Xəbərlər

Ekspert: İranın hücumu ABŞ-ı İsrailə qeyd-şərtsiz dəstəyə qayıtmağa məcbur edəcək

“Aprelin 14-nə keçən gecə İranın İsrailə hücumu ABŞ-ı İsrailə qeyd-şərtsiz dəstək siyasətinə qayıtmağa məcbur edir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Frenk Louenşteyn “The Washington Post” qəzetinə verdiyi açıqlamasında söyləyib.

“ABŞ prezidenti Co Bayden açıq şəkildə İsrailə hərbi yardımı məhdudlaşdırmaqla hədələdi, lakin sonra İranın hücumu baş verdi və ABŞ yenə də ilk növbədə İsrailin təhlükəsizliyinin həllinə diqqət yetirməyə məcbur oldu”, – Louenşteyn bildirib.

Qəzet xatırladır ki, cəmi bir neçə gün əvvəl Amerika lideri İsrailə xəbərdarlıq etmişdi ki, İsrail yerli mülki əhalinin müdafiəsi üçün təcili tədbirlər görməyəcəksə, Birləşmiş Ştatlar Qəzza zolağındakı böhranın həlli istiqamətində öz siyasətinə yenidən baxacaq.

“Bir çox analitiklər bu bəyanatı ABŞ-ın İsrailə yardımı məhdudlaşdıra biləcəyinə işarə kimi qəbul ediblər. Bununla belə, İranın İsrailə hücumundan sonra Bayden deyib ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyi olduğu kimi qalır”, – nəşrin məlumatında qeyd edilib.