Xəbərlər

Həftənin seçilmiş şeiri – Zərrə

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Nəriman Həsənzadənin “Zərrə” şeiridir. Xoş mütaliələr!

Fikirlər dolaşıb keçir başımdan,
məni yer çağırır, torpaq səsləyir.
Əyilib keçirəm söyüdün altından,
budaq dilə gəlir, yarpaq səsləyir.

Torpağam, torpağa qarışmamışam,
nə vaxtsa, torpağa çevrilməliyəm.
Yarpağam, yarpağa qarışmamışam,
nə vaxtsa, yarpağa çevrilməliyəm.

Nəfəsim ətirdir çəmənin, düzün,
mən bu torpağınam, bu torpaq mənim.
Dünyadan getməyim, yenə də bir gün
dünyaya gəlməyim olacaq mənim.

Yerdən bitəcəyəm təzə ot kimi,
o günlər uzaqdı, yəqin uzaqdı.
Bəlkə, bir salxımım bu söyüd kimi
kiminsə çiyninə toxunacaqdı?

Hər yaş bir ömürdü…uzun, ya qısa,
küləyin qanadı, yelin səsiyəm.
Mən hansı bostana, hansı bağasa,
bir vaxt gübrə kimi səpiləsiyəm.

Demə silinəcək keçdiyim yol, iz,
Əbədi yaşayan dünyada nədi?
Bəlkə, yüz il sonra çıxacaq filiz,
ya başqa bir “uran” hələ məndədi.

Gəzəri torpağam bu torpaq üstdə,
məndə qərar tutub mənsiz bir aləm.
Dünya zərrələrdən ibarət isə,
böyük kürəmizin zərrəsi mənəm.