Qərbi Azərbaycan yalnız coğrafi bir ərazi deyil, həm də zəngin mədəni irs və tarixi yaddaşın məskənidir. Bu torpaqların sakinləri, xüsusilə qadınlar, uzun illər boyunca həm ailələrin qoruyucusu, həm də mədəniyyət və tarix daşıyıcısı olmuşlar. Onların həyat hekayələri, faciə və xoşbəxtlik anları, itkilər və mübarizələri təkcə şəxsi deyil, həm də ictimai yaddaşın tərkib hissəsidir. Bu məqalədə biz Qərbi Azərbaycan qadınlarının tarixi yaddaşın qorunmasında rolunu və gələcəyə baxış perspektivlərini gender prizmasından araşdırmışıq.
Qərbi Azərbaycanda qadınların rolu qədim tarixi dövrlərdən bəri çoxşaxəlidir. Ailə və icma həyatında qadınlar həm evin mənəvi idarəedicisi, həm də nəsillərin tərbiyəçisi olmuşlar. Lakin XX əsrin ortalarından etibarən baş verən deportasiyalar və müharibələr qadınların həyatına dərin təsir göstərmişdir. Deportasiya və köç yollarında qadınlar uşaqları qucaqlarında evlərini tərk edərkən son dəfə divarlara, bağlara və əkilmiş güllərə baxaraq yaddaşlarına həkk etmişlər. Bu hekayələr, görünməz olsa da, Qərbi Azərbaycanın tarixi yaddaşının əsas hissəsini təşkil edir.Qadınlar həm də mədəniyyətin qoruyucusu olmuşlar. Ənənəvi musiqi, rəqs, əl işləri və adət-ənənələrin nəsildən-nəsilə ötürülməsi onların sayəsində mümkün olmuşdur. Beləliklə, qadınlar yalnız ailənin dayağı deyil, həm də milli kimliyin və mədəni yaddaşın daşıyıcısı olmuşlar.
Qadın baxışı faciənin humanitar tərəfini ön plana çıxarır. Tarixi arxivlərdə bəzən sadəcə rəqəmlər qeyd olunur neçə kənd yandırılıb, neçə ailə köçürülüb. Lakin qadınların xatirələri bu rəqəmləri canlı hekayələrə çevirir.Qaçqınlıq və köç zamanı analar yorulmuş körpələri qucaqlarında daşıyarkən, nənələr isə itirilmiş evlərin, bağların, kənd meydanlarının xatirəsini qoruyurdular. Qadınlar uşaqların qoruyucusu, ailələrin mənəvi dayağı olmaqla həm də çətin anlarda birləşdirici rol oynamışlar. Bu baxımdan qadınlar həm tarixi hadisələrin şahidi, həm də onların canlı daşıyıcısıdır.
Müasir dövrdə Qərbi Azərbaycan qadınları yalnız keçmişin xatirələrini qorumaqla kifayətlənmir, onlar diaspor fəaliyyətlərində, mədəniyyət və təhsil sahələrində aktiv iştirak edirlər. Qadınlarımız müxtəlif forumlarda, dəyirmi masalarda, elmi konfranslarda öz çıxışları ilə Qərbi Azərbaycanın tarixini, mədəniyyətini dünyaya tanıdırlar.
Humanitar diplomatiya sahəsində qadınların rolu xüsusilə önəmlidir. Onlar sosial və ictimai fəallıqla, müasir cəmiyyətin inkişafına töhfə verərək, keçmişin dərslərini gələcək nəsillərə ötürürlər.
Beləliklə, qadınlar Qərbi Azərbaycanın tarixi və mədəni yaddaşının daşıyıcılarıdır.
Deportasiya və müharibələr qadınların həyatına dərin təsir göstərmiş, lakin onların mədəni irsi qoruma qabiliyyətini artırmışdır.
Gender perspektivi isə tarixi və humanitar aspektlərin daha dolğun anlaşılmasına imkan verir.
…20-ci əsrin əvvəllərində baş verən siyasi dəyişikliklər və xüsusilə deportasiya siyasəti Qərbi Azərbaycan sakinlərinin həyatını faciəvi, dramatik şəkildə dəyişdirmiş, minlərlə ailə doğma torpaqlarını tərk etməyə məcbur olmuş, qadınlar və uşaqlar uzun və ağır köç yollarında yaşadıqları faciələrin şahidləri olmuşlar.Qərbi Azərbaycan tarixi və coğrafi konteksti yalnız torpaqların strateji və iqtisadi əhəmiyyətini deyil, həm də qadınların ailə həyatında oynadığı rolu anlamağa imkan verir. Tarixi faciələr, deportasiyalar və müharibələr qadınların həm qoruyucu, həm də yaddaş daşıyıcısı rolunu ön plana çıxarmışdır.
