Xəbərlər

Dünyanın ən xoşbəxt ölkəsi – Finlandiya

Birləşmiş Millətlər Təşkilatının hər il hazırladığı Dünya Xoşbəxtlik Hesabatına görə, Finlandiya artıq ardıcıl 8 ildir ki, dünyanın ən xoşbəxt ölkəsidir. Finlandiyada güclü sosial dəstək sistemi, təhsil və səhiyyə sistemlərinin yüksək səviyyədə inkişafı, ictimai etimad və təhlükəsizliyin qorunması, korrupsiyanın az olması insanların rifah halının yaxşı olması və xoşbəxt şəkildə yaşamasının başlıca səbəblərindəndir.

Burada insanlara aşılanan bərabərlik anlayışı sistematik şəkildə təmin edilib. İnsanlar bir-birinə hörmət və sevgi ilə yanaşır, qayda-qanunlara ciddi şəkildə əməl edirlər.

Finlandiya təhsil sistemi ilə də dünya ölkələrindən kəskin şəkildə fərqlənir. Burada təhsilin bütün pillələri ödənişsizdir, həmçinin məktəbdə və universitetlərdə yeməklər pulsuz verilir. Özəl məktəblər, demək olar ki, yoxdur.

Məktəbdə uşaqlara ev tapşırığı çox verilmir, onlarda, əsasən, praktik bacarıqları inkişaf etdirməyə üstünlük verilir ki, nəticədə uşaqların düşünmə bacarıqları daha da inkişaf edir. Qiymətləndirmə zamanı qiymətə yox, inkişaf prossesinə diqqət çəkilir.

Finlandiyada müəllimlər çox böyük nüfuza sahibdirlər.

Ümumiyyətlə, bir çox sahələrdəki göstəricilərə əsasən, Finlandiya “xoşbəxtlər ölkəsi” kimi tanınır və bu, rəsmi rəqəmlərdə və hesabatlarda da yer alır.

Ləman Vahid