Xəbərlər

Gəmilərə yol göstərən işıq – Mayak

Dənizdə və ya okean sahillərində yerləşən, gəmilərə yol göstərən yüksək işıq mənbəyi – mayak.

Mayaklar, adətən, qüllə şəklində olur və və gecə işıq siqnalları, gündüz isə xüsusi boya və formalarla tanınır.

Mayakın bəzi xüsusi funksiyaları vardır. Məsələn, mayak gəmiçilərə sahil xəttini və ya limanı göstərir; qaya, resif (sualtı qayalıq) və dayazlıq kimi təhlükəli yerlər olduqda bu barədə xəbərdar edir; naviqasiya üçün koordinasiya nöqtəsi funksiyasını daşıyır; fırtına zamanı siqnal verir.

İlk mayaklardan biri Misirdəki İsgəndəriyyə Mayakıdır (təqribən e.ə. 3-cü əsr). Bu mayak Çar Ptolomey I Soter (e.ə. 323-285-ci illərdə) tərəfindən tikdirilmişdir. Faros adasında, memar Sostratın layihəsi əsasında on minlərlə qulun əməyindən istifadə edilərək yaradılmış və bəzi məlumatlara görə, hündürlüyü 110, digərlərinə görə isə hətta 180 metrə çatan qüllə inşa edildi. Mayakın inşasında istifadə edilən daş blokların ağırlığı 75 tona çatırdı. Mayakın nəhəng “fənər”inə təxminən 300 nəfər xidmət göstərirdi. Onlar qülləyə odun və digər yanar materiallar daşıyırdılar. Mayakın işığı ən azı 50 km məsafədən görünürdü. Dünyanın yeddi möcüzəsindən biri sayılan mayak dənizçilərə təxminən 1000 il xidmət etdi. Təəssüf ki, 1326-cı ildə baş verən dağıdıcı zəlzələ bu nadir memarlıq nümunəsinin günümüzə gəlib çatmasına mane oldu.

Qədim zamanlarda mayak kimi sahildə qalanmış tonqallardan istifadə edilirdi. Sonradan yunanlar xüsusi daş qüllələr inşa etməyə, onların damında alov yandırmağa başladılar. Orta əsrlərdə mayaklarda daş kömür, daha sonra kerosin, qaz lampalarından istifadə olunurdu. XX əsrin əvvəllərindən isə onları elektrik lampaları əvəz etdi. Texnologiyalar təkmilləşdikcə mayaklara tələbat da azaldı. Bu gün mayakların əksəriyyəti yalnız abidə kimi qorunub saxlanılır.

Mayakların quruluşu:

Qüllə hissəsi – yüksək görünmək üçündür;

Fənər otağı – işıq mənbəyi burada yerləşir;

İşıq mənbəyi – əvvəllər od, sonra qaz lampaları, indi isə LED və ya lazer texnologiyasından istifadə edilir;

Lens sistemi – Fresnel linzaları ilə işıq uzağa yayılır.

Mayakların bir neçə növü vardır:

Sahilyanı mayaklar – quru üzərində olur;

Su üstü mayaklar – dənizdə, platformalarda qurulur;

Avtomatlaşdırılmış mayaklar – insansız, uzaqdan idarə olunur;

Portatif mayaklar – bəzi hallarda müvəqqəti işarələr üçün istifadə olunur.

Azərbaycan sahillərində də mayakları görmək mümkündür. Onlardan ən qədimi Abşeron mayakıdır. Yerli mayaklardan ən irisi olmaqla, Pirallahı adası ilə üzbəüz tikilməyə başlamış, 1860-cı ildə istifadəyə verilmişdir. O, 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Yuxarıya 102 pilləli dolanbac pilləkən aparır. İşığı 38 km uzaqlıqdan görünən mayak gəmilərin buxtaya təhlükəsiz daxil olmasına xidmət edir. Mayak kerosin lampası ilə işıqlandırılırdı.

Ləman Vahid