Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) valideynləri övladlarını Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyadan uzaqlaşdırmağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə idarənin açıqlamasında deyilir.
“Müxtəlif kütləvi informasiya vasitələri görüş və nümayişin keçirildiyi yerdə balaca uşaqların iştirakı ilə bağlı görüntülər yayır. Gürcüstan qanunlarına görə, bütün uşaqlar dinc toplaşmaq azadlığından istifadə etmək hüququna malikdirlər. Lakin indiki hərəkətlər dəfələrlə dinc toplantı çərçivəsindən kənara çıxıb, zorakı xarakter alıb”, – məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyi onu da əlavə edib ki, parlament binası qarşısında etirazçılar pəncərələri sındırır, içəriyə tezalışan maddələr atırlar, daha sonra yanğın törətmək üçün içəriyə fişənglər atmağa çalışırlar.
Qeyd edək ki, Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti aksiya keçirilir. Minlərlə insan hökumətin istefasını və təkrar parlament seçkilərinin təyin edilməsini tələb edərək parlamentin qarşısına, Rustaveli prospektinə çıxıb. Etirazçıların sayı əvvəlki günlərlə müqayisədə xeyli azdır.