Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyası ilə əməkdaşlıq çərçivəsində Çinin Şanxay və Uhan şəhərlərində beynəlxalq səviyyəli gənclər proqramları təşkil olunub.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlər “Qlobal Gənclərin İnkişaf Proqramı” çərçivəsində həyata keçirilib və dünyanın müxtəlif ölkələrindən gənc sahibkarları, startap yaradıcılarını, gənc liderləri və ekspertləri bir araya gətirib. Bu il həm də Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü ilə irəli sürülmüş Qlobal Gənclərin İnkişaf Proqramının elan olunmasının beşinci ildönümü qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlər qlobal gənclər əməkdaşlığının inkişafı, innovasiyaların təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolunun gücləndirilməsinə həsr olunub.
İyunun 11–14-də Şanxayda keçirilən “Gənc sahibkarlar və startap yaradıcıları akselerasiya” təlim proqramında İpək Yolu coğrafiyasını təmsil edən 21 gənc – sahibkar, startap yaradıcısı və ya innovativ layihələrin müəllifləri iştirak edib. Təlim proqramı çərçivəsində texnologiya və innovasiya, süni intellekt, sağlam həyat tərzi, davamlı istehsal və inkişaf, yaradıcı iqtisadiyyat, müasir media, musiqi və mədəniyyət, iqtisadi inkişaf, sahibkarlıq və könüllülük kimi istiqamətlər üzrə müzakirələr aparılıb. İştirakçılar beynəlxalq komandalar şəklində 8 İşçi qrupunda fəaliyyət göstərərək layihələrini inkişaf etdirib, müxtəlif ölkələrdən olan gənc sahibkarlarla əməkdaşlıq imkanlarını müzakirə ediblər. Ümumilikdə proqram çərçivəsində təqdim olunan 200-dən çox startap layihəsi arasından ən perspektivli 50 layihənin seçilərək Dünya Gənclərinin İnkişaf Forumuna təqdim edilməsi nəzərdə tutulub.
Akselerasiya həftəsinin əsas hissələrindən biri olan mentorluq proqramında 20-yə yaxın beynəlxalq mentor və ekspert iştirak edib. Mentorluq sessiyalarında UNICEF-in region üzrə daimi nümayəndəsi, BMT-nin Çin üzrə nümayəndəliyinin təmsilçiləri, Asiya-Sakit Okean regionu üzrə BMT-nin ekspertləri, eləcə də müxtəlif dövrlərdə BMT sistemində çalışmış mütəxəssislər iştirak ediblər. Onlar gənc sahibkarlarla görüşərək innovasiya, biznes idarəçiliyi, investisiya imkanları, marketinq strategiyaları, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində təcrübələrini bölüşüblər.
Tədbirdə, həmçinin Çin və digər ölkələrdən olan tanınmış sahibkarlar, akademiklər, startap ekosistemi nümayəndələri və beynəlxalq ekspertlər iştirakçılara beynəlxalq bazarlara çıxış, investisiya cəlbi və qlobal tərəfdaşlıqların qurulması istiqamətində tövsiyələr veriblər.



