Dövlətlərin tarixində elə məqamlar olur ki, həmin dövr düşüncə tərzinin dəyişməsi ilə yadda qalır. Azərbaycan da məhz belə bir mərhələdən keçir. Son illərdə regionda yaranmış yeni reallıq yalnız hərbi və diplomatik uğurların nəticəsi deyil. Bu reallığın arxasında daha dərin bir amil dayanır – dövlətçilik şüuru.
Bu gün Azərbaycan artıq hadisələrin gedişini kənardan izləyən ölkə deyil. Ölkəmiz regional proseslərin istiqamətini müəyyənləşdirən əsas siyasi aktorlardan birinə çevrilib. Bu status isə təsadüfən qazanılmayıb. Onun əsasında milli maraqların ardıcıl müdafiəsi, strateji düşüncə və dövlət idarəçiliyində uzaqgörən yanaşma dayanır.
Dövlətçilik şüuru bəzən yalnız vətənpərvərlik hissi kimi təqdim olunur. Əslində isə məsələ bundan qat-qat genişdir. Dövlətçilik şüuru hər bir vətəndaşın dövlətin maraqlarını şəxsi maraqlardan üstün tutması, qanuna hörmət etməsi, milli təhlükəsizliyi və ölkənin gələcəyini düşünməsi deməkdir. Bu anlayış məsuliyyət və düşüncə mədəniyyətidir.
Azərbaycanın son illərdə əldə etdiyi uğurlar göstərdi ki, güclü dövlət yalnız silah gücü ilə qurulmur. Hərbi qələbə tarixi dəyişə bilər, amma həmin tarixi qoruyub inkişaf etdirmək üçün güclü institutlar, sağlam cəmiyyət və rasional idarəçilik lazımdır. Dövlətçilik şüuru məhz bu üç istiqaməti birləşdirən əsas dəyərdir.
44 günlük Vətən müharibəsi və sonrakı dövr cəmiyyətimizin həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Dövlətlə xalq arasında formalaşmış qarşılıqlı etimad Azərbaycanın ən mühüm üstünlüklərindən birinə çevrildi. Xaricdən yönələn informasiya hücumları, təxribat cəhdləri və dezinformasiya kampaniyaları qarşısında cəmiyyətin nümayiş etdirdiyi mövqe təsadüfi deyildi. Bunun arxasında illərlə formalaşan dövlətçilik düşüncəsi dayanırdı.
Bugünkü dünyanın əsas çağırışlarından biri də geosiyasi qeyri–müəyyənlikdir. Böyük güclər arasında rəqabət dərinləşir, beynəlxalq münasibətlər sistemi yenidən formalaşır. Belə bir şəraitdə öz müstəqil siyasətini qoruya bilən dövlətlərin sayı çox deyil. Azərbaycan isə milli maraqlarını əsas götürərək balanslı və müstəqil xarici siyasət kursunu davam etdirir. Bu da dövlətçilik şüurunun praktik nəticəsidir.
Lakin əldə olunan uğurları qorumaq onları qazanmaqdan daha çətindir. Qarşıdakı dövrdə əsas vəzifə yeni reallığı davamlı inkişaf modelinə çevirməkdir. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya, insan kapitalının inkişafı, elmin və innovasiyanın dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Güclü dövlət XXI əsrdə yalnız təbii sərvətlərlə deyil, intellektual potensialla ölçülür.Azərbaycan bu anlamda da bir örnəkdir.
Dövlətçilik şüuru həm də hüququn aliliyidir. Qanunların hər kəs üçün bərabər işlədiyi, vətəndaşın dövlətə, dövlətin isə vətəndaşa güvəndiyi cəmiyyətlər daha dayanıqlı olur. Güclü institutlar və yüksək hüquq mədəniyyəti dövlətçiliyin uzunömürlülüyünün əsas təminatıdır.
Bu gün Azərbaycanın qarşısında yeni mərhələnin vəzifələri dayanır. Artıq söhbət yalnız ərazi bütövlüyünün təmin edilməsindən getmir. İndi əsas məsələ bu tarixi uğuru iqtisadi, texnoloji və intellektual inkişafla möhkəmləndirməkdir. Yeni reallıq həm də yeni məsuliyyət deməkdir.
Tarix göstərir ki, böyük dövlətlər yalnız böyük ordular hesabına yaşamayıblar. Onları yaşadan güclü düşüncə, sağlam idarəçilik və milli birlik olub. Azərbaycanın da gələcək uğurunun açarı məhz burada gizlənir. Azərbaycan xalq-dövlət birliyinin real modelini bütün dünyaya uğurla nümayiş etdirir.
Dövlətçilik şüuru hər birimizin gündəlik davranışında, məsuliyyət hissində, qərarlarında və ölkəyə münasibətində öz əksini tapmalıdır. Çünki dövlət təkcə idarəetmə sistemi deyil, onu qoruyan və inkişaf etdirən insanların ortaq iradəsidir.
Azərbaycan bu gün regionda yeni siyasi reallığın müəllifidir.
Unutmayaq ki, güclü dövlət ilk növbədə güclü düşüncədən başlayır. Dövlətçilik şüuru isə həmin düşüncənin ən möhkəm dayağıdır.



