Xəbərlər

“Füyuzat” jurnalının üz qapaqlarının sərgisinin açılış mərasimi baş tutub

Bu gün Azərbaycan İstiqlal Muzeyində “Füyuzat” jurnalının üz qapaqlarının sərgisinin açılış mərasimi baş tutub.

Sərgi Milli İrisi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, millət vəkili Ceyhun Məmmədov, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllim-tələbə heyəti, digər ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və məqsədləri barədə geniş məlumat verilib, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, üz qapaqlarında toxunulan məsələlər və verilən mesajlar barədə məlumatlar bölüşülüb.

Sərgi Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Füyuzat” jurnalının Azərbaycan tarixindəki rolundan, jurnalın milli mövzularda qələmə aldığı məqalələrlə cəmiyyətə verdiyi töhfələrdən söz açıb, jurnalın bugünkü fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra çıxış edən millət vəkili Ceyhun Məmmədov da öz növbəsində “Füyuzat”ın Azərbaycan tarixindəki rolunu yüksək dəyərləndirib və sonrakı fəaliyyətində uğurlar arzu edib.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus gələn qonaqlara təşəkkür edib və jurnalın tarixi, toxunduğu mövzular, eyni zamanda sərginin keçirilmə məqsədi barədə ətraflı məlumat verib. O, “Füyuzat” jurnalının 2007-ci ildə yenidən fəaliyyətə başlamasından sonra da öz tarixi məqsədlərinə sadiq qaldığını, xalqımızın milli və mədəni məsələlərdə maariflənməsini jurnalın əsas qayəsi hesab etdiyini bildirib.

Tədbirdə çıxış edən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova “Füyuzat”ın varisçilik missiyasından, gənc yazarlara göstərdiyi qayğıdan bəhs edərək yaradıcı heyətə və Azərbaycan İstiqlal Muzeyinə millətimizin tarixi dəyərlərini qoruyub yaşatdığı üçün təşəkkürünü bildirib.

Sonda qonaqlar və tədbir iştirakçıları sərgilənən eksponatlarla yaxından tanış olublar. Qeyd edək ki, sərgi 20–24 dekabr 2023-cü il tarixlərində davam edəcək. Sərgiyə giriş ödənişsizdir.