“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Bəxtiyar Vahabzadənin “Baş” şeiridir. Xoş mütaliələr!
Qəribə aləmdir… zəmanəmizdə
İdrak təbiətlə yarışa girmiş…
Böyrək də,
ürək də,
qulaq da,
göz də
Bədəndən bədənə köçürülərmiş…
Bir maşın sahibi gərək olanda
Sınan hissələri alır dükandan.
Deyirəm, insanın əzaları da
Aptekdə satıldı, bəlkə, bir zaman.
Azmıdır insanın məgər dərd-səri?
Bu da bəşər üçün təzə təhlükə!
Hazır fikirləri, düşüncələri
Başlara doldurub satdılar, bəlkə?
Böyrəyi, ürəyi dəyişmək asan.
Bəs başı?
Bu yerdə bir qədər dayan!
Hər şeyi dəyişir, axı, baş, beyin.
Baş özü, başları necə dəyişsin?
İnsanın adına, şərəf-şanına,
Deyirəm, gəlməzmi bundan bir ləkə?
Bir nadan güvənib öz imkanına
Dahinin başına göz dikdi, bəlkə?
Ey həkim, gücünə inansan da,
Dahinin beyninə qan sızdı birdən
Cahil də qəzaya düşdü həmən gün.
Cahilin başını öz bədənindən
Ayırdıq dahini yaşatmaq üçün!
Nə deyək?
Kim öldü?
Dahi, ya cahil?
Hansına yas tutsun qohum, qardaşı?
Dirilən kim oldu?
Bu ki, sirr deyil,
Dahinin bədəni, cahilin başı.
Dahi, yaşayacaq bir nadan kimi…
Kimi aldadırıq burda, biz kimi?
Cahilin başıyla, düşüncəsiylə
Yaşayan o dahi, yenə dahimi?
Hanı o əvvəlki əqidə, məslək?
Əgər fikri yoxsa, özü sağmıdır?
Yaşamaq xətrinə fikri dəyişmək –
Məsləki dəyişmək yaşamağındır?..



