Xəbərlər

Əraqçi: İran və ABŞ artıq danışıqlar aparır

“Tehran və Vaşinqton əlaqələr saxlayır və vasitəçilər vasitəsilə artıq İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Bizim nüvə məsələsi istiqamətində mümkün danışıqlarla bağlı planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir və üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa – red.) ilə də qarşılıqlı əlaqə kanalları saxlanılır”, – nazir İran mətbuatına deyib.

O əlavə edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq edir.

“Hazırda mövcud problemlərin həlli üçün yeni təşəbbüs nəzərdən keçirilir. Əgər biz ABŞ ilə qarşı tərəfin maksimum təzyiq siyasətini tətbiq etdiyi bir şəraitdə danışıqlara başlasaq, o zaman danışıqlarda zəif tərəf olacağıq və heç bir nəticə əldə etməyəcəyik. Söhbət inadkarlıq və ya idealist prinsiplərdən getmir, peşəkar yanaşmadan gedir. Qarşı tərəfə təzyiq strategiyasının səmərəsiz olduğunu sübut etmək lazımdır və yalnız bundan sonra bərabər masa arxasında oturmaq mümkün olacaq”, – Əraqçi qeyd edib.