Aktual

Ekspert: “Özbəkistan ilə “üçlü dövlət ittifaqı” yaratmaq olar”

Dünən Azərbaycan və Özbəkistan dövlət başçıları arasında görüş baş tutdu. Görüşdən sonra iki ölkə arasında bir sıra məsələləri əhatə edən sənədlər imzalandı. Dövlət başçıları çıxışlarında iki ölkənin tarixi və hazırkı dostluq münasibətlərinə də diqqət çəkdilər.

Beləcə, Azərbaycan və Özbəkistan arasında əlaqələrin vacibliyi və gələcəyə hesablanmış addımlar öz aktuallığını bir daha göstərmiş oldu.

“Füyuzat” bununla bağlı beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikirlərini öyrənib:

“Azərbaycanla Özbəkistan münasibətləri haqqında ancaq əlahiddə danışmaq lazımdır. İlk növbədə, Türkiyə–Azərbaycan müttəfiqliyinin fonunda inşa olunan türk birliyinin Orta Asiyadakı ən güclü dövləti Özbəkistan sayılır. Özbəkistan gələcəyə yönəlik “Bir kəmər, bir yol” layihəsində Azərbaycan və Türkiyənin mərkəzə çevrilməsində kilid ölkədir. Özbəkistanın iqtisadi resursları, insan resursları, hərbi əhəmiyyəti, geosiyasi və coğrafi üstünlüyü bizə “üçlü dövlət ittifaqı” yaratmağa da imkan verir. Bu baxımdan Özbəkistan simasında böyük bir potensial görürük”.

Ekspert, həmçinin Özbəkistanın Azərbaycanı dəstəklədiyinə də diqqət çəkib: “Azərbaycanın haqq mövqeyinin müdafiəsi Özbəkistanın ən başlıca siyasi səddini təşkil edir”.