Qərbi Azərbaycan qadınlarının tarixi rolu çoxşaxəli və dərin olmuşdur. Bu torpaqlarda qadınlar yalnız ailənin idarə olunmasında deyil, həm də mədəni və sosial həyatının fəal iştirakçısı olmuşlar. Onların təsir dairəsi ailədən başlayaraq, geniş mədəni mühitə qədər uzanır.
Qadınlar ailənin mənəvi və sosial dayağı olmuş, uşaqların tərbiyəsi və ailə münasibətlərinin qorunmasında əsas rol oynamışlar. Xüsusilə müharibə və deportasiya dövrlərində qadınlar yorulmadan uşaqları, yaşlıları və xəstələri qoruyaraq, ailələrin yaşamasını təmin etmişlər.
Tarixi faciələr, xüsusilə deportasiya və müharibələr zamanı isə qadınlar həm qoruyucu, həm də yaddaş daşıyıcısı rolunu yerinə yetirmişlər. Onlar evlərini, bağlarını, kəndlərini tərk edərkən xatirələri və hekayələri ilə tarixi qorumuş, gələcək nəsillər üçün mədəni və tarixi mirası yaşatmışlar.
Qərbi Azərbaycan qadınlarının tarixi və mədəni yaddaşdakı rolunu gender prizmasından araşdırmağın önəmi çox vaxt tarixi və humanitar araşdırmalar zamanı ümumi hadisələrə, statistik rəqəmlərə və siyasi proseslərə fokuslanılır. Lakin qadınların şəxsi hekayələri, faciələr qarşısında göstərdikləri dözüm, mədəniyyətin qorunmasındakı töhfələri və nəsillərə ötürdükləri yaddaş bu proseslərin ayrılmaz bir hissəsidir.
Məqalədə xüsusilə aşağıdakı məqsədləri önə çıxarmaq vacibdir:
Qadın perspektivini tarixi hadisələr və faciələr zamanı qadınların gördüyü rolları, yaşadıqları çətinlikləri və mübarizə strategiyalarını işıqlandırmaq;
Yaddaşın qorunmasını; Qadınların mədəni və ailəvi yaddaşı necə qoruduğunu və gələcək nəsillərə necə ötürdüklərini göstərmək;
Gender və tarix əlaqəsini; Tarixi proseslərin qadınların həyatına təsirini göstərərək, gender perspektivinin tarixi və humanitar araşdırmalarda vacibliyini ortaya qoymaq;
Müasir Qərbi Azərbaycan qadınlarının sosial, mədəni və humanitar fəaliyyətləri ilə tarixi yaddaşın necə yaşadıldığını göstərmək;
Deportasiya və müharibələr dövründə qadınların yaşadıqlarını; 20-ci əsrin ortalarından etibarən Qərbi Azərbaycan qadınlarının həyatı tarixi faciələrdən keçib. Deportasiya siyasətləri, müharibələr qadınların həm fiziki, həm də mənəvi dözümünü sınamışdır.
Deportasiyalar minlərlə ailəni doğma torpaqlarından ayırdı, faciə yaşatdı. Qadınlar yorulmadan uşaqları və yaşlı ailə üzvlərini qucaqlarında daşıyaraq uzun və ağır sınaqlardan keçdilər. Yol boyunca aclıq, soyuq və xəstəlik kimi çətinliklərlə üzləşdilər; yalnız fiziki deyil, həm də psixoloji sarsıntılar yaşadılar. Lakin qadınlar itirilmiş evlərin, bağların və kəndin xatirəsini gözlərində qoruyaraq, nəsillərə ötürərək, gerçək hekayələri də yaddaşlarında saxladılar.
Bu, rəsmi arxiv sənədlərində qeyd edilməyən, lakin tarixi həqiqətin əks olunduğu canlı məlumat mənbəyidir.
Qərbi Azərbaycan qadınlarının həyatı yalnız fiziki çətinliklərlə yox, həm də doğmalarının itkisi ilə dərin emosional və psixoloji travmalarla dolu olmuşdur. Deportasiya, müharibə və qaçqınlıq qadınların gündəlik həyatına, ailə münasibətlərinə və psixoloji sağlamlığına ciddi təsir göstərmişdir.
Milli emosional miras: Qadınlar yalnız faciələri xatırlatmaqla kifayətlənməyib, həm də nəsillərə dəyərli həyat dərsləri və milli mədəni ənənələri ötürmüşlər. Qadınların bu rolu humanitar baxış bucağından çox önəmlidir: onlar həm ailənin qoruyucusu, həm kollektiv yaddaşın daşıyıcısı, həm də milli dəyərlərin ötürücüsü olmuşlar.
Qərbi Azərbaycan qadınlarının tarixi yaddaşda rolu yalnız mədəni ənənələrin qorunması ilə də məhdudlaşmır. Onlar həm də ailə, kənd və icma tarixini canlı şəkildə qoruyaraq gələcək nəsillərə ötürmüşlər. Bu yaddaş həm tarixi faktlar, həm də şəxsi hekayələr vasitəsilə nəsildən-nəsilə çatdırılmışdır.
