Ədəbiyyat Xəbərlər

Eduardas Mejelaytis – İnsan

İnsan” – böyük ixtiralarla zəngin əsrimiz haqda, kainatı fəth edən insanın əzəməti haqda fəlsəfi lirikadır. Onun qəhrəmanı sabaha cəsarətlə addımlayan, öz taleyinin ağası olan müasir insandır. Bu insan qabaqcıl ideyaların carçısı, yeni cəmiyyətin qurucusu, bəşəriyyətin yaratdığı yaxşı nə varsa hamısının əsil varisidir.

Nikolay Semyonoviç Tixonov

Duyub yer kürrəsi üstündə möhkəm,
Günəş kürrəsini almışam ələ;
Bu iki kürrənin arasında mən,
Durub dayanmışam öz qüdrətimlə.
Filizli layları dərindən-dərin,
Zəngin bir mədənə bənzəyir beyin.
Mədənə bənzəyən həmin beyindən,
Kömür də, dəmir də çıxararaq mən
Gəmi düzəldirəm – iz salır suda;
Qatar düzəldirəm süzür quruda.
Qurub düzəltdiyim təyyarə ki, var,
Davamıdır uçan quşların onlar.
Cilovlayıb çaxan ildırımları,
Raket düzəldirəm – göyləri yarır.
Bütün bu şeyləri yer kürrəsitək
Yup-yumru başımdan çıxarmışam mən;
O da günəş kimi şölələnərək,
Səadətlə edir aləmi rövşən.
Mənsiz dünya nədir?
Göydə hərlənən
Yastı, qırışıq-qırışıq cansız bir cisim;
Çox çirkin görünər, ay kimi o da
Dirilik verməsə ona nəfəsim.
Yer məni yaratdı həsrət çəkərkən,
Darıxıb batanda qəmə, qüssəyə.
Günəş kimi yumru, yer kimi girdə,
Bir baş da eylədi mənə hədiyyə.
Mənim bu başımın xırda kürrəsi
Nəhəng kürrəsini mat qoydu Ərzin.
Dünya qüdrətimə baş əydi mənim;
Gözəllik bəxş etdim əvəzində mən.
Məni torpağından yaratdı dünya.
Yaratdım dünyanı mənsə yenidən.
Cahan olmamışdı bu zamanadək,
Bunca tərəvətli, bu qədər qəşəng.
Duyub yer kürrəsi üstə bax belə,
Günəş kürrəsinin almışam ala:
Körpüyəm onların arasında mən:
Günəş yerə enir həmin körpüdən,
Yer isə günəşin yanına qalxır.
Əl-əlvan karusel kimi daima
Dolanır başıma, dönür başıma.
Əlimin məhsulu olan nə varsa;
Dolanır başıma fəxr edə-edə
Maşınlı, insanlı daş körpülər də;
Böyük binaların xoş vüqarı da,
Geniş meydanların qızmar qırı da;
Dolanır başıma təyyarələr də,
İri dəzgahlar da, fəvvarələr də,
Raket də, motor da dönür başıma,
Durmuşam yenilməz,
Gözəl və müdrik.
Ucalıb günəşin təbəssümünü
Yerə çatdırıram – nurlu, şəfəqli.
Onun pay verirəm təbəssümündən
Şimala, Cənuba, Şərqə, Qərbə mən.
Durmuşam bu sayaq:
Qüdrətli, möhkəm,
Bəli, mən insanam!

Tərcümə: Ələkbər Ziyatay

Təqdim etdi: Fidan Vahid