Görəsən, neçə bahar, neçə qış keçirib bu ardıc ağacı?
Neçə fırtınaya sinə gərib, neçə quraqlığa dözüb, neçə nəslin gediş-gəlişinə şahid olub?
Təbiətin ən səbirli ağaclarından biridir Ardıc. O, böyüməyə tələsmir. Qayalıqları özünə yurd seçir, quraq torpaqlarda kök salır. Suyun azlığına, günəşin qovurucu istisinə, qışın sərtliyinə baxmayaraq həyata möhkəm sarılır. Yüz illərlə yaşaya bilir. Yaşlandıqca gövdəsi çatlayır, budaqları əyilir, amma o, bütün bunlara rəğmən yaşıllaşmağa davam edir.
İnsan bu qocaman ağacın kölgəsində dayananda zamanın nə qədər nisbi olduğunu daha yaxşı anlayır. Bizim uzun hesab etdiyimiz ömrümüz onun həyatında, bəlkə də, cəmi bir neçə mövsümdən ibarətdir.
Diqqətlə baxanda gövdəsindəki hər yarığın bir xatirə, hər budağın bir mübarizə, hər yaşıl pöhrənin isə yeni bir başlanğıc olduğunu hiss edirsən.
Ardıc ağacı sanki insana səssizcə nələrsə söyləyir: Kökün möhkəm olsun, böyüməyə tələsmə, çətinliklər qarşısında dərhal təslim olma. Ən əsası isə illər keçsə də, yaşıllaşmaqdan əl çəkmə.
Deməli, ömrün dəyəri yaşadığımız illərin sayı ilə yox, onlara nə qədər məna sığdırmağımızla ölçülür.



