Ədəbiyyat

Dədə Qorquddan üzü bəri

Sazın-sözün missiyası xalqın dilini, ruhunu yaşatmaq, arıdıb durultmaq, onun tarixi-mənəvi kimliyini, etnoqrafik yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehrli bir ecazkarlıqla sabahlara daşımaqdır. Yüz illərin uzaq dərinliklərində möhtəşəm oğuznamələri düzüb-qoşan alp ozanların könül yadigarları bu gün bizim üçün ona görə əzizdən də əzizdir ki, onların hər kəlməsində dilimizin-ruhumuzun, mənəvi varlığımızın aydınlığını, duruluğunu, yenilməzliyini görə bilirik. Bu baxımdan Ata Qamların (şamanların), Dədə Ozanların əski çağlardan başladığı mübarək yolu – dil və ruh mücadiləsini sonrakı dönəmlərdə ustad aşıqlarımızın yüksək poetik ovqatla davam etdirməsi, mənsub olduqları xalqın mənəvi gücünü qürurla daşıması, yeni nəsillərə təlqin edib mənimsətməsi milli varlığımızın, o cümlədən istiqlal və dövlətçilik düşüncəmizin qorunub möhkəmləndirilməsində mühüm rol oynamaqdadır.

Oğuz epoxasının ozanı oğuznamə söylədiyi zaman məhz dövlətçilik düşüncəsinə (eyni zamanda qüruruna!) söykəndiyi üçün aşağıdakı poetik nidaları səsləndirirdi:

Alar-sabah sapa yerdə dikiləndə ağ-ban evli!
Atlasla yapılanda gög sayvanlı!
Tavla-tavla çəkiləndə şahbaz atlu!
Çağırıban dad verəndə yol çavuşlu!
Yayqandığında yağ dökülən bol nemətlü!
Qalmış yigit arxası!
Bizə miskin umudu!
Bayındır xanın göygüsü!
Tülü quşun yavrusu!
Türküstanın dirəgi!

Öz tarixi-mədəni mahiyyətinə görə, əsasən, bahadırlıq ruhunun təbliğ və təlqininə yönəlmiş ozan sənətinin birbaşa olmasa da, dolayı davamçısı statusunda çıxış edən aşıq sənəti, ozanlara məxsus söz və musiqi repertuarını, ifaçılıq üslubunu öz süzgəcindən keçirərək müəyyən şərtlər daxilində mənimsəmişdir. Belə ki, islamaqədərki düşüncə və inanış sisteminin daşıyıcısı olan ozanların qam-şaman mədəniyyəti ilə bağlı söylədikləri folklor mətnləri – poetik müraciət-nidalar, alqış-dualar, rəvayətlər, dastanlar və s. yeni dini dünyagörüşü – İslam təməli üzərində ortaya çıxan dərviş-aşiqlər (XIII–XV əsrlər) tərəfindən ya tamamilə qəbul edilmir, ya da dəyişdirilərək yeni məzmuna – sufi-dərviş dönyagörüşünə uyğunlaşdırılırdı. Haqq-ilahi eşq aşiqləri olan dərviş-aşiqlər ozan qopuzunu aşıq sazı ilə əvəzləyərək təsəvvüfi dünyagörüşünü – təbliğ-tərənnüm yolunu tutmuşdular. Dörd mərhələdən (şəriət, təriqət, mərifət və həqiqət) keçərək Haqqa – Allaha qovuşmağın mümkünlüyünə inanan Haqq aşıqları özlərinin musiqi və söz repertuarında da əsas yeri bu mövzuya verirdilər:

Laməkan şəhrindən gəldim cahana,
Canlar əhli bir canana yetişdim.
Əldən-ələ, qabdan-qaba süzüldüm,
Qətrə idim, bir ümmana yetişdim.