Faciənin görünməyən tərəfləri: Tarixi faciələr, müharibələr və deportasiya hadisələri çox vaxt sənədlərdə yalnız statistik məlumatlarla əks olunur. Lakin qadın baxışı bu faciələrin görünməyən, emosional və humanitar tərəflərini ön plana çıxarır. Qadınlar faciənin həm ailə, həm də icma üzvləri üzərində yaratdığı təsirləri daha dərindən yaşayaraq, gələcək nəsilləri qorumaq üçün yorulmadan çalışmışlar. Uşaqların aclıq, soyuq və təhlükələrdən qorunması qadınların əsas məsuliyyəti olmuş, onların dözümü və əzmkarlığı isə hər bir uşağın hekayəsində, yaşadığı qorxu və məhrumiyyətlərdə dərin iz buraxmışdır.
Yaşlı nəsillər, xüsusilə nənələr və analar, faciənin həm fiziki, həm də mənəvi təsirlərini daşıyaraq, ailənin mənəvi dəstəyi və psixoloji dayağı olmuşlar.
Gələcəyə baxış, mədəniyyətin qorunması və təşviqi müasir dövrdə Qərbi Azərbaycan qadınları keçmişin faciələrini xatırlamaqla kifayətlənmir, həm də aktiv sosial, mədəni və diaspor fəaliyyətləri ilə cəmiyyətin inkişafına töhfə verirlər. Onların fəaliyyəti həm keçmişin yaddaşını yaşadır, həm də gələcək nəsillər üçün nümunə olur.
Müasir qadınlar mədəniyyətin daşıyıcıları kimi musiqi, rəqs, əl işləri və milli ənənələri qoruyur, həmçinin yeni layihələr vasitəsilə onları gələcək nəsillərə çatdırırlar. Onların təşəbbüsləri Qərbi Azərbaycan mədəni irsinin həm yerli, həm də beynəlxalq səviyyədə tanınmasına xidmət edir.
Gender perspektivindən regional və milli layihələrdə iştirak və qadınların humanitar diplomatiya və ictimai fəallıq sahəsində önəmi:
Qadınlar təhsil, mədəniyyət, sosial dəstək və humanitar təşəbbüslər sahəsində regional və milli layihələrin aparıcı iştirakçılarıdır. Onlar layihələrin təşkili, icrası və nəticələrinin qiymətləndirilməsində fəal rol oynayaraq, qadın perspektivini qərar qəbuletmə proseslərinə daxil edirlər. Bu, layihələrin sosial effektini artırmaqla yanaşı, cəmiyyətdə qadınların səlahiyyətlərinin və imkanlarının tanınmasını təmin edir.
Qadınların ictimai fəaliyyəti də genişdir: sosial layihələrdə iştirak, mədəni tədbirlərin təşkili, gənc nəsil üçün təhsil proqramlarının həyata keçirilməsi və humanitar yardım fəaliyyətləri onların cəmiyyət üçün əvəzsiz rolunu göstərir. Bu fəaliyyətlər qadınların liderlik potensialını nümayiş etdirir və gender bərabərliyinin təşviqinə xidmət edir.Qərbi Azərbaycan qadınları humanitar diplomatiyada fəallığı və ictimai fəaliyyətləri ilə keçmişin yaddaşını qorumaqla kifayətlənmir, həm də gələcək nəsillər üçün bir nümunə yaradır, cəmiyyətin inkişafında aparıcı qüvvə olurlar.
Tövsiyələr:
Qərbi Azərbaycan qadınlarının tarixi və humanitar rolu haqqında araşdırmaları artırılaraq, onların yaşadıqları faciə və dözümlülüyün daha geniş ictimaiyyətə çatdırılması, Diaspor və yerli təşkilatlarda qadınların təşəbbüskarlığının dəstəklənməsi, mədəni və humanitar layihələrdə iştiraklarının təşviq edilməsinin aktuallığını qorumaq. Təhsil proqramlarına qadın perspektivinin daxil edilməsi, gənc nəsildə tarixi və mədəni yaddaşa diqqətin humanitar və ictimai fəallığın təşviqi.
Qadınların acı tale hekayələri və xatirələrinin arxivləşdirilməsi və gələcək nəsillərə çatdırılması, bu vasitə ilə tarixi və mədəni irsin qorunmasının təmin edilməsi vacibdir.
Qərbi Azərbaycan qadınlarının yaddaşlarda qoruduğu irs, gələcək üçün dəyərli bir resurs və nümunə olaraq qalmaqdadır.
s.e.f.d.Gülgün Mübariz Quliyeva
Bakı Dövlət Universiteti



