Xəbərlər

Çin Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək

“Çin İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransında iştirak etmək üçün nümayəndə heyəti göndərməyəcək, çünki konfransın keçirilməsi üçün əsas amillər nəzərə alınmayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Biz dəfələrlə vurğulamışıq ki, Ukrayna üzrə sülh konfransı həm Rusiya, həm də Ukrayna tərəfindən dəstəklənməli, hamı bərabər əsasda iştirak etməli və bütün sülh layihələri ədalətli şəkildə müzakirə edilməlidir. Çinin bu konfransda iştirak etməməsi onun sülhü dəstəkləmədiyi anlamına gəlmir”, – Ninq qeyd edib.

İyunun 15-16-da İsveçrə Ukrayna üzrə beynəlxalq konfrans keçirməyi planlaşdırır və bu konfransa 160-dan çox nümayəndə heyəti, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİCS ölkələri dəvət olunub. Rusiya bu siyahıya daxil deyil. Ukrayna prezidenti Volodimr Zelenski daha əvvəl deyib ki, Kiyev Çinin İsveçrə sammitində iştirakdan imtina etməsini müsbət qarşılamır. O, Pekinin Moskvaya dəstəyini strateji səhv hesab etdiyini və ÇXR-i sülh prosesini pozmağa çalışmaqda ittiham edib.