Göstərilən nümunədəki bütün ifadələr sufi-dərviş simvolikasını əks etdirir. Sonuncu misrada (“Qətrə idim, bir ümmana yetişdim”) isə zərrənin bütövə, bəndənin Allaha qovuşması (Vəhdəti-vücud) rəmzi-məcazi dillə ifadə olunmuşdur. Bu poetik keyfiyyət Səfəvi-qızılbaş ideologiyasına xidmət edən bütün orta çağ aşıqları üçün səciyyəvidir. Onun bir çox uzantılarını hətta XIX yüzillik və XX yüzilliyin də əvvəllərində (Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cuma, Aşıq Şenlik) sezmək mümkündür.

Sufi-dərviş fəlsəfəsi, təsəvvüf simvolikası orta çağ Azərbaycan məhəbbət dastanlarının poetikası və tarixi semantikasında da öz dolğun əksini tapmışdır. “Aşıq Qərib”, “Yetim Aydın”, “Qurbani”, “Abbas və Gülgəz”, “Novruz və Qəndab”, “Seydi və Pəri”, “Abdulla və Cahan”, “Məsum və Diləfruz” sırasından olan rəmzi-məcazi dastanların sücet xəttindən bunu açıq şəkildə görmək mümkündür: ilahi eşq badəsi içirilən Aşıq (haqq aşığı Qərib, Aydın, Qurbani, Abbas, Novruz, Seydi, Abdulla, Məsum və b.) yuxudan oyanır və ona vergi verildiyini söyləyir:

Yatmışdım, yuxuma gəldi ərənlər,
Qafil, nə yatmısan, oyan, dedilər.
…Dindirəndə haqq söylədim sözümü,
Doxsan min kəlməni bəyan dedilər.

Doxsan min kəlmənin bəyan olunması Haqq aşığına şəriətin, İslam dini ilə bağlı bilgi və təsəvvürlərin mənimsədilməsi anlamındadır. Şəriət mərhələsi isə təsəvvüf sistemində Haqqa – Allaha qovuşma yolunun ilkin təməlidir.

İlahi eşq badəsi içirilmiş Haqq aşığı ata-anasından icazə alıb butasının arxasınca səfərə çıxır. Bu, təriqət-yol mərhələsidir. O, səfərin, yolun, təriqətin bütün əziyyətlərinə qatlaşır: zəhər quyusuna salınıb sağ çıxır, quldurlara rast gəlib onlardan qurtulur, gözünü bağladıqları halda qarşısından keçən adamları adbaad sayır, divarın və ya pərdənin arxasındakı adamın ovcunda gizlətdiyi əşyanı – almanı, narı, üzümü və s. təsvir edib adını söyləyir. Haqq dərgahı, ilahi aləm tərəfindən himayə olunduğu üçün haqq aşığı qarşısına çıxan çətinliklərdən qurtulub mərifət mərhələsində də öz mənəvi-irfani kamilliyini göstərmiş olur. Maraqlıdır ki, bu mərhələdə haqq aşığı qarşısına çıxan məşhur aşıqları məhz sufi-dərviş simvolikasından istifadə edərək çaşbaş salıb məğlub edir. Bütün sınaq və imtahanlardan qalib, üzüağ çıxan aşıq son olaraq öz butasına yetişmək hüququ qazanır və bununla da – həqiqət (Haqqa qovuşma) mərhələsi ilə uzun və məşəqqətli mücadilə tamamlanıb başa yetir. Sözügedən mənzərə onu göstərir ki, aşıqlıq öz tarixi səciyyəsinə görə təkcə çalıb-çağırmaq, musiqi-əyləncə sənəti deyil, özünəməxsus poetikası və ideoloji istiqaməti olan möhtəşəm bir fəlsəfi sistemdir.

