Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Buxara vilayətinin aparıcı mədəniyyət və incəsənət müəssisələrinin rəhbərləri arasında görüş keçirilib.
“Füyuzat” xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Buxara vilayətinin Mədəniyyət İdarəsində keçirilən görüşdə Özbəkistan Dövlət Filarmoniyasının vilayət şöbəsinin direktoru Rauf Avezov, Buxara İxtisaslaşdırılmış İncəsənət Məktəbinin direktoru Boburşoh Nurullayev, Vilayət Dram teatrının direktoru Şuxrat Rəcəbov, Kukla teatrının direktoru Gülnora Hüseynova və baş rejissoru Pirnazar İmomnazarov, həmçinin Buxara İxtisaslaşdırılmış Makom Məktəb-internatının direktoru Baxtiyor İsmətov iştirak ediblər.
Görüş zamanı prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında formalaşmış əbədi dostluq və qardaşlıq münasibətlərinin inkişafında mədəni əlaqələrin xüsusi rolu vurğulanıb.
Tərəflər Buxara vilayətində “Azərbaycan mədəniyyəti və sənəti günləri”nin keçirilməsi, bu çərçivədə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin təqdim olunması, həmçinin Azərbaycandan və Özbəkistandan olan iştirakçıların birgə tədbirdə təmsil olunması ilə bağlı razılığa gəliblər. Bildirilib ki, tədbir çərçivəsində hər iki ölkənin mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə müxtəlif təqdimatlar, görüşlər, yaradıcılıq proqramları və digər mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Görüşdə, həmçinin sənətçilər və yaradıcı kollektivlər arasında qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin təşkili, milli musiqi və incəsənət nümunələrinin təbliği, birgə konsert proqramlarının, sərgilərin və digər mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüslər irəli sürülüb.
Qeyd olunub ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlər iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi və zənginləşdirilməsi üçün möhkəm zəmin yaradır.



