Bu gün Bakıda “Dezinformasiya ilə Mübarizə” mövzusunda toplantı keçirilib.
“Füyuzat”ın məlumatına görə, Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində həyata keçirilən toplantı Türkiyə Cumhurbaşkanlığı Kommunikasiya İdarəsinin Mətbuat Müşavirliyi və Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə baş tutub.
Toplantı analitiklərin və köşə yazarlarının iştirakı ilə keçirilib.
Müşavir Alptekin Cihangir İşbilir nitqində Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində bir sıra komitələrin yaradılmasının planlaşdırıldığını dilə gətirib. İctimai Diplomatiya, Beynəlxalq Media, Strateji Kommunikasiya,Təhsil, Qanunvericilik və Tənzimləmə, Rəqəmsallaşma və Beynəlmiləlləşmə Komitəsinin yaradılacağını dilə gətirən İşbilir, medianın çox həssas sahə olduğunu, jurnalistlərin dövlət kimi düşünməli gərəkdiyini, dövlətin maraqlarını və mənafelərini nəzərə alaraq hərəkət etməli olduqlarını vurğulayıb. Dezinformasiya komitələrinin yaradılması iki dövlət və iki qardaş xalq arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək, -deyə müşavir əlavə edib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc belə görüşlərin vacib olduğunu deyib. O, medianın iki qardaş ölkə arasında bağların daha da güclənməsi üçün mühüm rol oynadığını bildirib.
Xatırladaq ki, tədbir iştirakçıların təklif və niqtləri ilə davam edib.