“Aşıq haqq aşığıdır”, “Aşıq el anasıdır”, “Aşığa zaval yoxdur”, “Aşığın dilinə yasaq yoxdur”, “Aşığın sözü haqq sözüdür”, “Aşıq gördüyünü çağırar” kimi daşlaşmış el kəlamlarından aşığın cəmiyyətdə, el-oba arasında nə qədər böyük tarixi status, mötəbər mövqe tutduğu aydın görünməkdədir. Əlbəttə, belə yüksək ehtiramın çeşidli səbəbləri vardır. Burada xalqın tarixi-mədəni yaddaşını qoruyub daşımaqdan tutmuş – zəngin həyat təcrübəsindən gələn müdrik kəlamlarla, hikmətamiz ustadnamələrlə çevrədəkilərin mənəvi tələbatını ödəmək, lirik-aşiqanə qoşma-gəraylılarla gözəllik və məhəbbət zövqü aşılamaq kimi çoxsaylı amillər əsas rol oynamışdır.

Aşıq xalqın ruhunu, mənəvi varlığını dərindən bildiyi və məhz xalqın ürəyindən keçənləri dilə gətirdiyi üçün xalq onu el anası adlandırmışdır. El anası olan aşıq elin, xalqın psixologiyasını, əxlaq qanunlarını, yüz illərin sınağından keçmiş mənəvi dəyərlərini, həyat təcrübəsindən doğan müdrik düşüncələrini özünün düzüb-qoşduğu şeirlərdə elə bir ölçü-biçiylə, poetik mizanla təqdim etmişdir ki, xalq həmin sözləri ustad kəlamı, ustad sözü – ustadnamə sayaraq dilinin əzbərinə çevirmişdir. Qədim oğuz cəmiyyətində Dədə Qorqudun söylədiyi:

Əsgi panbuq bez olmaz,
Qarı düşmən dost olmaz…

***

Oğul atanın yetiridir,
İki gözünün biridir…

***

Qız anadan görməyincə ögüt almaz,
Oğul atadan görməyincə süfrə açmaz…

kimi kəlamlarla, ata sözlərimizlə təməli, özülü qoyulan ustadnamələrin Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Dədə Ələsgər poeziyasında bir-birinə tən duran çox sayda tutarlı örnəklərinin olması həm aşığın, həm də onu dinləyən elin-elatın bu məsələyə tarix boyunca olduqca həssas yanaşmasından xəbər verir:

Söz bir olsa, dağ oynadar yerindən,
El bir olsa, zərbi gərən sındırar.
                            (Abbas Tufarqanlı)

***

Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı…

***

Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz…

***

Üz vermə nadana, sirr vermə pisə,
Axır qəlbin ya inciyə, ya küsə.
Ot bitər kök üstə, əsli nə isə,
Yovşan bəsləməklə çəmənzar olmaz.
                            (Xəstə Qasım)

***

Can deməklə candan can əskik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
Çor deməyin nəfi nədi dünyada,
Abad könlü yıxar, pərişan eylər.
                        (Aşıq Ələsgər)

***

Qurban, qəm eyləmə, kərəm kanı var,
Ədalət meydanı, haqq divanı var.
Qaldıran, endirən nərdivanı var;
Enən ağlayarmış, qalxan gülərmiş.
                        (Ağdabanlı Qurban)

Bütün bunlar onu göstərir ki, ozan-aşıq mədəniyyətinin ortaya qoyduğu poetik sərvət sözün həqiqi mənasında milli-mənəvi varlığımızın baş ucalığıdır: burada ana dilimizin incəlikləri, söz-səs düzümünün harmonik axarı, bədii mənalandırma və fəlsəfi ümumiləşdirmə məharətinin ağıl aparan poetik manevrləri bütün zamanların – dünənin, bu günün və sabahın estetik zövqünü heyrətdə qoymaq gücündədir:

Bəri gəlgil, başım baxtı, evim taxtı,
Evdən çıqub yürüyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlum!
Qurulu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan dar ağızlum!
Güz almasına bənzər al yanaqlum!
…Qar üzərinə qan dammış kimi
                        al yanaqlum!

Ozanlar piri – Dədə Qorqudun yuxarıdakı portret təqdimatının hər bir elementi (boy, saç, qaş, ağız, yanaq) özünün bədii boya mükəmməlliyinə görə unikal bir poetik örnəkdir. Oğuz gözəlinin bu heyrətamiz portreti ilahi bir tablonu ozan nəfəsindən, qopuz sədalarından qopan sehrli bir ilğıma bürüyərək tarix içindən bizə doğru daşıyır. Bu səbəbdən orta çağ Azərbaycan aşıq poeziyasındakı hüsn-gözəllik tabloları da Dədə Qorqud poetik ənənəsini yeni bir təravətlə canlandırır. Dirili Qurbaninin:

Sallana-sallana gələn Salatın,
Gəl belə sallanma, söz dəyər sənə –

deyə ozanlara məxsus alliterasion-reçitativ söyləmə tərzi (misal gətirilən misralarda poetik axarın “s” səsi üzərində qurulması) ilə təsvir və tərənnümə başladığı məşhur qoşmasında Dədə Qorqud nəfəsini davam etdirdiyi açıq şəkildə duyulur:

Kölgədə bəslənmiş quzey qarısan,
Səhərin yelləri tez dəyər sənə.

Qurbani peyzaj lirikasında da poetik istedadının portret yaratmaq ustalığını özünəməxsus sənətkarlıqla nümayiş etdirir. Duruşu, rəng çalarları və qoxusuna görə sazı-sözü əbədi olaraq öz sehrində, cazibəsində saxlayan bənövşə obrazı ilə bağlı böyük söz ustadının dilə gətirdiyi misralar heç də təsadüfən yüz illər boyu ana sazımızın sinəsində yuvalanmayıb:

Tanrım səni xoş camala yetirmiş,
Səni görən aşıq ağlın itirmiş.
Mələklərmi dərmiş, göydən gətirmiş?! –
Hayıf ki dəriblər az bənövşəni.

Buradakı gözlənilməz poetik mənalandırma (bənövşənin ilahi aləm – mələklər tərəfindən gətirilməsi) o qədər aydın, duru və şəffaf bir dillə təqdim olunmuşdur ki, sözlərin, misraların, bütövlükdə isə şerin haqq dərgahından aşıq-şairin könlünə pıçıldanmasına, ərməğan olunmasına inanmaya bilmirsən.

Məhz belə bir sənət ecazı “Bənövşə” qoşmasına saz sinəsində yüz illər boyu əzizlənmək ixtiyarı tanıyıb. Bu möhtəşəm qoşma öz bədii-estetik tutumuna görə divan ədəbiyyatının istənilən mükəmməl nümunəsi ilə üzbəüz durmaq iqtidarındadır.

Təsvir-tərənnüm obyektinə özünəməxsus saz-söz sığalı çəkmək Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh, Yəhya bəy Dilqəm, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cuma, Növrəs İman, Dədə Şəmşir, Mikayıl Azaflı və daha neçə belə ustadın könül dünyasında ovsunlayıcı poetik nəfəsin ortaya çıxması ilə nəticələnib. Onların sinəsindən pərvazlanan qoşma-gəraylılar, çoxsaylı çeşidlərə malik təcnislər, divanilər, müxəmməslər bunun əyani sübutudur. Abbas Tufarqanlı könlünün bir gözəlin qaşları qarşısındakı heyrətinə bax:

Dərs almamış açdım kitab oxudum,
Möhtac deyil heç ustaya qaşların.
Təzə çıxıb kamandarın əlindən,
Bənzər üçgecəlik aya qaşların.

