Xəbərlər

Estoniya Gürcüstanın 55 hökumət rəsmisinin ölkəyə girişini qadağan edib

Estoniya Gürcüstanın 55 dövlət məmuruna ölkəyə giriş qadağası qoyub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baltikyanı Respublikasının xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.

“Mən qərar imzalamışam. Bu qərar 55 Gürcüstan prokuroru, hakimi, polisi, parlamentarisi və digərlərinin Estoniyaya girişinə qadağa qoyur”, – o “X”də yazıb.

Estoniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir ki, siyahıda Gürcüstan hakimiyyətinin “məhkəmə sistemi, məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən etirazçıların təqibinə görə məsuliyyət daşıyan” nümayəndələri var. Qeyd olunur ki, söhbət “mitinq iştirakçılarına, jurnalistlərə və müxalifət liderlərinə” qarşı zorakılıqda iştirak etdiyi iddia edilən şəxslərdən gedir.

Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Latviya və Litva da Gürcüstan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərə qoşulub.