Ədəbiyyat • Xəbərlər

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində nəşr olunub

zərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının Türkiyədə tanıdılması istiqamətində həyata keçirdiyi layihə çərçivəsində dahi Azərbaycan şairi və Türk dünyası mütəfəkkiri Nizami Gəncəvinin dünya ədəbiyyatının nadir incilərindən olan “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində Ankarada işıq üzü görüb.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, “Xosrov və Şirin” poemasını orijinaldan Türkiyə türkcəsinə Ərzurum Atatürk Universitetinin professoru, tanınmış şərqşünas və tərcüməçi professor Nimet Yıldırım tərcümə edib.

Tərcüməçi nəşrə yazdığı geniş elmi məzmunlu “Ön söz”də Nizami Gəncəvinin həyat və yaradıcılığını, Azərbaycan və Şərq ədəbiyyatındakı mövqeyini, “Xosrov və Şirin” poemasının yaranma tarixini, ideya-fəlsəfi məzmununu və dünya ədəbiyyatına təsirini ətraflı təhlil edib. “Ön söz”də əsərin şairin yaradıcılığındakı xüsusi yeri, onun bəşəri və humanist ideyalarının bu gün də aktuallığını qoruduğu vurğulanıb.

Qeyd edək ki, Nizami Gəncəvi yaradıcılığı Azərbaycan ədəbiyyatının və bütövlükdə dünya mədəniyyətinin ən qiymətli mənəvi sərvətlərindəndir.

Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan “Xosrov və Şirin” poeması Şərq ədəbiyyatında məhəbbət mövzusunda yazılmış ən möhtəşəm poetik əsərlərdən biri hesab olunur. Xosrov və Şirin obrazlarının taleyi üzərində qurulan əsərdə saf məhəbbət, sədaqət, ədalət, insan ləyaqəti, mənəvi kamillik və zəhmətə verilən yüksək dəyər kimi ümumbəşəri ideyalar dərin fəlsəfi məzmun və bədii ustalıqla əks etdirilib.

Poemada şair yalnız təsirli məhəbbət dastanı yaratmaqla kifayətlənməyərək, insanın mənəvi dünyasını, əxlaqi seçimlərini, cəmiyyət və həyat haqqında düşüncələrini də yüksək poetik sənətkarlıqla ifadə edib.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Nizami Gəncəvi irsinin Türkiyədə geniş tanıdılması və Azərbaycan klassik ədəbiyyatının ortaq Türk dünyası mədəniyyət məkanında təbliği məqsədilə 2024-cü ildən həyata keçirilən layihə çərçivəsində şairin “İskəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” və “Xosrov və Şirin” əsərləri orijinaldan Türkiyə türkcəsinə tərcümə edilərək nəşr olunub.

Nəşrlər böyük şairin zəngin ədəbi-fəlsəfi irsinin Türkiyənin elmi, ədəbi və mədəni mühitində daha geniş tanıdılmasına, Azərbaycan və Türkiyə arasında ortaq ədəbi-mədəni əlaqələrin inkişafına mühüm töhfə verir.