Xəstə Qasımın könül dəftərində görüşə gələn sevgilinin elə bir unudulmaz obrazı yaradılıb ki, şeri oxuduqca bu naz-qəmzəli qızın hüsn-camal təravəti ilə bərabər, hərəkət-davranış ədaları da bədii-estetik duyumun tərkib hissəsinə çevrilir:

Gümüş kəmər bağlayıbdı belinə,
Danışdıqca mayıl oldum dilinə.
Gül uzatdım nazlı yarın əlinə,
Canım aldı, gülü məndən alınca.

Gecəsi gündüzünə qarışan Abdalgülablı Valehin pərişan halını öz sevdiyinə ərz etməsi də bənzərsizdir:

Gündüz səbrü-qərarımı,
Gecə yuxum kəsən dilbər.

Həsrət, ayrılıq iztirabının Dilqəm göynərtisi – küsüb gedən yarın qayıdışına inamsızlıqla, ümidsizliklə ovuducu, təskinlikverici təsəlli arasında çırpınan aşiq yanğısı sazın bağrını tel-tel edən söhbətlərdəndir. “Dilqəmi” saz havasının nisgilli melodiyaları qədər təsirli olan kövrək misralar nələrdən xəbər vermir:

Axdı eynim yaşı, döndü sellərə,
Yar içən sulara qarışarmola?!
…Yarı bu dünyada görməyən Dilqəm,
Yarəb, o dünyada görüşərmola?!

Yaxud:

Əzəldən Dilqəmə yar olan sənsən,
Gözəllər içində var olan sənsən,
Əzrayıl donunda can alan sənsən,
Mən necə can verim bir özgəsinə.

Umu-küsüsünü dolayı dillə söyləyən, qəm-qubarını əritməkdə ona yardım etməyən dağlardan şikayətlənən Hüseyn Şəmkirlinin giley-güzarı poeziyamıza

Yeri, dağlar, sənnən həmdəm olmaram,
Dağlar, əsirgədin qarı da məndən –

kimi bütün sınıq könüllərə həyan ola biləcək həzin misralar bəxş edibdir.

Sevgisinə, sevdiyinə can qurban etməyin Aşıq Ələsgər örnəyi:

Bir canım var, yara qurban eylərəm,
El desin: “Aşıq da qurban öldürür”.

Yaxud:

…Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm –
sırasından olan təkrarsız misralarda dalğalanır.

Bu da Hüseyn Bozalqanlı könlünün təbiət və insan gözəlliyindəki vəhdətdən doğan harmoniyaya verdiyi aşıq dəyəri:

Yar bəzənib çıxdı yola,
Yollar qırmızı geyindi…

Dədə Şəmşirin estetik zövqündəki oricinallıqdan da doymaq olmur:

Şəmşiri bir kəmər kimi,
Dola, incə belə sarı.

Söz sərrafı olan dədə aşıqlarımız hər zaman düzüb-qoşduqları sözün çəkisinə, düzümunə, rəng çalarlarına çox böyük həssaslıqla yanaşmış, söylədikləri mətləbin dərinliyi ilə yanaşı, deyim biçiminin orijinallıq və heyranlıq doğurmaq imkanlarına da xüsusi diqqət yetirməyə çalışmışlar. Sözün məna və rəng çalarlarının çeşid zənginliyini ortaya qoyan cinas bayatılar, cinas gəraylılar, dodaqdəyməzlər, diltərpənməzlər, nəfəsçəkməzlər, cığalı təcnislər, zəncirləmələr, qoşayarpaqlar, güllü qafiyələr, müəmmalar, vücudnamələr, qıfılbəndlər, müxəmməslər və neçə belə şeir şəkilləri məhz böyük istedad gücünə arxalanan sənət axtarışlarından sonra ərsəyə gəlmişdir. Mənsub olduğu xalqın dilini sözün əsl mənasında sərraf gözü ilə incələyən Sarı Aşığın bir bayatı ustadı kimi söz seçimini və onu poetik yüksəkliyə qaldırma məharətini xatırlayaq:

Zülfün suda mar kimi,
Oynar su damar kimi.
Cızıldatdın Aşığı,
Yağa su damar kimi.

