Yaxın Şərq 7 oktyabrdan bu tərəfə tikan üstündədir desək, yanılmarıq. 7 oktyabr səhəri əvvəlcə HƏMAS-ın İsrailə hücumu və İsrailin də bir neçə saat sonra Qəzzaya hücumu Yaxın Şərqdə Yom Kippur müharibəsindən sonra vəziyyəti ən kritik həddə çatdırdı. Belə ki, Qəzza zolağında başlayan HƏMAS və İsrail arasındakı müharibə bölgədə daha geniş müharibə riskini heç olmadığı dərəcədə artırdı və bu toqquşmanın sadəcə Qəzza zolağında qalmadığını çox açıq şəkildə görməyə başladıq. Yəməndəki Husilər, Livandakı Hizbullah qruplaşması, İraqdakı Haşdi Şabi gücləri aktiv şəkildə HƏMAS-ın yanında yer almağa başladı.
Belə ki, Livanın cənub sərhədi ilə İsrailin şimal sərhədi arasında Hizbullah və İsrail ordusu arasında tez-tez toqquşmalar yaşandı. Suriyadakı və İraqdakı İrana yaxın qruplaşmalarla Qolan bölgəsində tez-tez toqquşmalar yaşandı və Husilər Qırmızı Dənizi əvvəlcə İsrail gəmilərinə, sonra İsrailə yük daşıyan bütün gəmilərə bağladı. Daha sonra isə birbaşa İsrailə ballistik raket və dronlarla hava hücumları təşkil etməyə başladılar. Bütün bunlara, təbii ki, İsrailin və onun müttəfiqləri ABŞ, İngiltərə və digər Qərb ölkələrinin cavabı sərt oldu. Yəmən torpaqları bombalandı, Aralıq dənizinin şərq sahillərinə ABŞ donanması yerləşdirildi. İsrailə yönəlik hərbi dəstək getdikcə artırıldı. İsrailə yönəlik hərbi dəstəyin artırılması, xüsusən Hizbullahın və Husilərin əsas müttəfiqi olan İranın da aktiv şəkildə bu toqquşmalarda iştirak etməsinə zəmin təşkil yaratdı.
İranın Yaxın Şərq siyasətinə diqqət yetirdikdə görürük ki, Tehran bölgədəki silahlı qruplarla münasibətlər qurmaqla bölgədə öz mövqeyini gücləndirməyə çalışır. İranın öz mövqelərini gücləndirməsindən əsas narahat olan ölkə isə İsraildir.
İsrail və İran arasında daimi olaraq siyasi-ideoloji, bəzən də hərbi münaqişələr yaşanır. İranın Suriya səfirliyinə İsrailin hücumu və Tehranın cavab olaraq İsrailin hərbi bazalarına hücumu bölgədə bir daha “İran-İsrail mühabirəsi başlayır mı?” sualını ortaya çıxardı.
Lakin hər iki tərəf ehtiyatlı davrandı və xüsusən üçüncü tərəflərin təkidləri nəticəsində Tehran və Tel-Əviv arasında müharibə olmadı. Bundan sonra bölgədə gözlənilməz bir hadisə baş verdi. İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisi helikopter qəzasında həlak oldu.
Bundan sonra İranın başı bir daha daxili işlərinə qarışdı. İranda növbədənkənar prezident seçkiləri keçirildi və bu seçkilərdə xalq arasında hörmət qazanmış, milliyətcə azərbaycanlı olan Məsud Pezeşkian qalib gəldi.
Şübhəsiz ki, Pezeşkian siyası dəst-xəttinə görə Rəisidən fərqlənən bir simadır. Belə ki, o, Qərb və bölgə ölkələri ilə daha aktiv dialoqun tərəfdarıdır. Bölgədə gərginliyin deyil, sakitliyin tərəfdarıdır.
Biz bunu onun çıxışlarından və vaxtilə Məhəmməd Xatəmi administrasiyasının üzvü olduğu dövrdən açıq-aşkar görə bilirik. Pezeşkianın Prezident seçilməsi Yaxın Şərqdə İsraillə İrana yaxın qüvvələr arasında toqquşmaların alovlanması, bölgədəki gərginliyin daha da artması riskini canlandırır.
İranın yeni Prezidentindən gözləntilər o idi ki, xarici siyasətdə yeni manevrlər etsin. Belə ki, o seçki kampaniyası dövründə bölgədə sülh və əmin-amanlıqdan danışırdı. İsrail-Fələstin münasibətlərinə çox da yer ayırmırdı. Daha çox İranın iqtisadi və daxili problemlərindən, ABŞ-ı qeyd etməsə də, Avropa ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasından danışırdı. Dolayısıyla Qərb ölkələri ilə Nüvə sazişinin yenidən bağlanmasına işarə edirdi.
İranla Avropa ölkələri arasında münasibətlər normallaşarsa, bu Yaxın Şərqdə bir çox şeyi dəyişdirə bilər.
Lakin dünənki sui-qəsd Pezeşkianın prezidentlik müddətinin çox da xoş olmayan bir hadisə ilə başlamasına səbəb oldu. Bu sui-qəsd onun fəaliyyətinin ilk günündən İsrail və onun tərəfdaşları üçün daha radikal mesaj verməsinə səbəb oldu.
Digər tərəfdən bir müddətdir ki, Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında görüşmələr həyata keçirilir. Bu da Vaşinqton və Tehran arasında münasibətlərin yenidən istiləşməsinə səbəb ola bilərdi. Belə olan təqdirdə İsrailə Qərbin dəstəyi azala bilər və İsraili sülhə məcbur edə bilərdilər.
Bu gün isə İsrail sülhə çox da can atmır. Çünki İsrail fərqindədir ki, HƏMAS və ona yaxın qüvvələr hələ ki, tam olaraq məğlubiyyətə uğramayıb. Qəzzada hələ də anti-İsrail qüvvələr aktiv şəkildə fəaliyyətlərini davam etdirirlər.
Digər tərəfdən İsrail bu gün şimaldan Hizbullahla Qolan təpələrində döyüşür. Eyni zamanda Suriya və İraqdakı İrana yaxın qruplaşmalarla mübarizəsini aktiv şəkildə davam etdirir. İsrail istəyir ki, bölgədə müharibənin davam etdiyi reallıqda cəbhəni daha da genişləndirsin və bu müharibə vasitəsilə öz düşmənlərini məhv edə bilməsə də, zəiflətsin. Lakin belə bir müharibəni davam etdirmək nə İranın, nə də ABŞ-ın marağında deyil. Cəbhə genişlənərsə, müharibə daha da uzanacaq.
İsmayıl Haniyənin öldürülməsi bu planın tərkib hissəsi idi. Bu hadisə ilə İsrail özünün bir neçə məqsədinə çatdı. İlk olaraq, İranın İsrail mövzusunda radikallaşmasına zəmin hazırladı, həmçinin Tehranda belə bir sui-qəsdin baş verməsiylə İranın daxilində siyasi qarşıdurmaları daha da gücləndirə bilər. Həm də İsrail HƏMAS-ı, Hizbullahı və onlara yaxın digər qüvvələri daha da qızışdırdı.
Və bu qüvvələr atəşkəs fikrindən uzaqlaşdılar. Belə olan təqdirdə İsmayıl Haniyə sui-qəsdinə cavab verilməmiş, bu məsələlərin yekunlaşmasını gözləmək bir az sadəlövhlük olar.
Hadisələrin gedişatını məhz Tehranın hansı addımlar atacağı müəyyənləşdirəcəkdir.
Çünki bundan öncə Suriya səfirliyinə edilən hücuma İran düşünülmüş cavab vermişdi. İran Qəzzadakı müharibənin genişlənməsini istəmir. Çünki İran iqtisadiyatının, sənayesinin müəyyən problemləri var və İran bu problemlərlə birlikdə müharibəyə başlamaq niyyətində deyil. Buna görə də İsrailə qarşı hansı addım atılacaqsa, hadisələrin bundan sonrakı gedişatını da o göstərəcək. Əgər İran yenə hesablanmış bir addım atarsa, münasibətlər Qərblə çox da pozulmayacaq, hətta Yaxın Şərqdəki sülh prosesi bir az daha sürətlənə bilər. Yox tam əksi olarsa, İran administrasiyası daha radikal addımlar atacaqsa, Yaxın Şərqdəki proseslər daha da qızışacaqdır.
Kazım Kazımov