İnformasiya əldə etməyin bu qədər asan olduğu bir dövrdə təhsil almaq, özünü inkişaf etdirmək bir düyməyə toxunmaq qədər əlçatandır. COVİD19 reallığı istər pandemiya, istərsə də post pandemiya dövründə yeni təhsil standartı olan onlayn təhsili bizə qəbul etdirdi. Artıq informasiya dövründə təhsil yeni mərhələyə qədəm qoymuş oldu. Bu dövrün əlverişli təhsil yeniliklərindən biri də müxtəlif platformalar vasitəsilə ixtisasımıza uyğun proqramalara qoşularaq təhsil əldə edə bilməkdir. Belə platformalardan biri də Coursea-dır. Haqqında danışacağımız Coursera platforması 2012-ci ildə Stenford Universitetinin professorları Andryu Ng və Dafne Koller tərəfindən qurulmuşdur. Dünyanın öndə gələn universitetləri (Oksford, Stenford, Yale, London və s.) və digər texnologiya şirkətləri (Microsoft, Google, IBM, Meta və s.) ilə əməkdaşlıq çərçivəsində milyonlarla insana onlayn təhsil almaq, müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlar əldə imkanı yaradan bu platformada 92 milyondan çox istifadəçiyə müxtəlif səviyyələr üzrə təhsil almaq imkanı təklif edilir ki, onların hər birinin də öz qiyməti var. Eyni zamanda Coursera istifadəçiləri üçün ödənişsiz formada əldə edə biləcəkləri yüzlərlə pulsuz dərs də təklif edir.
Coursera fərqli üslublarda tədris prosesi təqdim edən bir platformadır. İstifadəçilər müxtəlif peşəkar kurslar, ixtisaslar, dərəcələr arasında seçim etmək imkanına malikdirlər. Coursera dərsləri 300-dən çox şirkət və universitet tərəfindən təqdim olunur. İstifadəçilər platformada olan dərslər vasitəsilə müxtəlif sertifikatlar, dərəcələr qazana bilərlər. Platformada olan dərslər zaman və məkan məhdudiyyəti olmadan videomühazirələr şəklində təqdim olunur. Digər materiallar isə, əsasən, pdf şəklində, müzakirə mövzuları formatında, eyni zamanda testlər, layihə əsaslı tapşırıqlar formasında təqdim oluna bilir.
Coursera müxtəlif istiqamətlər üzrə sertifikatlar və təhsil səviyyələri təklif etdiyi üçün bu, karyera yolunuzda lazım olan bilik, bacarıq və təcrübəyə malik olduğunuzu göstərməklə yanaşı, peşəkar həyatınıza da fayda verə bilər. Ödənişsiz dərslər, adətən, sertifikat təqdim etməsə də, müəyyən istiqamətlər üzrə təhsil aldığınızı göstərə bilən tamamlama sertifikatları verir. İstənilən halda, Coursera bilik və bacarıqlarınızı artıra biləcək sənayeyə aid bacarıqlar üzrə təhsil imkanları təklif edən unikal bir platformadır.
Ölkəmizdə də Coursera platformasına, onun təklif etdiyi təhsil imkanlarına maraq kifayət qədər yüksəkdir. Belə ki, 2024-cü ildən İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) , Elm və Təhsil Nazirliyinin tabeyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın Coursera onlayn təhsil platforması əməkdaşlıq çərçivəsində vətəndaşlarımıza müxtəlif istiqamətlər üzrə pulsuz kurslar təqdim edir. 4Sİ Akademiyasının verdiyi məlumata əsasən, artıq “4Sİ Akademiyası – Milli proqram” çərçivəsində aprel ayında 7500 nəfər təlimlərə başlayıb ki, onlar 40 mindən çox kursa müraciət ediblər. Növbəti “Milli Proqram” çərçivəsində yaşından və məşğulluq səviyyəsindən asılı olmayaraq Azərbaycan vətəndaşları müxtəlif kurslardan yararlanmaq imkanı əldə edəcəklər ki, bu da ölkəmizdə təhsilə olan marağın, onun inkişafına verilən dəstəyin göstəricisidir.