Yaxud:

Aşığın baxtı yarım,
Neyləsin, baxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?!

Hər iki bayatı həm söz, cinas, həm fikir tutumu, həm də poetik mənalandırma ustalığı baxımından oricinal və təkrarsızdır.

Abbas Tufarqanlının “Gülgəzindi” rədifli məşhur cinas gəraylısı təkcə qafiyələrin deyil, bütövlükdə bənd boyundakı misraların cinas olması ilə də dinləyəni heyrətdə qoyur:

Yarı ağ libada gördüm,
Yarı ağlı bada gördüm,
Yarı ağlı bada gördüm,
Gülgəz, indi, Gülgəz, indi.

Aşıq birinci misrada yarını – sevgilisini ağ libada – ağ paltarda gördüyünü deyir. İkinci misrada isə yarının ağlı bada getmiş – ağlını itirmiş vəziyyətdə olduğunu söyləyir. Bunun səbəbini isə üçüncü cinas misrada açıqlayır: Aşıq Abbasın sevgilisi əlində yarıya qədər ağı – zəhər doldurulmuş badə ilə ona yaxınlaşır. Düşmənlərin bu məkrli fəndi Haqq aşığı Abbasa əyan olduğu üçün o, ağ libada – ağ paltarda ağılı-zəhərli badə gətirən sadəlövh sevgilisi Gülgəzə bu barədə xəbərdarlıq edir. Göründüyü kimi, boyaboy cinas üzərində qurulmuş bu gəraylı bəndində bir dənə belə artıq, yersiz, mətləbə dəxli olmayan söz yoxdur. Gəraylının digər bəndlərində də vəziyyət belədir. Bu, ana dilimizin, Azərbaycan türkcəsinin bayramıdır, sazın-sözün aşıq poeziyasındakı möhtəşəm poetik təntənəsidir!

Cinas ustalığı, təcnis sənətkarlığı aşıqlıq elminin ən dərin və hikmətamiz məqamlarından biridir. Məhz özünəməxsus saz havası ilə (“Təcnis” havası) çalınıb oxuna bilən, başqa hər hansı bir havaya yatmayan bu sirli poetik mətnlərin aşıq sənətindəki yerini və dəyərini böyük söz ustadı Xəstə Qasım çox dəqiq müəyyənləşdirmişdir:

Xəstə Qasım, sözün yetir tamama,
Gündoğan, Günbatan gəlsin salama.
Nə alim işidir, nə də üləma,
Təcnis mənasının çox hünəri var!

Doğrudan da, təcnisin otuza yaxın növündə özlərinin söz məharətini isbatlayan Dirili Qurbaninin, Abbas Tufarqanlının, elə Xəstə Qasımın, Hüseyn Şəmkirlinin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Çıldırlı Aşıq Şenliyin, Molla Cumanın, Ağdabanlı Qurbanın, Aşıq Şəmşirin, Mikayıl Azaflının, İsmayıl Sadıxlının təcnis sənətkarlığına diqqət yetirdikdə görürük ki, “Təcnis mənasının çox hünəri var” misrası əbəs yerə deyilməyib.

Xəstə Qasımın “Ay hayıf-hayıf” rədifli məşhur cığalı təcnisinin aşıqların dilindən düşməməsində, əlbəttə ki, aşıq-şairin söz hünəri – cinas seçimi, dərin fikir ifadə etmə və yüksək səviyyəli bədii don geydirmə qabiliyyəti həlledici rol oynamışdır:

Sərrafın dəstində nə danə gördüm,
Mürğü dəhanında nə danə gördüm!
Aşıq nə danə gördüm,
Xalın nə danə gördüm,
Tülək tərlan tuş oldu,
Axır nədanə gördüm.
Gövhəri verdilər nadanə, gördüm,
Bilmədi qiymətin ay hayıf-hayıf!

