Ədəbiyyat Xəbərlər

Ernest Heminquey – Qoca kişi körpüdə

Bu gün dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatı laureatı Ernest Heminqueyin doğum günüdür.
Özünəməxsus nəsr stili ilə ədəbiyyat tarixində dərin iz qoyan yazıçının əsərləri bu gün də maraqla oxunur.
“Fuyuzat.az” olaraq yazarın doğum günü münasibətilə onun “Qoca kişi körpüdə” hekayəsini oxucularımıza təqdim edirik:

Qoca kişi körpüdə

Üst-başı toz-torpaq içində olan dəmir sağanaqlı eynək taxmış qoca bir kişi yolun kənarında oturmuşdu. Arabalar, yük maşınları, kişilər, qadınlar və uşaqlar çayın üstündəki panton körpüdən keçib gedirdilər. Qatır qoşulmuş arabanı palçıqdan dartıb çıxarmaq üçün bir dəstə əsgər onun ətrafında toplaşaraq, təkərlərindən tutub itələyirdi. Arabalar uzaqlaşıb gedir, kəndlilər isə toza batabata onların arxasınca güclə çatırdılar. Qoca kişi isə oturub yerindən tərpənmirdi. o elə yorulmuşdu ki, yeriməyə artıq taqəti yox idi.

Mənim vəzifəm körpünü keçib onun ətrafını müşahidə etmək və düşmənin nə qədər irəlilədiyini müəyyənləşdirməkdən ibarət idi. Mən bu işi yerinə yetirib körpüyə tərəf geri qayıdırdım. Burada indi xeyli piyada vardı, amma araba az idi, qoca kişi isə bayaqkı yerində oturmuşdu.

– Siz haradan gəlirsiniz? – mən ondan soruşdum.

– SanKarlosdan, – deyə qoca kişi gulümsədi.

Həmin şəhər onun ana vətəniydi və o yerin təkcə elə adını çəkmək ona zövq verirdi; bu səbəbdən də gülümsəyirdi.

– Oh, –  desəm də, bir şey başa düşmədim.

–  Hə, mən orada qalıb heyvanlara baxırdım. Bilirsiniz, San-Karlosu axırıncı tərk edən də mən oldum.

O nə çobana, nə də naxırçıya oxşayırdı, mən onun tozlu, qara paltarına, toz basmış sifətinə, dəmir sağanaqlı eynəyinə baxıb soruşdum:

– Onlar nə heyvanlar idi elə?

– Müxtəlif heyvanlar idi, o, başını silkələdi, mən onları qoyub gəlməli oldum.

Mən körpünü və nədənsə Afrikanı xatırladan Ebro çayının deltasını nəzərdən keçirib fikirləşirdim ki, indi bizim düşmən görməyimiz üçün, görəsən, çoxmu vaxt keçəcək; ən xırda səslərə də qulaq verirdim ki, bəlkə, nəsə özünü büruzə verər. Qoca kişi isə hələ də oturmuşdu.

– Nə heyvanlar idi elə? –  mən yenə soruşdum.

– Cəmisi üç cür heyvan idi, – qoca izah etdi, iki keçi, bir pişik, dörd cüt də göyərçin.

– Deməli, siz onları orada qoyub gəlməli oldunuz? – soruşdum.

– Bəli, artilleriyaya görə. Kapitan mənə dedi ki, buraları artilleriya ilə vuracaqlar, getməlisən.

– Bəs sənin arvaduşağın yoxdur? –  arabaların körpünün əks tərəfində çayı keçib sahil boyu üzüaşağı necə tələsik uzaqlaşdıqlarına baxabaxa soruşdum.

– Yox, – qoca dedi –  Mən ancaq heyvanlara baxırdım.

Əlbət ki, pişiyə bir şey olmaz: o, öz başının çarəsini qılacaq. amma heç bilmirəm o biri heyvanlar necə olacaq.

– Sən hansı partiyanın üzvüsən?

– Heç bir partiyanın üzvü deyiləm, siyasətlə də maraqlanmıram. Mənim yetmiş altı yaşım var, on iki kilometr yolu piyada gəlib bura çıxmışam, daha yeriməyə taqətim yoxdur.

– Amma bura dincəlmək üçün münasib yer deyil. Sən istəsəydin, yolayrıcından Tortozaya gedən yük maşını tapa bilərdin.

Bir az dincimi alıb tərpənəcəyəm. Yük maşınları hara gedir?

– Barselonaya tərəf.

– Mən o tərəfdə heç kəsi tanımıram, – qoca dedi – Amma təşəkkür edirəm, diqqətinizə görə çox sağ olun.

O çox yorğun və laqeyd baxışlarla mənə baxdı və görünür, ona rahatlıq verməyən həyəcanını kiminləsə bölüşdürmək üçün dedi:

–Yox, pişiyə heç nə olmaz, o birilər… Sizcə, o birilərin aqibəti necə ola bilər?

– Elə bilirəm ki, onlara da bir şey olmaz.

– Siz belə hesab edirsiniz?

– Niyə də yox, qarşı sahildəki arabaları görmək üçün boylana-boylana dedim.

– Top mərmilərinin altında yazıqlar neyləyəcəklər? Orada heç məni də qalmağa qoymadılar.

– Siz oradan gedəndə göyərçin damının qapısını açıqımı qoydunuz? – mən soruşdum.

– Bəli.

– Onda göyərçinlər uçub gedəcəklər.

– Hə, düzdür, çox güman ki, göyərçinlər uçub gedə cəklər. Amma bəs o birilər? Yox, yaxşısı budur, heç o biriləri yada salmayasan.

– Dincinizi aldınızsa, onda gedin. Durun, yavaşyavaş getməyə çalışın.

– Sağ olun, – deyib qoca ayağa durdu, amma addım atan kimi səndələməyə başladı və yenidən toz-torpağın üstündə oturdu.

– Mən heyvanlara baxırdım, artıq o, mənə müraciət etmədən nəsə küt bir tərzdə dedi. Mən ancaq heyvanlara baxırdım.

Mən ona başqa heç bir kömək edə bilməzdim. Pasxanın birinci günü idi və faşistlər Ebro çayına tərəf irəliləyirdilər. Dumanlı-çənli boz bir hava idi; sıx buludlar göy üzünü elə örtmüşdü ki, düşmən təyyarələri havaya qalxa bilmirdi. Hə, yəqin ki, pişiklər öz başlarına bir çarə qılacaqdılar, bu qocanınsa bir pişik qədər də bəxti gətirməmişdi.

Tərcümə: Ramiz Abbas

Hazırladı: Günel Natiqqızı