Xəbərlər

“Füyuzat” və “İşıq” dərgiləri beynəlxalq sərgiyə qatılacaq

12–15 oktyabr 2023-cü il tarixlərində Türkiyədə beynəlxalq 14-cü “Dərgi Günləri” keçiriləcək. Tarixi Sirkeci Qatar Stansiyasında baş tutacaq “Dərgi Günləri” (Türkiyə vaxtı ilə) saat 10:00-da başlayacaq 19:00-a qədər davam edəcək.

“Füyuzat”ın məlumatına görə, “Dərgi Günləri”ndə gənclik, məktəb mövzulu jurnallar, onlayn, qurum və təşkilatlara aid mədəniyyət jurnalları, həmçinin milli və beynəlxalq mövzulardan çıxış edən dərgilər oxuculara təqdim ediləcək.

Hər il olduğu kimi, “Dərgi Günləri”ndə dörd gün ərzində sərgidə iştirak edən jurnalların təşkil etdiyi mədəni tədbirlər, müsahibələr, görüşlər və seminarlar keçiriləcək.

Qeyd edək ki, “Dərgi Günləri” 2010-cu ildən müntəzəm olaraq təşkil edilir.

Bu il Azərbaycandan “Füyuzat” milli fikir dərgisi və “İşıq” qadın dərgisi də sərgidə iştirak edəcək. Eyni zamanda müxtəlif ölkələrdən jurnallar sərgiyə qatılacaqlar.

Sərgi Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi, Dərgilər Birliyi (Dergibir) və İstanbul şəhəri Fatih Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək.