım, ser.

Arxaya dönürəm və deyirəm: “Yaxşı, kibriti olanlar, yandırın. Başları sayacağam”.

Dörd–beş nəfər eyni anda kibrit yandırır. Mən də guya başları sayıram. Nəticə: “otuz dörd nəfər, mən də daxil, ser”.

Leytenant başını yelləyir: “Çoxdur”. Mən özümü elə aparıram ki, sanki bu barədə elə indicə xəbər tuturam. “Mən özüm bütün növbətçi otaqlara zəng etmişdim,” – deyə əlavə edir, – və dəqiq demişdim ki, hər eskadrondan yalnız beş nəfər getməlidir”.

(Mən elə bil vəziyyətin ciddiliyini indi dərk edirdim. Hətta ona deyə bilərdim ki, dörd nəfəri güllələyək. Rəqsə getmək istəyənləri güllələmək üçün təcrübəli bir dəstə də çağıra bilərdik).

Leytenant məndən soruşur: “Xanım Ceksonu tanıyırsan, serjant?”

“Kim olduğunu bilirəm,” – deyirəm.

“Yaxşı, – deyir leytenant, – xanım Cekson bu səhər mənə zəng etmişdi və otuz nəfər istəmişdi. Deməli, biz dörd nəfərdən xahiş etməli olacağıq ki, öz bölmələrinə qayıtsınlar”.

O, üzünü çevirib yük maşınının içinə daha dərindən baxır. “Mənə fərqi yoxdur ki, bu məsələ necə həll ediləcək, amma mütləq edilməlidir”.

Yük maşınındakı adamlara gözücü baxıram:

– Kim bu rəqsə yazılmayıb?

– Mənə niyə elə baxırsan, – Valentin Avenyudan gələn cavab verdi, – mən yazılmışam.

– Bəs kim yazılmayıb? Kim sadəcə kimsə çağırdığı üçün gəlib?

“Tez elə, serjant,” leytenant başını yük maşınına salıb hirslənir.

“Tez olun görüm. Kim yazılmayıb?” Mən ömrümdə hələ heç vaxt bu qədər alçaq olmamışdım. “Hamımız yazılmışıq, ser, – Valentin Avenyu yenidən cavab verdi.  Amma bizim eskadronda yeddi nəfər yazılıb”.

“Yaxşı, – deyə düşündüm, – indi hər şeyi yoluna qoyacam. Onlara əla bir çıxış yolu təklif edəcəm”. Kim burda qalıb filmə baxmaq istəyər? Səssizlik. Bir nəfər, nəhayət, reaksiya verdi. Səssizcə Potter (Memfis–Dallaslı adam) qalxır və çıxış tərəfə yönəlir. Adamlar ayaqlarını çəkirlər ki, keçə bilsin. Mən də kənara çəkilirəm. Daha bir nəfər… “Kənara çəkilin”, – deyir Ferqi ayağa qalxaraq. “Cəhənnəmə olsun rəqsləri, evlilər bu axşam öz vəfalı xanımlarına məktub yazarlar”. Bunu deyib yük maşınından düşür. Gözləyirəm. Hamımız gözləyirik. Başqa heç kim çıxmır.

“İki nəfər də”, – boğuq səslə qışqırıram. Onları sıxışdıracağam. Bu adamları sıxışdıracağam, çünki onların hamısından zəhləm gedir. Hamısı dözülməz dərəcədə axmaqdır. Bunların nəyi var? Elə bilirlər rəqsdə möhtəşəm vaxt keçirəcəklər? “Mari” mahnısında möhtəşəm bir trompet solosu eşidəcəklər? Bu axmaqların dərdi nədir? Mənim öz dərdim nədir? Niyə onların hamısının getməsini istəyirəm? Niyə mən özüm də getmək istəyirəm? “Bir az da döz” –  nə gözəl zarafatdır. Sən özün də getmək üçün yanıb tutuşursan, Koldfild…

“Yaxşı”, – deyirəm soyuq tərzdə. “Soldakı son iki nəfər. Çıxın. Sizi tanımıram”.

Sizi tanımıram!

Bayaqdan qızlardan ötrü dil boğaza qoymayan oğlan qalxır. Mən isə heç bilmirdim ki, ən sol küncdəki iki nəfərdən biri elə odur. Sonra yük maşınından yavaş–yavaş və tərəddüdlə boyca bir az daha kiçik, tamamilə uşaq görünüşlü bir əsgər düşür. On səkkiz yaşı olar ya olmaz, amma ana uşağına oxşamır.

