Oktyabrın 8-9-da Bakıda memarlıq-tikinti akustikası sahəsində mütəxəssisləri, memarları, layihəçiləri və tikinti sektorunun 15-dən çox ölkədən təmsilçilərini bir araya gətirəcək XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu (MAİF) keçiriləcək. Forumun təşkilatçısı “Cinecon” şirkəti, həmtəşkilatçısı isə “Akustik Qrupp” holdinqidir.
MAİF 10 ildən çoxdur ki, müxtəlif təyinatlı obyektlərin akustik layihələndirilməsinə müasir yanaşmaların, səs-küy və vibrasiyadan mühafizənin, akustik komfortun inkişafının və şəhərin səs mühiti ilə işləməyin müzakirə edildiyi platforma kimi fəaliyyət göstərir.
“Füyuzat” xəbər verir ki, bu il forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Rumıniya, Türkiyə, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Özbəkistan və digər ölkələrdən nümayəndələr iştirak edəcəklər. Konfransın əsas hadisəsi memarlıq-tikinti akustikasının aktual problemlərinə həsr edilən sessiya olacaq.



