Xəbərlər

Çin: Fransanın strateji muxtariyyət əldə etməsini dəstəkləyirik

“Çin Fransa ilə əməkdaşlığı gücləndirməyə hazırdır və onun strateji muxtariyyət istəyini dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Nitsada Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı Çin Xalq Respublikasının sədr müavini Han Çjen deyib.

“Çin Fransanı strateji muxtariyyət əldə etmək yolunda dəstəkləyir və Çin-Fransa əlaqələrinin inkişafına yeni dəstək qüvvələrini daxil etmək üçün ikitərəfli və çoxtərəfli əsasda Fransa tərəfi ilə strateji əlaqə və koordinasiyanı gücləndirməyə hazırdır”, – siyasətçi bildirib.

Çjen Makronla söhbətində xatırladıb ki, bu il Pekin ilə Avropa İttifaqı (Aİ) arasında diplomatik münasibətlərin qurulmasının 50 ili tamam olur: “Mövcud mürəkkəb beynəlxalq vəziyyətdə Çin və Aİ arasında əməkdaşlığın gücləndirilməsi hər iki tərəfin və bütün dünyanın maraqlarına cavab verir. Çin Aİ ilə əməkdaşlıq sahələrini genişləndirməyə və ikitərəfli münasibətlərdə birgə yeni irəliləyişlərə nail olmağa hazırdır”.