Ədəbiyyat Günel Natiqqızı Xəbərlər

Günəbaxan

İyunun son günü. Çox vaxt gecələr düşündüyüm sadə sualıma cavabı səhərin erkənində axtarıram. Şəhərin tələsik addımları içində özümü itirmədən, necə bir yazı yazım deyə düşünərək keçidi keçirəm. Hər mövsüm səkini fərqli rənglərlə, ətirlərlə bəzəyən gül satan dayının yanında ayaq saxlayıram. Narıncı çobanyastığılarını görüb, onların arasında günəşin rəngini özündə daşıyan günəşin dostunu axtarıram. Öz-özümə düşünürəm:

– Günəbaxan da olsa, nə maraqlı olardı. Günəşi izləyən həmin çiçəklər səhər mənzərəsini tamamlayardı.

Başımı qaldırıb satıcının təəccüblü baxışını görəndə fikrimi ürəyimdə yox, elə dilimdə də səsləndirdiyimin fərqinə varıram. Ancaq qəribə görünsə də, sevginin sirrini məhz günəbaxanlardan da öyrənə bilərik:

Günəşin sədaqətli dostu olan günəbaxan, əslində, minlərcə xırda çiçəyin bir araya gəlməsindən yaranır. Görünüşü sadə olsa da, içində zəriflik daşıyan davranışlarla böyüyən sevgi kimi…

Onun ilk toxumunun adı “maraq” olur. Torpağın altında sakitcə dayanıb cücərməyi gözləyən, hər zərrəsi ilə bir başqasının dünyasına toxunmaq istəyən o ilk təlaş. Bu toxumun yaratdığı duyğudan isə “Səni tanımaq istəyirəm” boy atır. İki ruhun bir-birinə yaxınlaşması, fərqli dünyalarına boylanaraq işıq saçması kimi.

Zaman irəlilədikcə çiçəyi var edəcək başqa bir toxum cücərir. Onun adı isə “Sənin üçün darıxıram” olur. Zülmət gecələrin birində həmin toxum öz qabığını çatladıb günəşə doğru üz tutur. Hər saniyənin içində birinin izini, nəfəsini, ruhunun səsini axtarır.

Fəsillər ötür, günlər bir-birini əvəz edir. Nəhayət, çiçəyin içində “Sənə güvənirəm” toxumu baş qaldırır. Kökləri ilə torpağın dərinliyinə bərk-bərk sarılıb özünün ən gizli tərəflərini ruhuna toxunan birinə əmanət edir.

Nəhayət, çiçəyin içində “Sənə güvənirəm” toxumu baş qaldırır. Onu tamamlayan son toxumun adı isə “Səni anlayıram” olur. Ləçəklərin günəşə olan o şərtsiz, sözsüz yönəlməsi kimi bu toxum da izah etməyə ehtiyac qalmadan, insanın baxışındakı o gizli mənanı belə cümlə-cümlə oxuya bilməklə cücərir. Beləcə, kiçik görünən bu toxumlar bir-birinə sığınaraq çiçəyi böyüdür. Onun üzünü günəşə sarı çevirib “Səni sevirəm”ə çevrilir.

Bakı, 30 iyun 2026-cı il.