– Mən siyahıda var idim, – əsgər leytenantın baxışlarını hiss edib dedi, – o oğlan siyahını yenicə tutmağa başlayanda yazılmışdım. Lap elə həmin an.

– Yox, əsgər, belə yalanlar bizdə keçməz, – leytenant cavab verdi və mənə tərəf döndü: – Serjant, hər şey qaydasındadır?

– Siz Ostranderdən soruşa bilərsiniz, – əsgər leytenanta dedi, sonra isə brezentin altına boylanıb qışqırdı: – Ey, Ostrander, siyahıda birinci mən idim, elə deyil?

– Hansı siyahıda? – Ostrander içəridən səs verdi.

– Rəqsə getmək istəyənlərin siyahısında.

– Nə olub axı? – Ostrander hirsləndi. – Şəxsən mən siyahıda var idim.

Nə axmaq adamdır bu Ostrander.

– Yaxşı, məgər mən siyahıda birinci deyildim? – əsgər titrəyən səslə qışqırdı. –Mən nə bilim, – Ostrander cavab verdi, – bəlkə, vardın, bəlkə də, yox idin.

Yağışın altında duran əsgər qəfil leytenanta tərəf döndü:

– Axı, vallah–billah, siyahıda birinci mən idim. Bu oğlan bizim eskadrondandır, qərargah dəftərxanasında oturan var ey, tanıyırsınız, qaraşın biridir, bax o, siyahını təzəcə tutmağa başlayanda mən artıq yazılmışdım. Lap birinci mənəm!

Leytenantın üst–başından su süzülürdü.

– “Yaxşı, cəhənnəm ol, min!”

Oğlan yenə maşına çıxır və adamlar tez ona yer açırlar.

Leytenant mənə tərəf dönür:

– Serjant, burda telefon harada var?

– Xidməti binada, ser. Göstərim?

Biz qırmızı palçıq çaylarının içindən keçərək binaya tərəfə gedirik.

Ana, sənsən? – leytenant dəstəyi götürdü. – Salam. Hər şey qaydasındadır, ana. Hə, ana, gələcəm… yəqin ki, buraxsalar, bazar günü; söz veriblər buraxmağa. Ana, Sara-Ceyn evdədir?.. Bəs onunla necə danışmaq olar? Hə, ana, bazar günü, bacarsam… Bir dəqiqəyə yaxın susduqdan sonra leytenant deyir: Sara-Ceyn, sənsən?.. Əla. Hər şey tam qaydasındadır. Hər şeyi tənzimlədim. Anama da dedim, yəqin, bazar günü gələcəm, əgər buraxsalar… Bəri bax, Sara-Ceyn. Harasa hazırlaşmırsan ki?.. Nə pis oldu. Çox pis… Qulaq as, bəs maşın necə oldu? Düzəltdirdin? Əla, əla. Demək olar pulsuz-parasız… – Leytenantın səsi qəsdən laqeyd bir ton alır. – Qulaq as, Sara-Ceyn, indi miss Ceksonun yanına gələ bilərsən? Mən bizim uşaqları onun yanına rəqsə aparıram. Miss Ceksonu tanıyırsan da, elə deyil? Burda xoşagəlməz vəziyyət yaranıb, bir nəfərə qız çatmır. Hə… Hə… Hə… Ay qız, başa düşürəm ki, yağış yağır, – onun səsi birdən əmin və sərt bir ton alır: – Mən səndən xahiş eləmirəm. Mən sadəcə xəbər edirəm. İstəyirəm ki, sən elə indicə miss Ceksonun yanına gedəsən, aydındır? Mənim vecimə də deyil… Hə, qaç görüm, tez ol… Hələlik.Telefonu söndürür.

İliyinə qədər islanmışdı. Biz yenə yük maşınına doğru gedirik.

Haradasan, Holden? Bu “itkin” oyununu dayandır artıq. Eşidirsən? Bunu mənim üçün elə! Heç olmasa ona görə ki mən hər şeyi bu qədər gözəl xatırlayıram. Mən həyatımdakı bütün o yaxşı şeyləri sadəcə unuda bilmirəm. Qulaq as, Holden, bir zabit ya da əsgər tap, ona de ki, itkin deyiləm, ölməmişəm, yoxa çıxmamışam, burdayam…

Di qurtar bu zarafatları. İnsanları itkin düşdüyünə inandırma. Mənim xalatımı götürüb çimərliyə getmə. Tennis oynayanda meydançama keçmə. Fit çalma. Masanın arxasında düz otur!..

1 oktyabr 1945-ci il.

1.Hərbi Hava Qüvvələrinin marşı