Təcnisin çeşid zənginliyinə, mürəkkəb poetik manevrlərinə xüsusi diqqət yetirən Dədə Ələsgərin yaratdığı örnəklər də qüdrətli saz sərrafının sinəsindən qopmuşdur:

Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çataçat.

Bu təcnis dodaqdəyməzdir, aşıq onu yaradarkən dodaq (m, b, p) samitlərindən istifadə etməyib. Məsələ burasındadır ki, ustad sənətkar sözügedən təcnisi məqsədyönlü şəkildə dodaqdəyməzlə ifadə etmişdir. Onun yaratdığı peyza – təbiət lövhəsi (yazda qarların əriməsi, çayların daşması, sellərin nəhəng daşları, qayaları çataçatla qabağına salıb aparması) qorxu-heyrət yaradan bir mənzərədir. Bu qorxu, heyrət, ürkü doğuran mənzərəyə insan oğlu dəhşətə gəlmiş vəziyyətdə, ağzı açıq, dodaqları aralı halda, heyrət və təşviş içərisində baxır. Aşıq Ələsgər məhz bu halın təəssüratını yaratmaq üçün həmin məqamın əhvalına uyğun olaraq dodaqdəyməz təcnis variantını seçmişdir. Bu örnək aşıq poeziyasında sözün görünən və görünməyən tərəflərinin nə qədər çox olduğunu bir daha təsdiqləyir.  

Aşıq poeziyamızın və dastanlarımızın diqqətçəkən bir özəlliyi də saz-söz yaddaşında vətən coğrafiyasının, tarixi mahal və el-yurdlarımızın, müqəddəs, ulu torpaqlarımızın sıx-sıx yer almasıdır. Dastan qəhrəmanları Təbriz, İrəvan, Dərbənd, Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan, Tiflis-Borçalı, Çıldır-Ağbaba, Göyçə, Şirvan, Muğan, Urmiya, Zəncan, Qars, Səlmas, Mərənd və Marağadan hərəkətlənib yaxın-uzaq elləri dolaşırlar. Təbriz-Qaradağdan yola çıxan Dirili Qurbani:

Könül qalxıb Bərdə sarı yeridi,
Orda bir şəhər var: adı Gəncə hey!
Məhbubları, gözəlləri, xubları
Bürünübdü mala-mülkə, gəncə hey! –

misralarını vətən coğrafiyasına və onun nəğmələrinə yaxşı bələd olduğunu bildirmək üçün söyləyir.

Aşıq Qərib Təbrizin tərənnümünə həsr etdiyi məşhur qoşmasında Azərbaycanın tarixi-mədəni mərkəzi olan bu qədim şəhərin zəngin ticari-iqtisadi həyatından, memarlıq abidələrinin möhtəşəmliyindən, axar-baxarlı mənzərələrindən qürurla söz açır:

Təbrizin ətrafı bağdı, meşədi,
İçində oturan bəydi, paşadı.
Səkkiz min məhəllə, beş min guşədi,
Çarşısı, bazarı, yolu Təbrizin.

***

Pəhləvanlar kisvət geyər, yağlanar,
Cümlə bəzirganlar burda əylənər.
Üç yüz altmış yükü birdən bağlanar,
Əldən-ələ gəzər malı Təbrizin.

 Təbrizdən Dərbəndə qonaq gələn Abbas Tufarqanlı Dəmirqapı Dərbəndi tərənnüm edərkən də öz heyranlıq və vətən coğrafiyasına vurğunluğunu ürəkdən gələn ən səmimi sözlərlə dilə gətirir:

Dərbənd dedikləri bağçadı, bağdı,
Alt yanı dəryadı, üst yanı dağdı.
Abbas deyər, əcəb səfalı çağdı,
Xəstəyə dərmandı narı Dərbəndin.

Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşmışdır.

Məhərrəm Qasımlı